Qusar sakini: Məni evimdən çıxarsalar özümü yandıracam

Məhkəmə qərarından belə məlum olur ki, həmin vaxt evdə və torpaq sahəsində heç kim, nə uşaqlar, nə də qadın qeydiyyatda olub.

Source: meydan.tv


''Yoldaşım rəhmətə gedəndən sonra qaynımla arvadının mülk üstündə başıma açmadıqları oyun qalmayıb''

“İyirmi ildir ki, bu evə gəlin köçmüşəm. Rəhmətlik həyat yoldaşımın dörd uşağına analıq etmişəm. Üç qızı ərə vermişəm, indi də oğlumla birgə yaşayırıq. Bu uşaqlara analarının yoxluğunu hiss etdirməmişəm. Həyat yoldaşım 2014-cü ildə rəhmətə gedəndən sonra Rusiyada yaşayan qaynım Dəmir Paşayevin ailəmizə qarşı qəsd-qərəzi başlandı. Bizə məxsus 25 sot torpağı və qayınatamdan qalan ikimərtəbəli köhnə evi öz adına sənədləşdirib, indi də məni küçəyə atır. Qalmışam aralıqda, kimsəsizəm, harayıma yetən yoxdur”.

Qusar rayonu, Əvəcuq kənd sakini Təyyarə Salmanova Qədmulla qızı Meydan TV-yə belə deyir.

image_from_ios (4).jpg
ev

Onun sözlərinə görə, 1999-cu ildə 38 yaşında Rüfət Paşayev Paşa oğlu ilə ailə qursa da, rəsmi nikahı olmayıb. Həyat yoldaşının vəfatından sonra evlə bağlı problemləri yaranıb:

“Rəhmətlik ərim içki düşkünü idi. Birinci arvadı öləndən üç il sonra mənimlə evləndi, amma rəsmi nikaha girmədik. Onun dörd uşağına analıq etdim, böyütdüm. Uşaqlar da sağ olsun, məni anaları kimi istəyirlər. Ərimin sağlığında evimizə kağız gəldi ki, bəs həyətyanı sahəmiz və ev qaynım Dəmirin adına keçirilib. Ərim də qaynıma dedi ki, bundan sonra əl-ələ verib, yaşayaq, bu torpaq həm sənin, həm də mənim balalarımındır. Qaynım Rusiyada işləyirdi, gəlib həyətin bir hissəsində ev tikdi. Yoldaşım rəhmətə gedəndən sonra qaynımla arvadının mülk üstündə başıma açmadıqları oyun qalmayıb. 2017-ci ildə məlum oldu ki, o, torpağın 18 sotunu baldızı Namizə Əsgərova Hüseyn qızına satıb. Necə olur ki, bizim ata-baba ocağımıza Avaran kəndindən olan hansısa qadın sahib çıxır? Dəfələrlə iş polis və digər orqanlara gedib çıxıb. Lakin övladlarım da, mən də kimsəsiz olduğumuzdan bizi eşidən yoxdur. Həyətin ta o başında özləri üçün bir ev tikiblər, gəl görəsən. Sağlıqlarına qismət, bəs məndən nə istəyirlər? Uçuq-sökük damın altında yaşayıram”.

image_from_ios (7).jpg
Təyyarə Salmanova

Şikayətçinin sözlərinə görə, Rüfət Paşayevin övladları da əmilərinin addımına qarşı çıxıblar:

“Qızlar etiraz etdi, çox söz-söhbət oldu. Əmilərindən soruşdular ki, anamız və qardaşımız burada yaşadığı halda necə olub, sən torpağı satmısan? O da dedi ki, sizin bu evdə payınız yoxdur. Qusar Rayon Məhkəməsinin qaynımın xeyrinə çıxardığı qərardan sonra Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verdim. Yenə də iş onların xeyrinə oldu. İşimizə baxmırlar, bizi saya salan yoxdur. Qızım da məhkəməyə müraciət etmişdi, sənədlərini geri qaytarıblar, qəbul etmirlər. Bir sözlə, bizi evimizdən çıxarmaq istəyirlər. Xəbərdarlıq məktubu gəlib ki, bu ay evi boşaldım. Axı mənim gedəsi yerim yoxdur. Necə olur ki, Rusiya vətəndaşına burada yer verirsiniz, mənim oğlum gedib, Beyləqanda əsgəri xidmət göstərib, ona niyə yer vermirsiniz? Verin də, mən Azərbaycan vətəndaşıyam. Pul verib, saxta sənədlər düzəltməklə bu iş olmur axı. Əgər ədalət varsa, bizim üçün də işləsin. Qanun ancaq pullu adamlara işləyir, kasıblara yox. Evə benzin alıb qoymuşam. Sabah gəlib məni çıxarsalar, üstümə töküb, od vurub, özümü də, evi də yandıracağam”.

Məhkəmə qərarları və şikayətçinin təqdim etdiyi sənədlərlə tanış olan vəkil Əsabəli Mustafayev Meydan TV əməkdaşına məsələni şərh edib.

image_from_ios (6).jpg
ev

Bildirib ki, Təyyarə Salmanova və övladları həmin evdə və torpaqda heç bir vərəsəlik hüququna malik deyillər:

“Məhkəmə qərarından belə məlum olur ki, həmin vaxt evdə və torpaq sahəsində heç kim, nə uşaqlar, nə də qadın qeydiyyatda olub. Rüfət Paşayev sağlığında torpaq sahəsini və evi qardaşı Dəmir Paşayevə satıb. Sənədlərdən məlum olur ki, kişi evi arvadından və övladlarından xəbərsiz satıb. Qadın uzun illərdir orada yaşasa da, öz günahıdır, Rüfət Paşayevlə rəsmi nikaha girməyib. Rəsmi nikahı olsaydı, qayını torpağı və evi sata bilməyəcəkdi. Bu məsələdə qadına hər hansı bir köməklik göstərmək mümkün deyil. Biz hamıya izah edirik ki, Azərbaycan qanunvericiliyi faktiki nikahı tanımır. Sabah-birigün uşaqlar və qadının özü üçün bu kimi ciddi problemlər yaranacaq. Ona görə də rəsmi nikahın bağlanmasına nail olmaq şərtdir. Rüfət Paşayevin övladları da heç nəyə nail ola bilməyəcək. Məhz buna görə ataları alqı-satqı edərkən, onların razılığını almağa ehtiyac olmayıb. Uşaqlar qeydiyyatda olsaydılar, əmiləri torpaq sahəsini və evi satanda, mütləq razılıqlarını almalı idi. Üstəlik, övladları sonradan məhkəmədən iddia qaldırıb, həmin alqı-satqını ləğv etdirə bilərdilər. Məhkəmə də düzgün qərar çıxarıb. Ədalətli, yaxud ədalətsiz, söhbət ondadır ki, çıxarılan qərar qanunidir. Neyləmək olar, bəzən qanunla ədalət bir yerə sığmır”.

image_from_ios (5).jpg
ev
Ana səhifəBölgəQusar sakini: Məni evimdən çıxarsalar özümü yandıracam