Qubad İbadoğlu: Bu qərar post-pandemiya dövrü üçün əhəmiyyət daşıyacaq

Qubad İbadoğlu əlavə edir ki, bu yardım hər bir işsizə ödənilməlidir

Source: Foto: Azərtac


“Çalışmaq lazımdır ki, bu yardım yalnız ehtiyacı olanlara ödənilsin”

Koronavirus ərəfəsində 200 min yox, 600 min insana birdəfəlik 190 manat verilməsi planlaşdırılır. Bu barədə Prezident

İlham Əliyev

aprelin 17-də Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda danışıb.

Prezident deyib ki, əvvəlcə karantin rejiminin aprelin 20-nə qədər davam edəcəyini planlaşdırıblar. Amma indi uzadılacağı barədə düşünürlər.

Yardım üçün müraciət edənlərin sayına gəlincə, İlham Əliyev deyib ki, say kifayət qədər artıb, bununla bağlı təkliflər təhlil edilir və maksimum şəffaflıq təmin olunmalıdır:

“İlkin mərhələdə 200 min insanın dövlətdən yardım alacağı nəzərdə tutulurdu. Ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını 600 minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə dövlət 600 min insana iki ay ərzində hər ay 190 manat verməlidir. Onlar may ayında ikinci ödənişi almaq üçün bank hesabı açsınlar”.

İlham Əliyev deyib ki, bu kateqoriyaya aid insanlar aztəminatlı ailələrin nümayəndələri, koronavirusla bağlı işini itirənlər, qeyri-formal məşğulluqda olan insanlardır. Dövlət onların da problemlərini üzərinə götürür:

“Baxmayaraq ki, dəfələrlə demişəm qeyri-formal məşğulluğa son qoyun. Çünki bu insanlar üçün problem yaradacaq. İşsizlikdən sığorta və işsizlik müavinəti ala bilməyəcəklər. Onlara pensiya və tibbi sığorta da düşməyəcək. Ümid edirəm, bu ağır vəziyyətdən sonra “kölgə iqtisadiyyatı”nda çalışan insanlar bundan çıxmağı dərk edəcəklər. İnsanlar əmək müqaviləsi olmadan işləməsinlər. Əgər hansısa sahibkarlar əmək müqaviləsi imzalamaq istəmirsə, bizə müraciət edin, biz onların dərsini verəcəyik”.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezidentin bu yöndə sualına cavab verib ki, 9 apreldən ödənişlər başlanıb, ilk günlər 10 min insana ödəniş verilirdisə, sonradan bu rəqəm artıb:

“Dünən axşama qədər 140 min insana ödəniş edilib. Ayın sonuna qədər birdəfəlik ödəmə veriləcək şəxslərin gündəlik rəqəmini 25-30 minə çatdırarıq. Çalışacağıq ki, bu ayın sonu-mayın əvvəlində 600 min insanın hər biri bu vəsaiti ala bilsin".

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu hesab edir ki, bu qərar düzgündür. Post-pandemiya dövrü üçün də əhəmiyyət daşıyacaq, məcmu tələbi stimullaşdıracaq və gizli məşğulluğun leqallaşmasına töhfə olacaq.

İqtisadçı deyir ki, indi əsas məsələ şəffaflığın təminatıdır. Odur ki, işsiz kimi müavinət alanların siyahısı dərc olunmalıdır:

“Təklif edirəm ki, bu yardım müddətli yox, daimi olsun. İşsizlər işlə təmin olunana qədər işsizliyə görə sığorta ödənişi alsınlar. İndiyə qədər qeydiyyatdan keçməyən işsizlər müraciətlərini davam etdirsinlər”.

78309566_10218390598228031_2732151013359222784_n.jpg
Qubad İbadoğlu

Qubad İbadoğlu əlavə edir ki, bu yardım hər bir işsizə ödənilməlidir:

“İşsizlərin qeydiyyatı davam edir. Odur ki, qeydiyyatdan keçməyənlər e-sosial.az saytdında qeydiyyatdan keçsinlər”.

İqtisadçı sonda təklif edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi müavinət alanların siyahısını dərc etsin. Onun fikrincə, bu, şəffaflığın təmin edilməsi üçün vacibdir:

“Çalışmaq lazımdır ki, bu yardım yalnız ehtiyacı olanlara ödənilsin. Ödənişlər şəffaf və hesabatlı olmalıdır”.

İqtisadçı Nemət Əliyev isə deyir ki, ölkədə işsizlərin sayına dair hökumətin 13 gün əvvəl elan və təsdiq etdiyi göstərici ilə İlham Əliyevin dünən elan etdiyi göstərici arasında 3 dəfə fərq var:

“Sən demə, işsizlərin sayı 200 min yox, 600 min nəfəriymiş. Deməli, 13 gün əvvəl bu 400 min nəfəri görə, saya bilməyib hökumət. Gec də olsa, böyük etirafdır”.

Nemət Əliyev
Nemət Əliyev

İqtisadçı əlavə edir ki, bu göstərici də işsizlərin hamısını əhatə etmir:

“Gərək bundan sonra “5 faiz işsiz” söhbəti ictimai fikir dövriyyəsindən həmişəlik yığışdırıla və azı “12 faiz işsizlik” səviyyəsindən danışıla. Doğrusu, düzələcək, etiraf olunacaq çox məsələlər, mətləblər var. Çünki hökumətin bütün hesablama və proqnozları real həyatdan bu işsizlik rüsvayçılığında olduğu kimi təxminən 3 dəfə aralı düşüb”.

Ana səhifəİqtisadiyyatQubad İbadoğlu: Bu qərar post-pandemiya dövrü üçün əhəmiyyət daşıyacaq