Quzu ətində bahalaşma var

Ət dükanı, leshiy985/shutterstock

Fermer: “Yəqin ki, quzu ətinin kiloqramı 20 manatadək bahalaşacaq”

Son bir neçə gündür quzu ətinin kiloqramında 50 qəpik artım var. Diri çəkidə də qiymətlər artıb.

Beyləqanlı fermer Seymur Abbasov deyir ki, mal əti də bahalaşıb. Rayon mərkəzində quzu əti 16 manata satılıb. Fermerin sözlərinə görə, bir neçə rayonda yoncanın da qiyməti artıb.

Yəqin ki, quzu ətinin kiloqramı 20 manatadək bahalaşacaq. Rayonlarda əvvəlki kimi mal-qara saxlayan yoxdur. Mənim həm xırdabuynuzlu, həm də iribuynuzlu heyvanım var. Amma artıq sərfəli deyil, son beş-altı ildə mal-qaranı satmaqda çətinlik çəkirəm”,- fermer söyləyib.

Bərdədə də ət kəsimi yerlərində quzu əti bahalaşıb. Satıcılar deyirlər ki, diri çəkidə qiymət artdığından ət bahalaşır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ildə Azərbaycanda qoyun və quzuların sayı 808 min və ya 10 faiz azalıb. Bu, son 10 il ərzində qeydə alınmış ən aşağı göstəricidir. Bu ilin aprelinədək olan məlumata görə, fermerlərin ümumilikdə 7 milyon 360.8 min ədəd qoyun və keçisi var. Birinci rübdə qoyun və keçilərin sayı 5 faiz azalıb. Bu ilin əvvəlində sümüklü ətin qiyməti 14 manata qədər yüksəlib.

Xalid Kərimli. Foto: “vergiler.az”

İqtisadçı Xalid Kərimli Meydan TV-yə bildirib ki, heyvan bazarı birja kimi fəaliyyət göstərmir, mövsüm və ya yemin qiyməti ətin dərhal ucuzlaşmasına təsir etmir.

Çünki heyvanın yetişdirilməsi illər tələb edir və fermerin xərcləri son illər daha da artıb. Ət bazarında qiymətləri hökumət tənzimləmir. Ət bazarında qiymətlər tələbata uyğun müəyyənləşir”, – mütəxəssis söyləyib.

X.Kərimli hesab edib ki, ətin bahalaşmasına Rusiya-Ukrayna müharibəsi də təsir göstərib.

Belə ki, əvvəllər Ukraynadan, Rusiyadan ucuz ət idxal edilib. Hazırda idxal edilən ət də bahalaşıb və qiymətlərə idxal olunan ətin qiyməti təsir edir.

Ana səhifəİqtisadiyyatQuzu ətində bahalaşma var