İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müdafiə Xətti” insan haqları müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərova hökm oxunub.
Prosesə hakim Aygün Qurbanova sədrlik edib.
Məhkəmənin qərarı ilə Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, daha öncə dövlət ittihamçısı Səfərovun 9 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.
Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
Səfərov 2015-ci ilin dekabrında Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqlayandan sonra korrupsiya ittihamı ilə həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılmışdı.