Azərbaycan klubu azlıqda qalan rəqibinə məğlub olub
“Qarabağ” komandası sentyabrın 26-da UEFA Avropa Liqasında Liqa mərhələsinin 1-ci turunun oyununa çıxıb.
“Köhlən atlar” Londonda İngiltərənin “Tottenhem” komandası ilə üz-üzə gəlib. “Tottenhem Hotspur” stadionunda keçirilən qarşılaşmanın saat 23:00-da başlayacağı planlaşdırılsa da, oyun saat 23:35-də start götürüb. Buna “Qarabağ”ın tıxac səbəbindən matçın keçirildiyi stadiona gec çatmaşı səbəb olub.
Oyuna gəlincə, “Tottenhem” matçın 8-ci dəqiqəsindən azlıqda qalıb. Görüşün baş hakimi İngiltərə komandasının futbolçusu Radu Draquşinə qırmızı vərəqə göstərib. Amma buna baxmayaraq, “Qarabağ” azlıqda qalan rəqibinə məğlub olub. Azərbaycan çempionu 0:3 hesabı ilə uduzub.
“Qarabağ” oktyabrın 3-də Bakıda İsveçin “Malmö” komandasını qəbul edəcək. “Tottenhem” isə Macarıstanda “Ferentsvaroş”la qarşılaşacaq.