Ramin Deko: “Media kapitanları siçan kimi yuvalarına girib”

Ramin Deko. İllüstrasiya: Meydan TV

“Meydan TV işi”nə görə həbs edilən reportyor Ramin Deko təcridxanadan yazır. Yazını olduğu kmi təqdim edirik:

“O məmləkət xoşbəxt və azaddır ki, onun mətbuatı xoşbəxt və azaddır” – deyən M.Ə. Rəsulzadənin bu gün nə vətəni xoşbəxtdir, nə mediası azaddır. Jurnalistləri yüz bir bəhanəylə həbs edilən diyarda mətbuat necə azad ola bilər? Öncə müstəqil qəzetləri ya satın alıb özünküləşdirdilər, ya da müstəqilliyin ilk qaranquşu olan “Azadlıq” qəzeti kimi qapatdılar. Sonra növbə azad və alternativ internet televiziyalarına çatdı. Meydan TV, “Azadlıq” qəzeti, “AbzasMedia”, “Azadlıq” radiosu, Argument.az, “Basta” və bu kimi internet resurslarının ölkədən girişini yasaqladılar. Gördülər yenə alternativ yol taparaq medialar xalqa xəbəri çatdıra bilir, daha asan yola əl atdılar: əməkdaşlarını ya sürgünə, ya da həbsə göndərdilər. 

İndi əllərində çəpik çalan beş-altı televiziya, 10-15 qəzet və sayt var. Onların da səsi, sözü Biləcəridən o yana eşidilmir. 

Televiziyalarda bir qrup müğənniyə efir embarqosu qoymaqla, verilişlərdə canlı musiqiləri artırmaqla, manısların donlarının ətəyini uzatmaqla sanki hər şeyi qaydaya saldıqlarını düşünürlər. Öz aləmlərində bu cür yasaq və yeni qaydalarla televiziyaları baxımlı etdikləri qənaətindədirlər. Bu gün əli internetə çatan adam sosial şəbəkələrə baş vurur. Şikayətini, sözünü orada deyir, çünki Azərbaycan televiziyaları onların problemini işıqlandırmaq iqtidarında deyil. 

Soyuducusu boş olan vətəndaş TV-də bunun nəyini görürsə, yalançı vətənpərvərliyi, saxtakarlığı eşidirsə, doğru, dürüst xəbər almırsa, qarşılaşdığı problemi tam fərqli formada seyr edirsə onun mənzilində televizorun bir aksesuardan fərqi yoxdur. Cehizin bir elementidir. 

Televiziyaların xəbər siyasəti yoxdur. İcazəli bəzi məlumatları, onu da alayarımçıq verirlər. Bir saatlıq yağan yağışdan sonra ölkəni gölməçələr diyarına çevirən kanalizasiyalardan danışır, çəkirlər. Plintusları “jek” səviyyəsindən yuxarı yüksəlmir. İllərdir kiçik problemin öhdəsindən gələ bilməyən hökuməti sorğulaya bilmirlər. Əksinə, yağışa da “Allahın işi”dir deyib allahsızlıq, haqsızlıq edirlər. Budur Azərbaycan televiziyaları. Onların nə normal xəbər proqramı, nə sənədli filmləri, nə də düz-əməlli tok-şouları var. Canlı verilişləri belə iki-üç dəqiqəlik gecikməylə efirə verirlər. Birdən kimsə icazədən kənar söz deyər. Bu müddət də həmin “lazımsız” ibarələri kəsmək üçündür. 

Çal-çağır, yemək verilişləri, xınayaxdı, müğənni didişmələri – Azərbaycan televiziyalarının ana xəttidir. Sanki şadlıq evindəsən – yeyirsən, oynayırsan, çəpik çalırsan. 

Azərbaycan televiziyalarında dəqiq olan bir şey var: O da xəbərlərin başlanma saatı, qalan hər şey imitasiya, sifariş və yalandır. 

Qədim Romada qullara çörək və tamaşa verilirdi. 21-ci əsrdir, amma Azərbaycan Qədim Roma qanunlarıyla yaşayır. İndi bizdə beşinci əsrdir, 1600 il geridən gəlirik.

İllər öncə “Media Kapitanı” ibarəsi var idi. Bəli, düz oxudunuz “var idi”. İndi yoxdur. Gəmi batanda onu birinci siçanlar tərk etdiyi kimi həmin o media kapitanları siçan kimi yuvalarına girib hökumətdən gələn paket və imtiyazları gəmirirlər. Budur bugünkü Azərbaycan Mediası. Həm var, həm yox. Yox olanlar var olanlara şər ataraq öz varlıqlarını ağalarına göstərirlər.

Ramin Deko

Ana səhifəTövsiyəRamin Deko: “Media kapitanları siçan kimi yuvalarına girib”