Cavanşir Qurbanov dəmirçidir. O, Zaqatalanın Lahıc kəndində yaşayır. 55 yaşlı Cavanşir usta dəmirçiliyə 27 il əvvəl yerli kolxozda, usta köməkçisi kimi başlayıb. Ustanın kiçik emalatxanasında həm dəmir parçaları, həm də hazır əşyalar və təsərrüfat alətləri var.
“Bu orağı mən düzəltməmişəm, nümunə kimi qoymuşam. Mən daha yaxşı düzəldirəm” – əşyaları göstərərkən deyir.
Cavanşir usta əvvəlcə dəmir parçalarını sobanın üstündə daş kömürlə qızdırır, sonra kənarda, zindanın üstündə qızmış dəmirə lazım olan formanı verir.
Deyir ki, təsərrüfat alətlərinə tələbat azalıb. Amma bacarıqlı olduğu üçün qonşu kəndlərdən də sifariş verməyə, əşya almağa gələnlər çoxdur. Cavanşir usta deyir ki, kəndlilər ən çox balta, dəhrə, nal kimi alətlər üçün yanına gəlir:
“İş olsa, günümün 5-6 saatını burada keçirirəm. Bir cüt nalı yarım saata düzəldirəm. Qiymətlər 10-20 manat arası dəyişir. Ancaq bəzən axşama qədər qalmalı oluram. İşdən asılıdır”.