Qızılcaya yoluxduğu deyilən məktəbli vəfat edib

Source: Foto: sosial şəbəkə

Müəllimlər həkim çatışmazlığından, məktəblilərin kütləvi virusa yoluxmasından narahatdırlar

Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən 195 saylı orta məktəbdə qızılcaya yoluxan bir şagirdin vəfat etdiyi bildirilir.

Məktəbdən faktı təsdiqləyiblər. Bildiriblər ki, vəfat edən Rinat ailənin tək övladıdır, 4-cü sinifdə oxuyurmuş. Ötən gün gecə saatlarında hərarəti yüksəlib və nəticədə həyatını itirib.
Məktəbdən Meydan TV-yə deyiblər ki, uşaqlar arasında qızılcaya yoluxanlar var. Həmin məktəbin direktoru Laçın Hüseynli bildirib ki, məktəb üçün tibb işçisi tələb etsə də, göndərilmir. 3 növbəli məktəbdə həkim yoxdur.

Sözügedən məktəbin müəllimi Aynur Cavid də bu barədə “Facebook” hesabından paylaşımlar edib.

“Nə vaxt dəstək göstəriləcək? Daha peşəkar həkimlər göndəriləcək? Nəzərə alsaq ki, Qobustan qəsəbəsi nəmliyin və tozun çox olduğu ərazidi, qanunsuz tikililərdə, boz çöllərdə, dağın ayağında, 100-lərlə, minlərlə uşaq yaşayır, səhər 1 saatlıq yolda 195-i gözləməyə yüzə yaxın uşaq dayanır, ayağı su, soyuq çəkə – çəkə, vəziyyəti anlamaq çətin olmaz. Qaradağ Bakının ən varlı rayonudur, əhalisi isə ən çətin şəraitdə yaşayan, uşaqlardı”, – Aynur Cavid qeyd edib.

Müəllim daha sonra vurğulayıb:

“Gözşişməsi, qusma, ürəkgetmə, boğulma, iştahsızlıq və sair və ilaxır. Əziz həkimlər, Uşaq Pediatriya İnstitutu, Səhiyyə, Təbib. Belə qızılca görməmişəm, olursa da, bu halda ailələrə dəstək lazımdı. Səyyari həkim qruplarına ehtiyac var. Ailələrə tibbi ləvazimat dərmanları üçün dəstək lazımdı. Könüllü həkimlər, əziz dostlar, artıq 20 şagirdim bu durumdadı və demək olar hamısı kasıb ailələrdi. Çoxusu dava dərmanı nisyə alır, uşağına lazımi qidanı ala bilmir”.

TƏBİB də şagirdin ölümü ilə bağlı məlumat yayıb. Bildirilir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində, 04:26 radələrində çağırış daxil olub:

“Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb. Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür”.

Bir neçə gün əvvəl Kürdəmir rayonu Qağacılı kənd sakini, 2019-cu il təvəllüdlü Rüfət Qəribli də qızılca diaqnozu qoyulduqdan sonra vəfat edib.

Azərbaycanda son bir aydır uşaqlar arasında qızılca, Hepatit A, bir çoxunun “svinka” kimi tanıdığı epidemik parotit, eləcə də qrip əlamətlərinə bənzər müxtəlif virus xəstəliklərinin yayıldığı bildirilir.

Ana səhifəSağlıqQızılcaya yoluxduğu deyilən məktəbli vəfat edib