Meydan TV-nin hazırda həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qənbərova) “Milli Mətbuat Günü” ilə bağlı saxlanıldığı təcridxanadan yazır. Elgünəşin yazısını olduğu kimi təqdim edirik:
Artıq dördüncü ildir, Milli Mətbuat Günü qlobal tədbirlə yadda qalır. Yəni dünyanın dörd bir yanında Azərbaycan sərvətinin qoxusunu alan, dadını görən müftəxorlar Şuşaya təşrif buyurur, bahalı otellərdə dincəlib-əylənir, Prezident Administrasiyasında redaktə olunmuş, təsdiqlənmiş sualları İlham Əliyevə ünvanlayır, aldığı cavabı öz resursunda paylaşır və növbəti il üçün təkrar səfər planları qurur.
Xalqımız üçün dodaq uçuqladan, iqtidarın qəpik-quruş saydığı pullar hesabına başa gələn bu tədbirlərin bir məqsədi var: Xaricdə imicini düzəltmək, yeni iqtisadi layihələrə zəmin yaratmaq. Necə deyərlər qaz gələn yerdən toyuq əsirgəməzlər. Xərclər dövlətin, qazanc hakim ailənin…
Bəs xalqa nə düşür? Bu sualın verilməsi belə qorxuludur. Kütlə tapdığı bir qarın çörəyə şükür edib, polis dəyənəyindən qorunsa bəsdir. Üstəlik səsini eşitdirəcək jurnalistlər də həbsdəykən başqa əlacları qalmır.
Həbs demişkən, artıq ikinci ildir, iyulda Şuşada düzənlənən tədbiri kameramdakı kiçik televizordan izləyirəm. Bu dəfə İlham Əliyev düz 2 saatdan artıq vaxt ayırıb adı nəinki Azərbaycan xalqına, heç dünya ictimaiyyətinin böyük kəsiminə bir şey ifadə etməyən media qurumlarının nümayəndələrinin suallarını cavablandırdı. Sanki hər səfir təmsil olunduğu ölkədəki tanış müxbirə deyib: “Gəl səni aparım Azərbaycana. Əsas odur oradakılar görsün ki, prezidentə sual verən əcnəbidir. Nə fərqi var, onun təmsil etdiyi media qurumu hansı çapdadır.”
Yarısı yerli ictimaiyyətə, yarısı da AŞPA-ya ünvanlanan təzadlı ismarıclar xaricində yaddaqalan nəsə olmadı. İlham Əliyevin ənənəvi çıxışı. Yerli media nümayəndələrindən yalnız Real TV-nin rəhbəri Mirşahin Ağayev mikrofon önünə çıxdı və şah tərifi yağdırdı. Sonra Qarabağ, qələbə pafosu və dünyaya sülh bəyanatı istənişi. Özünə hörmət edən istənilən jurnalist bu səhnəyə söymədən baxa bilməzdi. Təbii, mən də özümə çox hörmət edənlərdənəm.
Güldüyüm məqamlar da oldu. Məsələn, İlham Əliyev Qusmanın TASS-dakı vəzifəsindən çıxarılmasından danışıb dedi ki, buna səbəb jurnalistin ötən il verdiyi sual, prezidentə xoş münasibəti olub. “Digər jurnalist də vardı, bəlkə də onu həbs ediblər. Allah eləməsin”, – deyə cavab prezident təəssüfləndi. Sanki 30-dan artıq jurnalisti həbsə atdıran özü deyildi. Yəqin kiminsə cəsarəti çatıb bunu ona xatırlatsaydı, uzun-uzadı xarici təşkilatların Azərbaycana qərəzliliyindən başlayıb, qaçaqmalçılıqdan tutmuş, kirli pulların yuyulmasına qədər danışardı. Və heç kim də həyatını gözü önünə alıb deməzdi ki, bəs ölkənin sərvətini belə mənasız tədbirlərə tökmək, xaricə daşımaq Azərbaycan xalqına qarşı qərəz deyilmi?
Məşhur ərəb deyimində söylənildiyi kimi: “Kim aslana ağzından iy gəldiyini deməyə cəsarət edər?”
Bu sualı verənin Şuşadan birbaşa yanımıza gələcəyini bildiyimizdən belə xəyallar da qurmadıq. İraq olsun, 12 nəfər bəsdir…
Mətbuat 151-ci yaş gününü də beləcə bütün dəyərlərin, peşə qaydalarının üzərinə təpinərək qeyd edir. Olsun, sirkə nə qədər tünd olarsa, öz qabını çatladar. Bəlkə də təsəllidir. Elə Zərdabi də Azərbaycanı firavan, təhsilli, azad görmək ümidinə, təsəllisinə sığınmamışdımı?
Aynur Elgünəş
22 iyul 2026-cı il.