QHT-lərlə bağlı cinayət işi üzrə təqsirləndirilənlərin ittihamları ağırlaşdırılıb

Məhkəmə. İllüstrasiya: Meydan TV

Baş Prokurorluqda istintaqı davam edən yerli və beynəlxalq qeyri hökümət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına qarşı irəli sürülmüş ittihamlar ağırlaşdırılıb.

“AzadlıqRadiosu”nun verdiyi məlumata görə təqsirləndirilən şəxslərə yeni maddələr əlavə olunub. Məlumatda deyilir ki, təqsirləndirilən şəxslərin bəzilərinin ittihamları ağırlaşdırılıb və prosesin davam edəcəyi gözlənilir. Bu həbsdə olanlarla yanaşı, barəsində alternativ qətimkan tədbiri seçilənlərə də şamil olunacaq.

Bəşir Süleymanlının vəkili Fariz Namazlı Meydan TV-yə deyir ki, 5 maddə ilə ittihamlar ağırlaşdırılıb və bu ittihamlar ilə təqsirləndirilən şəxsləri 8 ildən 12 ilə qədər həbs gözləyir.

Vəkilin sözlərinə görə, söhbət Cinayət Məcəlləsinin beş maddəsindən gedir: 193-1.2.2 (cinayət yolu ilə əldə edilmişəmlakı leqallaşdırma, təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə ), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı). 

“İstintaq belə hesab edir ki, daxil olmuş pul vəsaiti cinayət yolu ilə əldə olunub və onu da burada leqallaşdırıblar. Ona görə də 193-cü maddə ilə ittiham verilib. Bu maddə ilə 8 ildən 12 ilə qədər həbs gözləyir. Çox güman ki, yaxın günlərdə istintaq yekunlaşacaq, iş göndəriləcək Ağır Cinayətlər Məhkəməsinə baxılmağa. İndi orda da gedişatdan asılı olaraq lazımi vəsatətlər veriləcək”, – deyə vəkil bildirib.

Bəşir Süleymanlı vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə 2025-ci ilin martında qeyri-hökumət təşkilatlarına (QHT) qarşı başlanmış cinayət işi çərçivəsində həbs edilib.

Onlara cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar irəli sürülüb.

İstintaq davam edir, təxminən 50 nəfər işə cəlb olunub, bir neçəsi həbsdədir.

Ana səhifəXəbərlərQHT-lərlə bağlı cinayət işi üzrə təqsirləndirilənlərin ittihamları ağırlaşdırılıb