Qaçılmaz qanunlar

Foto: Meydan TV

Dünya xalqları arasında bəlkə də sürəkli alqış mətləbinin ən dərin bilicisi Azərbaycan xalqıdır

Bütün cəmiyyətlər qaçılmaz qanunlar əsasında yaşayır. Cəmiyyətlərin həyatında bu qanunların hökmü insan həyatında gənclik, qocalıq və ölüm kimi qaçılmazdır. Hansısa cəmiyyətdə bu qanunların hökmü özünü tez, hansındasa nisbətən gec göstərir.


Bu qanunlardan biri deyir ki, nə vaxtsa cəmiyyətə fironluq və lotuluqla ağalıq edənin aqibəti ifşa və rüsvay olur.


O biri qanun deyir ki, haram tikə həmişə boğazda qalır, burundan gəlir.


Bəşər tarixində bircə nümunə yoxdur ki, bunun əksini göstərsin. Qədim zamanlara baş vurmadan elə çağdaş dövrə nəzər salsaq, fironluq etmiş ərəb müstəbidlərinin, sovet rəhbərlərinin, digər diktatorların əsla qibtə doğurmayan aqibətini təsəvvürümüzə gətirsək, kifayətdir.


Qazaxıstan Respublikasının ilk prezidenti Nursultan Əbiş oğlu Nazarbayev ölkəsinə 30 ildən çox rəhbərlik etdi və xalqını öz tədbirli və ağıllı xarici siyasəti ilə bir çox bəlalardan qoruya bildi. Bu bəlalardan birincisi Rusiyadan gələn təhlükə idi ki, bu bəlanı Nursultan-əkə öz qılıqlı siyasəti və davranışı ilə zərərsizləşdirməyi bacardı.


Lakin səd heyf ki, xarici bəlalardan sığortalana bilmiş təcrübəli rəhbər sıravi, zəlil və çiy bir insan kimi nəfsinə qarşı cihadı biabırcasına uduzdu və ən bəsit bir gəda kimi xalq malını özü, qohumları və naib-nökəri üçün halal qənimət sayıb talan etməyə girişdi. Bu yolda hədsiz hiylə və zorakılığa əl atdı, yüzlərlə milyard dollar həcmində sərvəti öz adına, üç qızının, kürəkənlərinin, nəvələrinin, qardaşlarının və onların övladının adına keçirdi, eyni zamanda hakimiyyətini möhkəmləndirmək məqsədilə seçib təyin etdiyi yaltaq və əliəyri rəhbər işçilərin xalq malını yağmalamasına şərait yaratdı.


Təbii ki, Qazaxıstanda da, bütün dünyada olduğu kimi, təbiət və cəmiyyət qanunları eynilə işləyir: əgər kimlərsə hədsiz varlanırsa, kimlərsə hədsiz kasıblaşır. Böyük təbii sərvətlərə, sovet dövründə tikilmiş çoxsaylı nəhəng sənaye müəssisələrinə və yüksək peşəkarlığı olan idarəçilərə, fəhlə və mühəndis ordusuna rəğmən Qazaxıstan Respublikasının iqtisadiyyatı geriləməyə, əhalisi isə yoxsulluq girdabına sürüşməyə başladı. Cəmiyyətdə kəskin qütbləşmə ona gətirdi ki, dövlətin sərvətinin əsas hissəsi bir ovuc fürsətçinin əlinə keçdi, əhali isə işsiz, gəlirsiz, gələcəyə naümid qaldı.


Bəli, Nursultan Əbişeviç Nazarbayev müstəqil Qazaxıstan Respublikası qarşısında danılmaz xidmətlərin sahibidir. Nə qədər ki, Nursultan Nazarbayev hakimiyyətdə idi, onun dünyaya və xalqına təqdimatı yalnız və yalnız bu həqiqi xidmətlərin üzərində qurulurdu. Dövlət öz başçısına heykəllər ucaldır, küçə, park və şəhərlərə onun adını qoyurdu.


Fəqət zaman hamı üzərində müqtədirdir. Ən qüdrətli insanlar belə qocalır, taqətdən düşür, ölümlə pəncələşməyə məcbur qalır. Xəstəlik və fiziki taqətsizlik Nazarbayevi hakimiyyəti özünə sadiq saydığı peşəkar diplomat Qasım Comərd Tokayevə könüllü şəkildə ötürməyə vadar etdi. Tokayev Elbası (el başçısı) təxəllüsü götürmüş Nazarbayevə ən yüksək ehtiram əlaməti olaraq ölkə paytaxtının Astana deyil, Nursultan adlanmasını təklif etdi. Nazarbayevin sayəsində milyoner və bəziləri milyarder olmuş qazax məmurları bu təklifi sürəkli alqışlarla qarşıladılar.


Dünya xalqları arasında bəlkə də sürəkli alqış mətləbinin ən dərin bilicisi Azərbaycan xalqıdır. Bəli, dünyada hər şey ötəridir, fəqət ən sürətlə keçən şey sürəkli alqışın doğurduğu sərməstlik hissidir. Neçə siyasətçi Azərbaycan xalqının sürəkli alqışlarını qulaqları ilə eşitmiş, coşqunluqla çəpik çalan kütləni gözləri ilə görmüşdür! Qədim Roma deyimidir: “Belə keçir dünya şöhrəti”.


Haradasan, “18-ci ordu adına “Kiçik torpaq” muzeyi”!


İndiki cavan nəsil bu sözlərin mənasını belə anlamır. Lakin 1970-ci illərdə həmin muzeydə bütün Azərbaycan xalqına 18-ci ordunun komissarı Leonid İliç Brejnevin fövqəladə qəhrəmanlıqla sovet döyüşçülərini faşist ordusuna qarşı vuruşmağa ilhamlandırması barədə siyasi dərslər keçilirdi.


İndi zəmanə dəyişib, Fəvvarələr meydanında həmin unudulmuş muzeyin yerində, yanılmıramsa, qadın gözəllik salonu yerləşir. Qayğılı və qayğısız küçədən ötənlərin heç ağlına gəlmir ki, bu çəlimsiz məkanda parlaq siyasi karyeraların təməli qoyulurdu, xalqımıza zorən siyasi savad öyrədilirdi. O cümlədən, “sürəkli alqış” dərsi keçilirdi.


Bəli, Tokayev Qazaxıstan Respublikasının prezidenti seçildi və ölkəsini özü bildiyi kimi idarə etməyə cəhd etdi. Fəqət Nazarbayevin özündən miras qoyduğu çoxsaylı qohumları və əyan-əşrəfi anlamadı ki, dövlətin başında artıq Tokayev əyləşib. Müstəqil hərəkət etməyə cəhd edən prezidentə addımbaşı həddini göstərməyə başladılar. Köhnə qvardiya görəndə ki, xeyr, prezident tabe olmaq istəmir, ənənəvi fəndə əl atdı, kütləni küçələrə çıxardı.


Şüarlar ilk baxışdan ədalətə və tərəqqiyə çağırırdı. Lakin ilk baxışdan. Dərindən fikirləşəndə isə köhnə əyyamın və köhnə ağaların qayıtmasını tələb edirdi.


Möhtərəm oxucum, yadına nə isə düşürmü?


Müxtəsər, sürəkli və qanlı çarpışma Tokayevin qələbəsi ilə nəticələndi. Nazarbayevin tərəfdarlarının tutulanı tutuldu, qaçanı qaçdı, öləni öldü, qalanı isə susub qınlarına çəkildi. Onların çoxu hələ də vəzifədədir, cahi-cəlal içrə yaşayır. Lakin keçmişlə haqq-hesab məsələsi gündəmdədir.


Dahi Sabir nə demişdi? “Zilli-Sultan, bura çək aldıqlarını, döyüb aldıqlarını, döydürüb aldıqlarını…”
İndi hələlik çəkinə-çəkinə, fəqət qanun çərçivəsində, qazax ictimai fəalları və hakimiyyətin incitdiyi işbazlar Nazarbayev dövrünün ən parlaq quldurlarından vaxtilə xalqdan çapdıqları sərvətin qaytarılmasını tələb etməyə başlayıblar. Bir çox vaxtilə dondurulmuş və boğulmuş qeyri-hökumət təşkilatı dirçəlmiş, yeniləri yaranmışdır. Onlardan birinin adı “Elge qaytaru”dur. Mən belə anladım ki, “Ölkəyə qaytar”dır. Bu təşkilatın başında Nazarbayev üsuli-idarəsinin incitdiyi, həbsə atıb müflis etdiyi təcrübəli peşəkarlar, vaxtilə müstəqil iş qurmuş sahibkarlar durur. Ölkədə hökm sürən qaydaları gözəl bilən bu adamlar kimin nə vaxt, haradan və nə qədər oğurladığını cəmiyyətə elan edir, daxildə və xaricdə gizlədilmiş sərvətin ölkəyə qaytarılıb xalq naminə istifadəyə verilməsini tələb edirlər.


Bu sərvət nəhəngdir. Azərbaycanla müqayisədə Qazaxıstan qat-qat zəngin ölkədir. Təbii ki, Elbası və onun qohum-qardaşı, naib-nökəri zavallı və kasıb qazax xalqından onlarla deyil, yüzlərlə milyard dollar çırpışdırıb.
Məqaləmin canı nədir, ümid edirəm ki, oxucum anladı. “Qızım, sənə deyirəm, gəlinim, sən eşit”.
Mən cavan olanda, belə bir mahnı dəbdəydi:


“Gələr bir gün, bu gözəllik, sənə də qalmaz…”


Oxucumu insafı, ədaləti və tarixin qaçılmaz qanunauyğunluqlarını unutmamağa çağırıram. Bundan ziyadə nə demək?


Səlamət qalın.

Ana səhifəMənim FikrimcəQaçılmaz qanunlar