Qubad İbadoğlu: “Ölkənin gəlirləri artıb, əhalisi daha da kasıblaşıb”

Foto: TaniaKitura/shutterstock

Azərbaycanda neft gəlirlərinin 2 dəfədən çox artdığı bildirilir

2022-ci ilin ilk 5 ayında Azəri-Çıraq-Günəşli yatağından 3 828 mln. ABŞ dolları gəlir əldə edilib.

Eyni zamanda, Şahdəniz yatağından əldə edilən gəlir 526,537 mln. ABŞ dolları olub.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaydığı hesabatda belə deyilir.

Bu ilin fevralında Rusiya-Ukrayna arasında başlayan müharibə dünya bazarında neft və qaz qiymətlərinin qalxmasına səbəb olub. Beləliklə, Azərbaycanın 2022-ci il büdcəsində bir bareli 50 dollardan nəzərdə tutulan neftin bareli aylardır ki, 100 dollardan yuxarı qiymətlərə satılır. Yəni Azərbaycan nəzərdə tutulduğundan ikiqat gəlir əldə edir.

İqtisadçı Qubad İbadoğlu da deyir ki, bu ilin 5 ayında Azərbaycanın əldə etdiyi neft gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artıb.

Qaz gəlirlərinə gəlincə, iqtisadçı bildirir ki, bu isə eyni dövrlə müqayisədə 8,5 dəfə artıb:

“Bu vəsaiti hazırkı kursla manata çevirəndə və 5 aya böləndə hər aya 1,5 milyard manat edir. Bu, yalnız Neft Fondunun qazancıdır, bundan başqa, neft qiymtlərinin bahalaşmasından dövlət neft şirkəti və xarici neft-qaz şirkətləri, eləcə də onların mənfəət nefti artdığına görə ödədikləri vergidən büdcə də əlavə olaraq qazanc əldə edir”.

Qubad İbadoğlu hesab edir ki, buna baxmayaraq, gəlirləri artan ölkənin əhalisi daha da kasıblaşıb. Səbəb isə son zamanlar yaşanan qiymət artımlarıdır:

“Qiymətlərin sürətlə bahalaşması insanların xərclərini artırıb. Amma Azərbaycan hakimiyyəti yenə də həmişə olduğu kimi qazancı özü mənimsəyir, xərci isə xalqa yükləyir. Eyni siyasət illərdir ki, davam edir. Hətta belə davam edərsə, yaxın vaxtlarda benzinin qiymətlərinə yenidən baxılacaq, nəqliyyatda gedişhaqqı artacaq. Maliyyə naziri Samir Şərifov demişkən, “Azərbaycanda qazın qiyməti heç nədir”. Bir də görəcəyik ki, qazı da bahalaşdırıblar”.

Qubad İbadoğlu: Foto: Meydan TV

Rəsmi məlumatlardan da görünür ki, Azərbaycanda son 5 ayda Ümumi Daxili Məhsul (ÜDM) 7,2 faiz artıb – 30 mlrd. dollara çatıb.

Neft gəlirləri 2, qaz gəlirləri 8.5 dəfə dəfədən çox artıb.

Rəsmi rəqəmlər bildirir ki, həmin dövr ərzində ərzaq məhsulları da bahalaşıb: 21 faiz.

“İlk 4 ayda büdcədə 2,5 milyard manat profisit yaranıb. Amma hökümət nə maaşları, nə pensiyaları, nə də müavinətləri qaldırıb”, – Qubad İbadoğlu bildirir.

İqtisadçı əlavə edir ki, ölkədə yaşam şərtləri çətinləşib. İqtisadi artım və çoxalan neft gəlirləri ədalətsiz bölünüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin mayında makaron, vafli, peçenye, manna yarması, un, toyuq əti, kolbasa, balıq konservləri, xama, qatılaşdırılmış şəkərli süd, pendir, kərə və bitki yağları, alma, armudun, limon, çuğundur, yerkökü, kartof, şəkər və şəkər tozunun qiyməti bahalaşıb.

Eyni zamanda, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın qiymətində də artım var.

Azərbaycanda bahalaşma dalğası ötən il dizelin qiymətinin qalxması ilə başlayıb.

İlin sonlarına doğru, oktyabrın 16-da Tarif Şurasının qərarı ilə təbii qazın və elektrikin qiymətlərinin artması ilə davam etdi.

Dövlət Statistika Komitəsi
Foto: Meydan tv

Bahalaşmanın 20 faiz olduğu bildirildi. Ardınca kənd təsərrüfatı mallarında, ərzaq məhsulları, ət, un, yağ, meyvə və tərəvəzin qiymətində artım başladı.

Noyabrda “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik qəbul edildi və bəzi dövlət rüsumlarının məbləği artdı. Bura baytarlıq şəhadətnaməsinin verilməsi, nikahın qeydə alınması, mobil cihaz rüsumları, avtomobil qeydiyyat nişanı rüsumu və s. daxildir.

2021-ci ildə isə bahalaşma ət məhsulları və un məmulatlarının qiymətinin artması ilə davam etdi.

Rəsmilər isə bunu dünyada taxılın qiymətinin artması ilə izah edir.

Ana səhifəİqtisadiyyatQubad İbadoğlu: “Ölkənin gəlirləri artıb, əhalisi daha da kasıblaşıb”