Qarabağdakı ermənilər: “Azərbaycan tərəfi qazı kəsib”

Xankəndi, Noyabr 2020, Foto: Reuters

Azərbaycan iddiaları rədd edir

Qarabağda yaşayan ermənilər bir neçə gündür təbii qaz təminatının dayandırıldığını deyirlər. Rusiya sülhməramlı kontingentinin yerləşdiyi hissədə qaz təchizatının Azərbaycan tərəfin müdaxiləsi ilə martın 21-dən tamamilə kəsildiyi iddia edilir.

Azadlıq Radiosunun Ermənistan xidmətinin yaydığı məlumata görə, Qarabağa qaz təchizatı ilk dəfə martın 8-də kəsilib, buna Azərbaycanın nəzarətində olan ərazidən keçən kəmərin zədələnməsi səbəb olub.

Daha sonra Xankəndi Bakını kəmərin sürətli təmirinə imkan verməməkdə ittiham edib. Məlumatda deyilir ki, 11 günlük fasilədən sonra kəmər martın 18-də təmir olunub, ertəsi gün Qarabağın qaz təchizatı bərpa edilib. Martın 21-də isə qazlar yenidən kəsilib.

Qarabağın “İnformasiya Qərargahı” adlandırılan qurum Azərbaycan tərəfin təmir zamanı qaz kəmərinə kran qoyduğunu və qazı kəsdiyini iddia edib.

Bölgədəki Rusiya hərbçilərinin komandirlərinə dərhal məlumat verildiyi, qaz təchizatının bərpası üçün işlər görüldüyü qeyd olunur.

Sözügedən ərazidə yaşayanlar qazı Ermənistandan alsalar da, boru kəməri Azərbaycanın nəzarəti bərpa etdiyi ərazilərdən keçir.

“Eurasianet” də yazır ki, elektrik enerjisinin kəsilməsi ərazinin sakinlərini digər istilik mənbələrindən, xüsusən də elektrik enerjisindən istifadə etməyə məcbur edib və nəticədə elektrik enerjisi kəsilib. “Erməni könüllüləri problemi müvəqqəti yumşaltmaq üçün Qarabağa qaz balonları da göndəriblər”, – sayt yazır.

“Bizim kifayət qədər əsasımız var deyək ki, qaz kəmərinin təmiri zamanı Azərbaycan tərəfi qazın verilişini dayandıran siyirtmə quraşdırıb. Əlverişsiz hava şəraiti Azərbaycanın məkrli məqsədinə xidmət edir”, – tanınmamış DQR-in rəsmiləri bəyan edib.

Onların sözlərinə görə, martın 22-dən sülhməramlı kontingentin rəhbərliyi məsələni Azərbaycan tərəflə müzakirə edir.

Xankəndi (erməni tərəf Stepanakert adlandırır) sakini Zvart Şirinyan OC Media-ya deyib:

“Mənzildə elektrik qızdırıcısı və odun sobasından istifadə edirik, çünki elektrik də yalnız qızdırıcılara etibar etmək üçün qeyri-sabitdir”.

“Hər rayonda hər gün ən azı otuz dəqiqə elektrik enerjisini kəsirlər. Hər kəs elektrik qızdırıcılarından istifadə edir”, – o deyib.

“Yalnız bir neçə çörək zavodu qazsız işləyirdi, lakin bunlar bütün şəhəri çörəklə təmin etmək üçün kifayət deyildi”. “Günün ikinci yarısında Stepanakertdə çörək tapmaq demək olar ki, mümkün deyildi”, – Zvart Şirinyan söyləyib.

Azərbaycan tərəfi iddianı rədd edir

Ermənistan Xarici İşlər Nazirliyi Qarabağda qaz təminatının Azərbaycan tərəfindən dayandırılması ilə bağlı məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva isə deyib ki, Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır:

“Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqazidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin. Beləliklə də, regional sülh və əmin-amanlığa töhfə versin”.

Azərbaycan parlamentinin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov da “Report”a açıqlamasında Ermənistanı dezinformasiya yaymaqda ittiham edib:

“Bu məsələnin Azərbaycana heç bir aiddiyəti yoxdur və Ermənistanın ölkəmizə qarşı növbəti təxribatıdır. Bəzi beynəlxalq təşkilatlar və dairələr isə ermənilərin bu dezinformasiyası əsasında hay-küy yaratmağa cəhd edirlər. Bununla da ölkəmizə təzyiq göstərmək istəyirlər. Azərbaycan isə hər zaman olduğu kimi bu gün də sülhün tərəfdarıdır”.

Bu il mart ayı qış aylarından daha soyuq keçib və güclü qar Qarabağda və Azərbaycanın digər ərazilərində də yolları bağlayıb, maddi-texniki problemlər yaradıb.

“Sənədlərə əsasən qaz xətti ümumiyyətlə yoxdur”

“JAMnews” məsələni şərh etməsi üçün siyasi icmalçı Azər Kərimova müraciət edib.

“Burada hər hansı konkret bir şey haqda danışmaq çətindir, çünki Xankəndi və yaxın yaşayış məntəqələrinin təbii qazla təminatı ilə bağlı heç bir rəsmi açıqlama olmayıb. Bunun da öz səbəbləri var. Əsas səbəb ondan ibarətdir ki, anladığım qədərilə Ermənistandan gələn, Laçın dəhlizindən və bəzi hissələrdə Azərbaycan SQ-nin nəzarəti altında olan ərazidən keçən qaz kəməri özü-özlüyündə qanunsuzdur. Başqa sözlə, sənədlərə əsasən qaz xətti ümumiyyətlə yoxdur”, – siyasi icmalçı deyib:

“Hüquq dili ilə danışsaq, Azərbaycanın bir hissəsini başqa dövlətin ərazisindən gələn təbii qazla təmin etmək üçün dövlətlərarası razılaşma olmalıdır. Ermənistan və Azərbaycan arasında hələlik heç bir beynəlxalq razılaşma yoxdur. İdealda Ermənistan Azərbaycanda eyni həcmdə qaz götürərək Xankəndini qazla təmin edə bilərdi”.

“Niyə sülhməramlı kontingent bu məsələdə fəallıq göstərmir? Sadəcə ona görə ki, Rusiya sülhməramlıları, eləcə də Rusiya-Türkiyə birgə monitorinq mərkəzi regionda təhlükəsizliyi qorumaqla, atəşkəs rejiminə əməl olumasına nəzarətlə vəzifələndirilib. Məişət problemlərinin həlli onların səlahiyyətində deyil”, – Azər Kərimov bildirib.

Ana səhifəTövsiyəQarabağdakı ermənilər: “Azərbaycan tərəfi qazı kəsib”