Ramiz Mehdiyev: Postsovet məkanı mübarizə meydanına çevrilib

“Bu, söz azadlığı deyil, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, bəlkə də sadəcə həyasızcasına təhrikçilikdir”

Source:


“Bu, söz azadlığı deyil, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, bəlkə də sadəcə həyasızcasına təhrikçilikdir”

“Azərbaycan” qəzetinin 29 oktyabr sayında Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” adlı məqaləsi çap olunub.

Məqalədə bildirilir ki, dünya birliyində bipolyar sistem dağılandan sonra gələcək qlobal təhlükəsizlik və qarşılıqlı fəaliyyət haqqında eyforiya hiss edilməyə başlayıb: “Alimlərin, analitiklərin, jurnalistlərin çoxu beynəlxalq münasibətlərdə “güc epoxası”nın başa çatdığını bildirdilər. “Soyuq müharibə” başa çatanda dünya birliyi demokratiyanın, azadlığın və bütün dövlətlərin bərabərliyinin təntənəsi şəklində bəyan edilmiş məqsədlərə nail olmağa kökləndi”.

R.Mehdiyev yazır ki, birqütblü dünya şəraitində tarazlığın olmaması dövlətlərin bir-birindən ciddi ayrılması, yeni sərhədlər müəyyən edilməsi, dünyanın müxtəlif regionlarında eksperimental ssenarilərin köməyi ilə qanuni seçilmiş hökumətlərin zorla devrilməsi prosesində güc tətbiq edilməsi presedentləri yaratdı. ABŞ və onun müttəfiqləri təhlükəli özbaşınalıq presedentləri yaradaraq beynəlxalq hüququn tələblərinə nümayişkaranə şəkildə məhəl qoymamağa başladılar. Bu gün həmin presedentlər dünyanın ayrı-ayrı yerlərində müdhiş parçalayıcı əks-səda verir: “Regional və kontinental dövlətlər ABŞ-ın metodlarını onun özünə qarşı tətbiq etməyə, beləliklə xaos məkanını genişləndirməyə, Qərb ilə Şərq arasında eskalasiyanın artdığı şəraitdə təmas nöqtələri axtarışını mürəkkəbləşdirməyə başladılar. İkili standartlar siyasətinin hər yerdə tətbiq edilməsi, “soyuq müharibə” dövrünün blok təfəkkürünə qayıdış və bunun təsiri altında Qərbin Şərq qütbü boyunca hərbi-siyasi təsirinin yayılması onunla nəticələnib ki, Şərqi Avropanın və postsovet məkanının bəzi kiçik dövlətləri bu eskalasiyanın qurbanlarına  çevrildi və çevrilməkdədir. Qondarma “rəngli inqilablar”la bağlı siyasi və sosial-iqtisadi eksperimentlər, müəllifi Qərb dövlətləri və onlara xidmət edən institutlar olan düşünülməmiş qloballaşma siyasəti, digər dövlətlərin və bütöv regionların inkişafının regional, mədəni, dini, tarixi determinantlarına məhəl qoyulmaması qlobal miqyasda konfliktlərin və qeyri-sabitliyin artmasına gətirib çıxarıb”.

Ramiz Mehdiyev daha sonra yazır ki, Azərbaycan bütün tərəfdaşları, o cümlədən Avropa İttifaqı ilə yalnız bərabərhüquqlu dialoqu qəbul edir: “Lakin “Şərq tərəfdaşlığı” problemi təkcə fərdi yanaşmanın olmamasından ibarət deyil. Müxtəlif siyasi və sosiomədəni ənənələri olan ölkələrdə Avropa inteqrasiyasının baza normalarının, ideya və prinsiplərinin səmərəsiz və səhv implementasiyası bu layihənin zəif bəndidir. Bu xüsusiyyəti anlamadan qonşuluq siyasəti çərçivəsində Aİ-nin yeni təşəbbüslərinin səmərəli və uğurlu olacağını gözləməyin mənası yoxdur”.

Administrasiya rəhbəri Azərbaycanda demokratiya məsələsinə də toxunur və qeyd edir ki, ölkədə demokratiya qurmağa yalnız 25 il bundan əvvəl başlanıb: “Ölkəmizin müstəqillik, demokratikləşmə və hüquqi cəmiyyət qurulması yoluna inamla qədəm qoyduğu vaxtdan o qədər də çox keçməyib. Gəlin, Fransa, Almaniya və Britaniyanın demokratik dövlətlərə çevrilməsi, bu yola çıxmaları üçün onlara neçə əsr lazım gəldiyini yada salaq. Biz isə bu yolun yalnız başlanğıcında olduğumuz halda həqiqətən möhtəşəm sıçrayış etmişik. Azərbaycan Qərb üçün mühüm tərəfdaş olub və tərəfdaş olaraq qalır. Biz qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik. Marionetka statusu istisna edilir”.

“Yeni müstəqil dövlətlərin yerləşdiyi coğrafi məkanlar mübarizə meydanına çevrilib. Mənafelərin kəskin toqquşması vahid iqtisadi şəraitə məhvedici təsir göstərir. Böhranın dərinləşməsi və beynəlxalq hüququn nəzarətindən kənarda qalan qaynar regionların əmələ gəlməsinə şərait yaradılması suveren milli qurumların inkişafı prosesinə hədsiz ziyan vurur, qarşıdurma vəziyyətində olan tərəflər arasında kompromislər axtarışı vəziyyətini son həddə qədər kəskinləşdirir”,-deyə Mehdiyev bildirib.

Ana səhifəXəbərlərRamiz Mehdiyev: Postsovet məkanı mübarizə meydanına çevrilib