Qərbin Azərbaycan hakimiyyətinə qarşı kompromat savaşı

Daha hansı məmurlar de-şifrə olunacaq?

Source:


Daha hansı məmurlar de-şifrə olunacaq?

Azərbaycan siyasi elitasında olan önəmli simalar barədə kompromat savaşı gözlənilən idi. Bu baxımdan, maliyyə naziri Samir Şərifovu bitirən kompromatın davamı olacağı da gözləniləndir. Qərb Azərbaycan siyasi elitasında təmsil olunan nüfuz agenturasını de-şifrə etməyə başlayıb. İlk baxışdan bəsit bir kompromata bənzəyən faktların açılması, əslində, dərin köklərə malikdir. Ehtimal etmək olar ki, digər iriranqlı məmurlar barəsində də kompromatlar ictimai rəyə sunulacaq. Baş verənlər onu deməyə əsas verir ki, artıq maliyyə nazirinin baş nazirliyə gedən yolu bağlandı. Maliyyə nazirinin siyasi karyerasını da bitmiş hesab etmək olar. Vurğulayaq ki, Samir Şərifov de-şifrə edilən ilk məmur deyil. Xatırladaq ki, “WikiLeaks” saytının yaydığı məxfi materiallarda baş nazir Artur Rasizadənin də adı keçirdi və həmin məlumatlarla tanışlıq Qərb siyasi dairələrində Azərbaycanın baş nazirinə olan neqativ münasibətin səbəblərini aşkarlayırdı. Belə ki, ABŞ-ın Azərbaycandakı o zamankı səfiri olmuş En Dersinin Vaşinqtona yolladığı məxfi teleqramlarda Artur Rasizadəni İran hakimiyyəti və iş dünyası ilə sıx əməkdaşlıqla ittiham edirdi. Sabiq MTN şefi Eldar Mahmudovun da xarici kəşfiyyatla bağlılığı barədə məlumatlar dolaşmaqda idi. İndi sıra uzun müddətdən bəri “bəslənilən” Samir Şərifova gəldi. Görünən budur ki, Samir Şərifov üç ölkənin – Rusiya, Türkiyə və ABŞ-ın agenti kimi təqdim olunsa da, o, Kremlin sanksiyası ilə Ankara və Vaşinqton tərəfindən “verbovka” olunmağa razılıq verib və Moskvanın gələcək baş nazir və mümkün prezident kimi hazırladığı kadr olub. Rusiya ilə bağlılığı qırılmayan Samir Şərifovun Vaşinqton analitikin de-şifrə etməsi də çoxsaylı suallar doğurur. Şübhəsiz ki, sabiq DTK zabitinin, hazırda ABŞ-ın maliyyə analitiki olan bir simanın Samir Şərifov barədə bu qədər dolğun məlumatı ola bilməzdi. Görünən budur ki, məlumat sızmasını daha böyük qüvvələr həyata keçiriblər. Əlbəttə, baş verənlər baş nazirlik uğrunda hakimiyyətdaxili savaş kimi də dəyərləndirilə bilər. Lakin əsas məsələ Rusiya və Qərbin maraqlarının toqquşmasıdır. Samir Şərifovun vurulmasında FHN şefi Kamaləddin Heydərovun adı da hallandırılır. Belə ehtimal mövcuddur. Əgər problemə sırf baş nazirlik uğrunda mübarizə kimi yanaşsaq, Samir Şərifovun Kamalədin Heydərova cavabının da özünü çox gözlətməyəcəyini söyləyə bilərik. Siyasi dairələrdə Samir Şərifova və yaxud “ikinci hakim ailəyə” yaxınlığı ilə tanınanlar maliyyə nazirinin müdafiəsinə qalxdılar. Ciddi müdafiə də yoxdur. Məsələyə qeyri-ciddi çalar vermək cəhdindən başqa heç nə müşahidə edilmədi. Yəni, olduqca ciddi qalmaqalı gözdən salmaq üçün düşünülən texnologiyalar işə düşməkdədir. Düzdür, maliyyə nazirinin müdafiəsi hələ ki bir nəticə vermir.

Yeri gəlmişkən, AzToday.az saytı Kəmaləddin Heydərovun Rusiya hakimiyyətinin önəmli simalarından olan müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə çox yaxın münasibətləri olduğunu yazır və bildirir ki, Kreml Ərdoğan hakimiyyətinə təsir etmək üçün Kəmaləddin Heydərov üzərindən Türkiyə müxalifətinə dəstək verir. AzToday.az-ı məlumatlandıran mənbə iddia edir ki, son illər Rusiya hakimiyyətində əsas söz sahiblərindən birinə çevrilən Sergey Şoyqu Kəmaləddin Heydərovun Azərbaycanda baş nazir olması üçün bir-neçə dəfə cəhd göstərsə də, buna hələlik nail ola bilməyib. Saytın iddiasına görə, Kəmaləddin Heydərovun Azərbaycanda baş nazir olmasını istəyən qüvvələr onun əsas rəqibi, yəni Samir Şərifovu bu yolla sıradan çıxarmaq istəyir. Saytın məlumatlarındakı həqiqət payına münasibət bildirmədən onu onu vurğulayaq ki, Kəmaləddin Heydərovun MHP –yə yardım etməsi ilə bağlı məlumatlar bir qədər əvvəl də mətbuata sızdırılmışdı. FHN rəhbərinin baş nazirlik iddiası da heç kəsə sirr deyil.

Burada bir məqama da diqqət yetirmək lazım gəlir. “İkinci hakim” ailənin əsas fiqurlarından olan Samir Şərifovun vurulması ilə bərabər Nərgiz Paşayevanın gündəm yaradan müsahibəsi üst-üstə düşdü. Martın 3-də Londonda, Böyük Britaniya parlamentinin Lordlar Palatasının yüksək səviyyəli tədbirinə qatılan Nərgiz Paşayeva kifayət qədər ciddi bəyanatlar verdi. Xanım Paşayeva Rəsulzadəni böyük dövlət adamı adlandırdı. Hakim komanda üçün bu yolverilməz idi. Siyasi elita yalnız bir böyük öndər tanıyır. “İkinci hakim ailə”nin bu mesajı köhnə qvardiyanı silkələməyə bilməzdi. Bu baxımdan, S. Şərifovun vurulmasını “ikinci hakim ailə”yə qarşı aparılan savaş kimi də dəyərləndirmək mümkündür.

Lakin burada bir sual meydana çıxır – Azərbaycan hakimiyyətində, PA, MM, NK – da Kremlin təsir agenturasının təmsilçilərinın sayı nə qədərdir? Təhlükəsizlik Şurasının tərkibinə nəzər etsək, Rusiyanın hakimiyyətə təsir imkanlarının fantastik dərəcədə böyük olduğunu görə bilərik. Ölkənin siyasi elitası, güc strukturları, XİN Kremlin tərəfdarları ilə boldur. Görünən budur ki, Rusiya Azərbaycana tam nəzarət edir və hakimiyyət dəyişikliyində maraqlı deyil. Bir qədər əvvəl xarici işlər nazirinin müavini Araz Əzimovun qalmaqallı müsahibəsi də rəsmi Bakının ruslara sədaqətinin göstəricisidir. Unutmaq olmaz ki, 31 martda Nüvə Təhlükəsizliyi Sammiti keçiriləcək və Azərbaycan dövlət başçısı da toplantıda iştirak edəcək. Bakı seçimini etməlidir. Vaşinqtonla razılıq əldə olunsa, Rusiyadan asılı olan komanda tam tərkibdə dəyişməlidir. Razılıq əldə olunmasa, Qərb digər məmurların Rusiyaya bağlılıqlarını açıqlayacaq. Bu fakt təkzib olunmazdır. Rusiya özünü olduqca inamlı aparır və sanki əmindir ki, nüvə sammitində Bakı Qərbə doğru addım atmayacaq. Kreml gedişatdan narahat olsaydı, sammit qabağı ölkədə qarşıdurma yarada bilərdi və nəticədə Azərbaycan hakimiyyəti kütləvi həbslərə gedərdi. Moskva dəfələrlə belə taktikadan istifadə edib. Azərbaycan hakimiyyəti siyasi məhbus məsələsini qismən həll etməklə, Qərblə mövcud gərginliyi aradan qaldırmaq istəyir. Lakin Qərb üçün bu amil o qədər də önəmli deyil. Qərb Azərbaycanda özünə yaxın hakimiyyətin mövcudluğunda maraqlıdır və “Samirgeyt” qalmaqalı da bu ssenarinin tərkib hissəsidir. Görünən budur ki, Qərb Azərbaycan siyasi elitasının Moskva ilə bağlılığını açıqlamaq fikrindədir və yaxın günlərdə daha irimiqyaslı kompromatlar gündəmə gələ bilər…

Ana səhifəAnalitikaQərbin Azərbaycan hakimiyyətinə qarşı kompromat savaşı