Qarabağ əlili: ”Başımda qəlpə var, ancaq dəli deyiləm”

Yevgeniy Momot hazırda pansionatda tənha qalıb

Source:


Yevgeniy Momot hazırda pansionatda tənha qalıb

“Məni dəli kimi qeydiyyata alıb Şamaxıdakı ruhi xəstələrin pansionatına göndərmək istəyirlər. Qarabağda döyüşmüşəm, sağlamlığımı itirmişəm, başımda qəlpə var, bir tərəfim iflic olub, ancaq bağışlayın, mən dəli deyiləm”.

Bunu Meydan TV-yə hazırda Buzovnadakı 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində yaşayan 1-ci qrup Qarabağ əlili Yevgeniy Momot deyir.

Şöbə müdiri dedi, gücüm çatmır

Yevgeniy Momot getməyə yeri olmadığından əvvəllər Bilgəhdəki Qocalar Evində yaşayıb. 4 il əvvəl orda təmir başlayanda bir neçə kimsəsiz, lakin psixi problemi olmayan sakinlə birlikdə ordan Buzovnadakı 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə yerləşdirilib. İlk bir neçə ayı ümumi korpusda qalsa da, yeni rəhbərlik nevroloji xəstələri psixi xəstələrdən ayırıb başqa korpusa keçirib. Ancaq 1 həftədir ki, pansionatda gedən təmirlə əlaqədar pasiyentlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin başqa müəssisələrinə yerləşdirilir, Yevgeniyə isə əşyalarını toplaması tapşırılıb. Ancaq o, biləndə ki, Şamaxıdakı 1 saylı ixtisaslaşdırılmış ruhi-əsəb internat evinə göndərilir, getməkdən imtina edib. Səbəbi də sadədir – o, özünü psixi xəstə hesab etmir:

“Dövlət təminatındayam, ancaq o demək deyil ki, istəsələr mənə “dəli” adı qoya bilərlər. Nazirliyin bir şöbə müdiri özü də etiraf etdi ki, ora mənə uyğun deyil, söz verdi məni ora göndərməyəcəklər. Ancaq indi deyir, bacarmıram, mənlik deyil, özün çalış, buralarda normal bir müəssisəyə yerləşdirsinlər”.



Fəhlələrin yeməyindən yeyir, toz udur…

1 həftədir ki, müəssisədə lələ köçüb, yurdu qalıb. Hə, bir də inadından dönməyən Yevgeniy oradadır. O, dağıntılar arasında fəhlələrin yeməyindən yeyib tozu ciyərlərinə çəkir, ancaq göndərilən yerə getməməkdə israrlıdır.

Yengeninin bura gəlib çıxanadək bir tarixçəsi olub. Yuxarıda deyildiyi ki, hələ 4 il əvvəl Qocalar Evində təmir işləri başlayanda onu da yaşı 60-a çatmayan bir neçə sakinlə regionlardakı psixi xəstələr üçün nəzərdə tutulmuş müəssisələrə göndərəcəklərmiş. Həmin vaxt keçmiş cəbhədaşları bunun qarşısını alıb. 2-ci qrup əlil Əhməd Rəhmanov danışır:

“O vaxt Yevgeniy mənə zəng vurdu, dedi, bizə bir gecə vaxt verilib, bir çantalıq əşya toplamalıyıq və səhər bizi Göygöldəki, Şamaxıdakı psixi xəstələrin internat evlərinə dağıdacaqlar. Yevgeninin psixi problemləri yox idi. Biz çox çalışdıq ki, onun o tipli müəssisəyə göndərilməsinin qarşısını alaq. Yalnız onu edə bildik ki, Bakıdakı 1 saylı Psixinevroloji Sosial Xidmət Müəssisəsində saxlatdırdıq. Ötən ilin dekabrında pansionatda vəziyyəti ağırlaşdı. Əvvəlcə Mərdəkandakı 20 saylı xəstəxanaya qoyduq. Ancaq bir neçə gün orda qalsa da, müalicə olunmadı, pis münasibətlə qarşılaşdı. Əlinə bir resept verib xəstəxanadan çıxartdılar. Növbəti dəfə durumu ağırlaşanda Neyrocərrahiyyə Xəstəxanasına apardıq. Cəbhə yoldaşlarının maddi köməkliyi ilə başından əməliyyat olundu. O vaxt kəllə sümüyü yerinə qoyulmuş plastmas irinlədiyindən çıxartdılar, bildirdilər ki, yenisini 6 aydan tez qoymaq mümkün deyil. Deməyim odur ki, bu dəqiqə onun vəziyyəti yaxşı deyil. Və bu vəziyyətdə tozun-torpağın, daşın, kəsəyin içində qalıb. Psixi sağlam insanları aparıb psixi xəstələrlə eyni otaqda saxlayırlar, Yevgeni də təbii olaraq bunu qəbul etmir”.



Qurum: “tədbir görüləcək”

Əhməd Rəhmanov Azad İstehlakcilar İctimai Birliyi (AİB) “Müalicə və bərpa müəssisələrində istehlakçı hüquqları komissiyasının”nın rəhbəridir. O, Komissiyanın adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və prezidentə müraciət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Meydan TV-yə bildirilib ki, qurumun müvafiq şöbəsinin əməkdaşları Yevgeniy Momotun durumu ilə maraqlanacaq.

O, şəhərdaxili müəssisələrdən birinə köçürüləcək.

Ana səhifəReportajQarabağ əlili: ”Başımda qəlpə var, ancaq dəli deyiləm”