Məhbus ailələrinin Toliklə bağlı şikayəti icraata götürülməyib  

Siyasi məhbus. Foto: Pictrider/shutterstock

Məhkəmədə göstərilən videoda  söyüş söyülən hissə olmayıb

İyulun 10-da Nərimanov Rayon Məhkəməsində siyasi məhbus kimi tanınan şəxslərin ailələrinin Tolik kimi tanınan aparıcı Tarix Əliyevə qarşı qaldırdığı şikayət əsasında məhkəmə prosesi keçirilib.

Məhkəməyə müraciət edən şəxs hazırda həbsdə olan inanclı Bəxtiyar Babaşovun həyat yoldaşı, hüquq müdafiəçisi və jurnalist Arzu Abdulladır.

Onun təşəbbüsü ilə Tolikə qarşı 100-ə yaxın məhbus ailəsi məhkəməyə müraciət etmişdi.

Şikayətə səbəb Tolikin “TikTok” sosial şəbəkəsindəki canlı yayımda beynəxalq təşkilatlar və hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin ailələrini təhqir etməsi, onlar barəsində qeyri-etik ifadələrdən istifadə etməsi olub.

Hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə məhbus ailələrinin şikayəti icraata götürülməyib.

Vəkil Zibeydə Sadıqova şikayətə səbəb olan videonu məhkəmədə təqdim edib. Videoya baxıldıqdan sonra hakim Kamal Babayev, Tarix Əliyevin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cəzalandırılması barədə verilmiş şikayətin icraata götürülməməsinə qərar verib. Diskə baxış zamanı orada təhqiramiz ifadələrə rast gəlinmədiyi əsas kimi göstərilib.

Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, məhkəməyə təqdim etdiyi videoda Tolikin söyüş söydüyü hissə olmayıb:

“Texniki səhv baş verib. Videonu xəbər saytlarından götürmüşdüm. Saytlarda da söyüş hissə adətən kəsilir. Səhvən söyüş olmayan linki məhkəmədə təqdim etmişəm. Həmin videoda da söyüş olmadığına görə, hakim söyüşü görə bilmədiyinə görə, şikayəti icraata götürmədi. Biz texniki səhvi aradan qaldıracağıq, yenidən məhkəməyə müraciət edəcəyik”.

Arzu Abdulla Meydan TV-yə bildirib ki, Tarix Əliyevin səs yazısı sosial şəbəkələrdə yayılıb və yüz minlərlə insan həmin təhqiri eşidib.

“Biz həmin söyüş olan səs yazısını yenidən məhkəməyə təqdim edəcəyik”, – Arzu Abdulla deyib.

Tarix Əliyev “İnstagram” hesabında Nərimanov Rayon Məhkəməsinin qərarını “ədalətli” adlandırıb.

“Necə olur ki, 15 gün bundan əvvəl Tolikin atdığı addımda ona gözəl sözlər deyirdilər, eyni cəmiyyət 15 gündən sonra onu linç edir? Mən haqqın və ədalətin olduğuna hər zaman inanmışam. Bu da bir sübutdur”,- Tarix Əliyev bildirib.

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyinin ən son məlumatına görə, hazırda ölkədə 375 nəfər siyasi məhbus var.

Rəsmilər həbs edilən şəxslərin konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduğunu bildirirlər.

Ana səhifəSiyasətMəhbus ailələrinin Toliklə bağlı şikayəti icraata götürülməyib