Qətlə yetirilən qadınlar

“Ailə üzvlərinə qarşı olan cinayətlərin çoxalmasına səbəb cəmiyyətdəki aqressiyanın artmasıdır”

Source:


“Ailə üzvlərinə qarşı olan cinayətlərin çoxalmasına səbəb cəmiyyətdəki aqressiyanın artmasıdır”

Mingəçevirdə həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən şəxs həbs olunub.

Hadisə mayın 2-də baş verib. Şəhər sakini Kənan Əzizov həyat yoldaşı Günel Əzizovanın başıını balta ilə kəsməklə qətlə yetirməkdə təqsirləndirilir.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb.

Qətl uşaqların gözü önündə törədilib

APA yazır ki, yas mərasimində mərhumun bacısı Gülşən həyat yoldaşının bacısına 25 bıçaq zərbəsi vurduğunu deyib: “Kənan bacımın bədənini uşaqlarının gözü qarşısında bıçaqla deşik-deşik edib və sonra balta ilə başını kəsib”.

O, hadisə zamanı bacısının baldızı və qayınanasının da evdə olduğunu bildirib:

“Qayınanası Nailə Əzizova uzun illərdi ki, sələmçiliklə məşğuldur. Güneli dəfələrlə ayrı-ayrı adamların evinə göndərərək, ona sələmlə verdiyi pulların faizini yığdırıb. Bacım isə həmişə qayınanasına və ərinə “haram pul yeməkdən bezmişəm”, – deyirdi. Onların evində həmişə dava-dalaş olurdu. Öyrəndik ki, dünən bacım sələmlə verilən pulların faizinin yığılması üçün qayınanasının göndərişinə məhəl qoymayıb. Günel daha pul yığmaq üçün heç yerə getməyəcəyini deyib. Bu səbəbdən də onların evində söz-söhbət düşüb və bacım inadından dönmədiyi üçün onu öldürüblər. Mən dünən axşam bacımgilə hal-əhval tutmağa zəng etdim, eşitdim ki, əri, baldızı və qaynanası birlikdə bacımı öldürüblər”.

Qətli 3 nəfər törədib

Mərhumun anası Xumar xanım qətlin bir yox, 3 nəfər tərəfindən törədildiyini təsdiqlənməsi üçün meyitin müayinə edilməsini istəyib.

Ötən il 29 qadın öldürülüb

“2016-cı ildə Azərbaycanda məişət zorakılığı nəticəsində 29 qadın öldürülüb”, – bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Taliyə İbrahimova
Taliyə İbrahimova

O, məişət zəminində baş verən cinayətlərin səbəblərinin müxtəlif olduğunu söyləyib. Əsas səbəb kimi ailə münaqişəsini göstərib:

“Bu münaqişlərin çoxu qısqanclıqla bağlıdır. Ailə üzvünün narkotik maddə, alkoqol istifadəçisi olması da münaqişələrə gətirib çıxarır”.

Öldürülən qadınların çoxunun qatili həyat yoldaşlarıdır

Şöbə müdiri qadınların çoxunun həyat yoldaşları tərəfindən zorakılığa məruz qaldığını söyləyir. Deyir, öldürülən qadınların çoxunun qatili həyat yoldaşları olur:

“Azərbaycanda məişət zorakılığının çoxu qəsdən sağlamlığa yüngül zərərvurma (döyülmə) ilə bağlıdır. Bunun da ailə təməlinin düzgün qurulmamasından qaynaqlanır. Yetkinlik yaşına çatmayan qızların ərə verilməsi, yəni erkən nikah hallarının əksəriyyətinin sonu bu cür münaqişələrə və cinayətlərə gətirib çıxarır. Həm fiziki, həm də psixoloji baxımdan yetkin olmayan qız uşağı ailənin yükünü daşıya, ondan tələb olunanların öhdəsindən gələ bilmir”.

Maddi təminatı olmayan qadın zorakılığa məruz qalır

T.İbrahimova maddi asılılığın da məişət zorakılığına gətirib çıxardığını bildirir. Təhsili, təcrübəsi, maddi təminatı olmayan qadının məişət zorakılığına məruz qalması hallarına çox rast gəlinir:

“Vətəndaşlarımıza qız övladlarını təhsildən yayındırmamağı tövsiyə edirik. Qızlarımız təhsil alsınlar, peşə sahibi olsunlar. Ailə qurmaq üçün tələsmək lazım deyil”.

Ev qətllərində ürəkaçan dəyişiklik yoxdur

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, əgər gender, məişət zorakılığı haqqında qanunlar varsa, bu problemlərin qarşısının alınması üçün tədbirlər də olmalıdır:

“Bizdə qadını müdafiə edən kifayət qədər sənəd var. Ancaq real praktikada biz bunu görmürük. Deməli, fərqli bir yol tapılmalıdır. Cəzalanma, qaynar xətt, qadınların vaxtında müraciət edə biləcəyi mərkəzlərin olması vacibdir. Ancaq vəziyyət onu göstərir ki, qadınların evdə öldürülməsi faktlarının qarşısının alınmasında ürəkaçan dəyişiklik yoxdur”.

”Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova
”Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova

Sahə müvəkkilləri bu sahədə ixtisaslaşmalıdır

Mehriban Zeynalova deyir ki, statistikada azalıb-çoxalma görə bilərik. Ancaq fakt odur ki, qadınlar təhlükəsizlikdə deyillər:

“Köhnə adətlər aradan qaldırılmalıdır. Ümumiyyətlə, bu sahədə dövlət ortaya ciddi araşdırma qoymalıdır. Səbəblər nədir, qarşısı necə alına bilər və s. Cinayətkarlarla, onların ətrafı ilə psixoloji sorğular keçirilməlidir. Həmin ailələri bu vəziyyətə gətirənin nə olduğunu öyrənmək lazımdır. Daha öncəki problemləri nədən ibarət olub? Onların günədək problemləri ilə maraqlanan olubmu və s. Sahə müvəkkilləri bu sahədə ixtisaslaşmalıdır. Ailədaxili zorakılıq görəndə hara müraciət etmək lazım olduğunu bilməlidirlər. Bizdə isə adətən ailəni barışdırmağa çalışırlar. Bu, düzgün deyil”.

Aysel İsgəndərli
Aysel İsgəndərli

Maddi problemlər bir çox ailə münasibətlərinin korlanmasına gətirib çıxarır

Psixoloq Aysel İsgəndərli də deyir ki, son zamanlar mətbuatda xüsusi amansızlıqla törədilən cinayətlərə bağlı tez-tez oxuyur:

“Ailə üzvlərinə qarşı olan cinayətlərin çoxalmasına səbəb cəmiyyətdəki aqressiyanın artmasıdır. Sosial durumun çətinləşməsi, maddi problemlər bir çox ailə münasibətlərinin korlanmasına gətirib çıxarır. Və artıq aqressiya elə bir həddə çatır ki, qətllə, cinayətlə sonlanır. Təkcə avtobusda müşahidə aparsaq, görərik ki, insanlar bir-birlərinə qarşı necə aqressivdirlər. Kənarda yaşanan aqressiyanın iki qatı ailədə baş verir. O partlayış nöqtəsi məhz ən yaxınlara, ailə üzvlərinə tuş gəlir”.

Amansızlıqla törədilən cinayət səhnələri insanların şüuraltına təsir edir

Psixoloq deyir ki, digər tərəfdən televiziyada, sosial şəbəkələrdə, ümumiyyətlə, internet saytlarında cinayətlərin, şiddətin birbaşa göstərilməsi də insanlara istər-istəməz təsir göstərir. Amansızlıqla törədilən cinayət səhnələri insanların şüuraltına təsir edir. Evdə mübahisə yarandıqda ər- arvadına və ya ana uşağına qarşı həmin əməli amasızlıqla törədə bilir”.

2016-cı il sentyabrın 30-da Qəbələ rayonunun Kürd kəndinin sakini, 27 yaşlı Səbinə Verdiyeva 3 uşağının gözü önündə həyat yoldaşı Xəyal Verdiyev tərəfindən öldürülmüşdü. Ailəsi öldürüldüyü zaman qızlarının hamilə olduğunu demişdi.

Bakının Bayıl qəsəbəsində yaşayan Fəridə Məcidova da həyat yoldaşı Məzahir Qasımi tərəfindən baltalanaraq qətlə yetirilmişdi.

Daha bir olay isə Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşanıb. Anjelika adlı 55 yaşlı qadın başına sellafon torba keçirilərək qətlə yetirilib.

Ana səhifəXəbərlərQətlə yetirilən qadınlar