Tariyel Şirinli

Mənbə: Foto: Meydan TV

Başlıq: Tariyel Şirinli

Qarabağ əlili ilə DYPİ rəhbərliyi arasında “qoşa nömrə” çəkişməsi

“Qoşa nömrə hər bir vətəndaşın haqqıdır” deyən Tariyel Şirinli DYPİ-ni məhkəməyə verib

“Düşündüm ki, axı niyə qoşa nömrə-nişanlar yalnız oliqarx balalarında, məmur arvadlarında olmalıdır, niyə sadə vətəndaş avtomobilinə qoşa nömrə ala bilməsin... Əslində məni Dövlət Yol Polis İdarəsini məhkəməyə verməyə vadar edən heç də avtomobilimin üstündə qoşa nömrə görmək arzusu deyil, sadəcə, istəyirəm işin dərniliyinə qədər varam”.

Bakı sakini Tariyel Şirinli Meydan TV-yə danışır ki, Qarabağ Müharibəsi əlili kimi dövlət tərəfindən ona “NAZ LİFAN 320” markalı minik avtomobili verilib. İmişli şəhərində yaşayış qeydiyyatında olduğu üçün avtomobilə yaşadığı rayonun parametrlərinə uyğun olaraq “30BX114” seriyalı dövlət-qeydiyyat nişanı verilib. 2018-ci ilin dekabrından yaşayış ünvanı dəyişib və o, Bakıda yaşayış qeydiyyatına düşüb. Bu ilin may ayında Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müraciət edib. Yaşayış yerini rəsmən dəyişməsi ilə əlaqədar olaraq idarə etdiyi avtomobilin dövlət nömrə-nişanının da yaşadığı bölgə üzrə (Bakı) dəyişdirilməsini istəyib.

“Axı niyə onlara var, sadə vətəndaşa yoxdu?”

“İdarə rəisindən “99”-la başlayan dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin kombinasiyasının “999” olmasını, həmçinin, Azərbaycan Qanunvericiliyində bu məsələnin necə təsbit olunması haqqında yazılı şəkildə məlumat verilməsini xahiş etmişdim. Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin əməkdaşı Yaqub Hacıyevin icra etdiyi və rəis müavini cənab Müşfiq Rəhimovun imzası ilə mənə cavab məktubu gəldi. Həmin məktubda yazılmışdı ki, müraciətimə baxılıb, ancaq avtomobilimə 99-...-999 dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsi ilə bağlı xahişimi yerinə yetirə bilməyəcəklər. Çünki hazırda sərfiyyatda mənim istədiyim 99-...-999 rəqəmlərinin, eyni və fərqli hərflərin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanları yoxdur. Ölkədə böyükdən uşağa hamı yaxşı bilir ki, bu dövlət nömrə-nişanları, bu seriyalar kimlərə, necə satılır, yaxud da peşkəş olunur... Mənim davam da əslində buna görədir. Bu yaxınlarda Baş Dövlət Yol Polisi İdarəsində, eləcə də İmtahan-Qeydiyyat İdarəsində məsələ ilə yaxından maraqlandım. Özünü təqdim etməyən polis əməkdaşları bildirdilər ki, “ağsaqqal, rəis istəsə də 99-...-999 dövlət qeydiyyat nişanını sənə verə bilməz. Çünki həmin dövlət qeydiyyat nişanları birbaşa Daxili işlər nazirinin razılığı ilə verilir”, - şikayətçi deyir.

“Araşdıranda görürsən ki, qoşa nömrə var, vətəndaşdan gizlədirlər”

Tariyel Şirinli kiçik bir araşdırma apardığını bildirir:

“Azərbaycan əlifbasında 32 hərf var. Əgər, eyni və fərqli hərflərin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarının sayını bilmək istəsək, məlum olar ki, Azərbaycan əlifbasında 32 hərf olduğu üçün eyni hərflərin kombinasiyasından cəmi 32 ədəd 99-...-999 dövlət qeydiyyat nişanı olmalıdır. Dövlət qeydiyyat nişanlarının seriyasının Qanuna və yaxud da təlimata uyğun olaraq hansı ardıcıllıqla verilməsi haqqında bilgim yoxdur. Ona görə də bilmirəm ki, seriyası AA ilə başlayan və əlifbamızın sonuncu hərfi ZZ olan seriyalar verilib bitib,

yoxsa hərf növbəlilliyi ZZ hərfinə çatmayıb. Amma, yəqin ki, müxtəlif hərflərdən ibarət kombinasiyalı dövlət qeydiyyat nişanı bitməməlidir. Belə ki, Azərbaycan əlifbasının ilk hərfi “A” olduğundan və dövlət qeydiyyat nişanlarında kombinasiyalar iki hərflə ifadə olunursa, o zaman “A” hərfi özündən sonra gələn 31 hərflə kominasiya yarada bilir. Məs: AB; AC;... AZ. Yəni, tək “A” hərfi ilə kombinasiya yaradan ikinci hərfdən 31 ədəd 99-...- 999 dövlət qeydiyyat nişanı olmalıdır. Həmçinin, A hərfindən sonrakı digər hərflərlə (B; C; D: .... Z ) də hərflərin kombinasiyası yaranır ki, hər belə kombinasiya da 32 dövlət nişanı deməkdir ki, toplandıqda bu da çoxlu sayda 99- ...- 999 dövlət qeydiyyat nişanı deməkdir. İndi maraqlıdır, görəsən neçə “NAZ LİFAN 320” avtomobilinə 99-...- 999 dövlət nişanı verilib? Ümumiyyətlə, verilibmi? Verilməyibsə, niyə verilməyib? Müraciət olunmayıb, yoxsa müraciət edən vətəndaşları da “yoxdur”, “qalmayıb” deməklə, “yola veriblər”.

Müharibə əlili məhkəməyə üz tutub

Baş Dövlət Yol Polisi İdarəsindən suallarına cavab ala bilməyən əlil Daxili işlər naxirinə də müraciət edib və eyni məzmunlu cavab alıb. Bundan sonra o, Baş Dövlət Yol Polisi İdarəsinə qarşı 1 saylı İnzibati İqtisad Məhkəməsində iddia qaldırıb:

“Bəyənmədiyimiz SSRİ dövründə ənənə olaraq, “bərkgedən” dövlət qeydiyyat nişanları Böyük Vətən Müharibəsi iştirakçılarına verilirdi. Niyə bizdə də belə olmasın? “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.65.6 Dövlət qeydiyyat nişanlarının verilməsinə görə, 18.65.6.1. avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin (111, 222, 333, 444, 555, 666, 777, 888, 999) və ya hərflərin kombinasiyası üzrə dövlət rüsumunun məbləği, seriyası eyni hərflərdən (məs: AA ... ZZ ) ibarət olduqda 1000 AZN, seriyası müxtəlif hərflərdən (məs: AB ... ZY ) ibarət olduqda 500 AZN ödəməklə sifariş edə bilinməsi təsbit olunub. Yəni ki, müəyyən dövlət rüsumu ödəməklə biz istədiyimiz dövlət qeydiyyat nişanlarını ala bilərik. Həm də bu zaman imtiyazlı şəxs olduğumuz üçün bizim sifarişimiz növbədənkənar yerinə yetirilməlidir. Mən də məsələnin axırına çıxmaq üçün məhkəməyə müraciət etməyi qərara aldım”.

Məhkəmə də olub. 1 saylı İnzibati-İqtisad Məhkəməsi Tariyel Şirinlinin Dövlət Yol Polisi İdarəsinə qarşı iddiasını təmin etməyib. Tariyel Şirinli deyir, məhkəmədən belə bir qərar onun üçün gözlənilən olub:

“Məhkəmələr sifarişli qərar qəbul edir, bunu ölkədə uşaqdan böyüyə hamı bilir. Dövlət Yol Polisi məhkəməni saya alıb iclaslara bircə dəfə də nümayəndə göndərmədi, ancaq vaxtı çatanda sifariş edib istədiyi qərarı çıxartdıra bildi”.

“Dəvət olunsa da, idarəyə gəlməyib”

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Tariyel Şirinlinin Daxili işlər nazirinə müraciətindən sonra o, Baş Dövlət Yol Polisi İdarəsinə dəvət olunsa da, gəlməyib: “... Hazırda sərfiyyatda olan “99” kodlu müxtəlif hərflərin və 002, 003, 004, 006, 008, 222, 333, 444, 666, 200, 300, 400, 600, 800 rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarından birinin müvafiq qaydada vətəndaşın avtomobilinə təhkim edilməsi məsələsinə baxılması üçün idarəyə dəvət olunsa da, gəlməyib”.

Tariyel Şirinli isə qurumun yalan danışdığını, idarəyə dəvət olunmadığını iddia edir: “Üstəlik də, mən qeyd etdikləri rəqəmlərin yox, məhz “999” rəqəminin kombinasiyasından ibarət dövlət nömrə nişanı tələb edirəm. Buna görə də məhkəməyə müraciət etmişəm. Məhkəmə Dövlət Yol Polisi idarəsinə sorğu göndərib və qurum məhkəmənin də sorğusunu eyniməzmunlu cavablandırıb ki, bu da məni qane etmir”.

Qarabağ əlilinin iddiasından əl çəkmək fikri yoxdur. Düşünür ki, qoşa nömrə təkcə varlıların, oliqarxların yox, hər bir vətəndaşın haqqıdır. O, yanvarın 14-də əldə etdiyi məhkəmə qərarından apelyasiya şikayəti verəcəyini deyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/m4nqql

Ən çox baxılan