Qızına baş çəkməyə gedən bəstəkar xarici ölkədə vəfat edib (yenilənib)

Ruhəngiz Qasımova. Foto: APA

Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın nəşi oktyabrın 12-də Bakıya gətiriləcək.
Bu haqda bəstəkarın qızı Canana Süleymanlı APA-ya məlumat verib.

Onun sözlərinə görə, Bakıdakı vida və dəfn mərasimin yeri barədə hələlik qərar verilməyib:

Vida mərasiminin vaxtı və dəfn yeri ilə bağlı məsələlər yəqin ki, sabah dəqiqləşəcək. On gün idi ki, xəstəxanada yatırdı. Anamda böyrək çatışmazlığı vardı. Amma onu da qeyd edim ki, atamın vəfatı ona çox təsir etmişdi. Atam üçün çox darıxırdı. Mənə elə gəlir ki, anamın ürəyi partladı, dözmədi”.


Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın cənazəsi Honq Konqdan Azərbaycana gətiriləcək.

Bu haqda məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı “Facebook” səhifəsində yayıb.

“Ruhəngiz Qasımovanın vəfatı ilə əlaqədar Honq Konqda yaşayan qızı Canana Paşa Süleymani  ilə əlaqə saxladıq. Ruhəngiz xanımın nəşinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi olaraq bütün lazım olan köməyi göstərməyə hazır olduğumuzu bildirdik. Mərhumun qızı bildirdi ki, bütün prosedurlar mərhələli aparılır. Canana xanım dedi ki, bir-iki günə yola çıxmağı düşünürük”, – komitə sözçüsü qeyd edib.

Ruhəngiz Qasımova 2022-ci il oktyabrın 9-da 82 yaşında Honq Konqda yaşayan qızı Canana Paşa Süleymanlının yanındaykən vəfat edib.

Onun ölümünün səbəbi açıqlanmayıb.


Ruhəngiz Qasımovanın nədən öldüyü açıqlanmayıb

Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın ölümünün bəzi təfərrüatları məlum olub.

Teleaparıcı və ictimai xadim Nuran Hüseynov sosial şəbəkələrdə yazıb ki, bəstəkar Honq-Konqda yaşayan qızına baş çəkərkən xaricdə vəfat edib.

Mədəniyyət Nazirliyi bəstəkarın vəfatı ilə əlaqədar nekroloq yayıb.

Onun ölümünün səbəbi açıqlanmayıb.

Ruhəngiz Nağı qızı Qasımova 1940-cı il iyulun 12-də Bakıda doğulub.

Asəf Zeynallı adına Musiqi Məktəbinin, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinin (professor Cövdət Hacıyevin sinfi üzrə) məzunu olub.

Uzun müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də, “Azərbaycantelefilm”də səs rejissoru, bəstəkar kimi çalışıb.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub (1978). Simfonik, vokal-instrumental əsərlər, müxtəlif tamaşalara, kinofilmlərə musiqi bəstələyib.

Ədəbi fəaliyyətlə də məşğul olub, hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub.

“Babamın muzeyi” adlı kitabın müəllifidir.

Azərbaycanda ilk dəfə çəkilmiş “Danışan işıqlar” cizgi filminin bəstəkarıdır.

Bəstəkar 2005-ci ildə “Əməkdar incəsənət xadimi” adına layiq görülüb.

Ruhəngiz Qasımovanın yaradıcılığında “vizit kartı” hesab edilən bəstəsi, onun 26 yaşındaykən yazdığı “Ay ana, dostum evlənir” mahnısıdır.

“Ay ana, dostum evlənir” nəğməsinin Ruhəngiz Qasımovanın həyatında özəl yeri olub. 1960-cı illərdə gənc bəstəkar bioloq Vasif Süleymanovla tanış olur.

Münasibətdə qarşılıqlı hisslər yaransa da, utancaq bioloq susmaqda davam edir.

Ruhəngiz Qasımova daha sonralar “Bir mahnının tarixçəsi” verilişində bu haqda danışımışdı:

“Mən gənc idim, AzTV-də işləyirdim. Fikrət Qoca yaxın dostum idi. Ona dedim ki, bir oğlan var, çox utancaqdır. Mənə nəsə demək istəyir, amma demir. Bəlkə biz ona kömək edək”.

Bundan sonra dostlar məsləhətləşib, ünvanlı mahnılar bəstələməyə başlayırlar.

Əvvəlcə, müğənni Elmira Rəhimovanın ifasında “Utancaq oğlan”, daha sonra isə İlhamə Quliyevanın ifasında “Gəlmirsən, gəlmə” yaranır.

“Bu mahnılardan sonra indiki həyat yoldaşım, bir az ayıldı”, – deyən Ruhəngiz Qasımova münasibətlərini evlilik yolunda ciddiləşdirmək məqsədilə dostu Fikrət Qocanın məsləhəti ilə “ Ay ana, dostum evlənir” mahnısının üzərində işləməyə başlayır.

“Ay ana, dostum evlənir” mahnısını 1966-cı ildə Xalq artisti, müğənni Rəşid Behbudov özünün təsis etdiyi Mahnı Teatrının açılışında ifa edib.

Mahnı ikinci dəfə isə Ruhəngiz Qasımova ilə biloloq Vasif Süleymanovun toyunda səsləndirilib.

Ruhəngiz Qasımovanın harada və nə vaxt dəfn ediləcəyi ilə bağlı hələlik məlumat yoxdur.

Ana səhifəMədəniyyətQızına baş çəkməyə gedən bəstəkar xarici ölkədə vəfat edib (yenilənib)