Quba sakini: “Polis Şöbəsində qollarıma qandal vurub, başıma torba keçirdilər, döydülər”

Şöhrət Absəlimov. Foto: Meydan TV

Şöhrət Absəlimov ona işgəncə verən polislərin cəzalandırılmasını istəyir

“Başıma sellofan torba keçirib, üstündən maska taxdılar, qollarımı arxaya burub qandalladılar. Məni bu vəziyyətdə döydülər. Tələb edirdilər ki, qonşunun ot tayasının yanmasını üzərimə götürüm, deyim ki, mən yandırmışam. Mən “xəbərim yoxdur dedikcə, daha şiddətli döyürdülər, hətta paltarlarımı çıxarıb, şəxsiyyətimi alçaldan hərəkətlər etdilər”.

Bunu Meydan TV-yə Quba sakini Şöhrət Absəlimov deyir. Onun sözlərinə görə, sentyabrın 17-də Quba Rayon Polis Şöbəsinə aparılaraq işgəncəyə məruz qalıb.

Şöhrət Absəlimov danışır ki, sentyabrın 12-də onun xırda ailə münaqişəsinə müdaxilə edən qonşusuyla mübahisəsi düşüb. Qonşu onu döyüb. O da DİN 102 Xidmətinə zəng vuraraq qonşusundan şikayətçi olub. Bundan bir neçə gün sonra – sentyabrın 17-də həmin qonşunun həyətyanı sahəsindəki ot tayasında yanğın çıxıb. Qonşu da polisə bu işdə ondan şübhələndiyini deyib. Həmin gün yaşadığı əraziyə gələn polislər onu şöbəyə aparıblar. Şöhrət Absəlimov:

“Əvvəlcə Quba Rayon Polis Şöbəsindən mənə zəng oldu. Fərid adlı təhqiqatçı idi. Dedi, səndən şikayət var, məni şöbəyə çağırdı, dedi, 5 dəqiqəyə burda ol. Mənsə bildirdim ki, təyyarə deyiləm, qanadım yoxdur, dəvət etmisənsə, çalışacam ki, tez bir zamanda gəlim. Heç 10 dəqiqə keçmədi, küçədə mülki maşın dayandı, iki nəfər polis, bir nəfər mülki geyimli şəxs məni maşına basıb, polis şöbəsinə apardı”.

Şöhrət Absəlimovun sözlərinə görə, polis şöbəsində ondan qonşunun ot tayasında çıxmış yanğını bu işin tez bağlanması üçün üzərinə götürməsini tələb ediblər:

Quba Rayon Polis Şöbəsi. Foto: DİN

“Dedim, mən etməmişəm. Qonşum da ordaydı. Fərid adlı təhqiqatçı dedi, bir neçə gün əvvəl aranızda münaqişə olub, elə sən yandırmısan, boynuna al. Mən dönə-dönə xəbərsiz olduğumu deyəndə, bir neçə polis işçisi üstümə tökülüşüb məni döydü. Sonra 3-cü mərtəbəyə qaldırıb, bir otağa apardılar. Orda daha bir neçə polis işçisi vardı, rəis müavini də ordaydı, adını bilməsəm də, üzdən tanıyıram. Məni qısa sorğu-sual elədilər, yenə dedim ki, yanğından xəbərim yoxdur. Başıma selofan torba keçirtdilər, üstündən də üzümə maska taxdılar, qollarım arxama qandallı, bu vəziyyətdə döydülər. Kimsə sellofan torbanı sıxırdı, boğulurdum. Deyirdilər, al boynuna, deyirdim, mən yandırmamışam. Soyundurdular, şəxsiyyətimi alçaldan hərəkətlər etdilər. Nəhayət, işgəncələrə dözməyib, qonşunun ot tayasındakı yanğını üzərimə götürdüm. Məni aşağı düşürtdülər, istədiklərini yazdırdılar, sonra da bir protokol tərtib etdilər ki, guya polisə müqavimət göstərmişəm”.

Şöhrət Absəlimov polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamasına dair inzibati protokol tərtib olunub. Sentyabrın 18-də saat 18 radələrində o, Quba Rayon Məhkəməsinə aparılıb. Hakim İlqar Məmmədovun sədrliyi ilə inzibati xəta haqqında işə baxılıb. Şöhrət Absəlimov 200 manat cərimələnərək məhkəmə zalından sərbəst buraxılıb. Şöhrət Absəlimov deyir, hakim onu dinləmək belə istəməyib, qərarı elan edərək məhkəmə zalından uzaqlaşıb.

Şöhrət Absəlimovun sözlərinə görə, onu etmədiyi əmələ görə incidən polis bütün bunlardan bir neçə gün əvvəl onun qonşudan etdiyi şikayətin üzünə də baxmayıb:

Şöhrət Absəlimov

“Sentyabrın 12-də döyülməyimlə bağlı etdiyim şikayətə görə məni bir dəfə də çağırıb maraqlanmadılar. Ancaq bundan beş gün sonra elə məni döyən qonşu gedib ot tayasında çıxmış yanğında məndən şübhələndiyini yazdığına görə mənə işgəncə verdilər”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Meydan TV-yə bildirilib ki, sentyabrın 12-də bir rayon sakini Quba RPŞ-yə ərizəylə müraciət edərək ona məxsus ot tayasının Şöhrət Absəlimov tərəfindən yandırıldığını deyib. Müraciət əsasında aparılan araşdırmalar zamanı hadisənin həqiqətən də Şöhrət Absəlimov tərəfindən törədilməsi məlum olub:

“O, RPŞ-nin inzibati binasına dəvət olunub, əməlini səmimi etiraf edib. Şöhrət Absəlimov polis şöbəsinə gəldikdən sonra hadisəni araşdıran təhqiqatçının xidməti otağında ondan şikayət edən şəxsin ünvanına nalayiq ifadələr işlətdiyinə görə barəsində İXM-nin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Şöhrət Absəlimovun RPŞ-də ona təzyiq göstərilməsi ilə bağlı söylədiyi fikirlər isə təmamən yalandır və məsuliyyətdən yayınmaq üçündür”, – DİN Quba Regional Qrupundan verilən açıqlamada belə qeyd olunub.

Şöhrət Absəlimovsa daxili işlər nazirindən və bBaş prokurordan başına gələnlərə qarşı biganə qalmamağı istəyir. Onu işgəncəyə məruz qoymuş polislərin cəzalandırılmasını tələb edir.

Ana səhifəBölgəQuba sakini: “Polis Şöbəsində qollarıma qandal vurub, başıma torba keçirdilər, döydülər”