Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş həbsxanadan yazır:
Gələn ay bir il olacaq ki, hakimiyyətin necə işlədiyini ən aydın göstərən yerdə – həbsxanadayam. Aksiyaya çıxdığı üçün həbsə atılan inanclı xanımlardan biri xəbərlər proqramı başlayanda belə deyir: “Baxaq görək bayırdakılar nədən əziyyət çəkir”. Doğru təsbitdir. Ölkə vətəndaşları elə gündədir ki, biz türmədə onların halına acıyırıq. Hər gün stress, həyəcan, əməyin istismarı və nəticədə danışa bilməmək əzabı, həbs qorxusu…
Hətta hər kəsin qorxusuna çevrilmiş, kəsdiyi başın sorğu-sualı olmayan, daim ölkə rəhbərlərindən “nə edirsə, əcəb edir” sayağı cümlələr eşidən polis əməkdaşından belə “‘əlacım olsa, çıxıb gedərəm bu xarabadan” sözünü eşitmişik. Halbuki xaraba qoyduqları ölkədə çiyinləri ancaq ulduz qazanıb.
Ölkə idarəçiliyinin bərbadlığı nəticəsində bu gün hamı özünü qorxulu evin sakinləri kimi hiss edir. Sanki hər yer minalanıb, hara tərpənsən partlayıb, səni havaya uçuracaq. Məmləkət qalıb bir qrup paranoyak zümrənin əlində. Yatıb yuxularını qarışdıran kimi durub kimisə həbs edir, cəzaları, qadağaları artırırlar. Hansı ölkənin başçısı Əliyevlə soyuq salamlaşırsa, o ölkəyə bağlı düşmən axtarışına çıxırlar. Belə görünür ki, ölkədə hakimiyyətə düşmənlərin sayı dostlardan çoxdur. Ayağı yer tutan ölkədən gedib, getməyən tutulub, yenə də qorxu hissi, paranoya bu hakim zümrəni tərk etmir. Onların böyük bir yaltaq ordusu var. Hər gün onların vasitəsilə insanların beyninə “böyük lider”, “sarsılmaz birlik”, “uzaqgörən siyasət”, “müdrik şəxsiyyət” fikirlərini yeritməyə çalışırlar.
Yaltaqlıq demişkən, Ramiz Mehdiyevlə bağlı hadisələr göstərdi ki, sabunu bol etməyin faydası yoxdur, Əliyevlər lazım gələndə ən sadiq adamını belə ayağı altına ala bilər.
Ölkə idarəçiliyinin zaylığı təkcə günahsız insanları həbsə atdırmayıb, həm də vətəndaşları cinayət törətməyə məcbur qoyub, bəzi əxlaqi dəyərləri adiləşdirib. Təsəvvür edin, rüşvətlə varlanmağın cazibəsi, ictimai qınağın olmaması nə qədər cinayətə yol açır. Eləcə də başqasının malını mənimsəmə, dələduzluq yolu ilə əldəetmə. Özlərinin etirafına görə, dələduzluqda ittiham olunanlar həbs edilənlərin 44 faizini təşkil edir. Gerçəklikdə isə bu göstəricinin 60 faizindən az olmaması qənaətindəyəm. Əksəriyyəti isə qızıl alveri, lombard maxinasiyası ilə bağlıdır və çoxunun arxasında hüquq-mühafizə orqanlarının rəhbər vəzifədə oturanlarının adı hallandırılır.
Corc Oruell yazırdı ki, cinayətin gəlir mənbəyinə çevrildiyi istənilən cəmiyyətdə cinayətlərin baş verməsinin əsasında sərt qanunlar və qəddar idarəçilik sistemi dayanır.
Həbsxana elə bir yerdir ki, sən buradan sistemin, rejimin necə idarə olunduğunu daha aydın görürsən. Birmənalı demək mümkündür ki, bu hakimiyyət üçün vətəndaş anlayışı yoxdur. Fərq etmir, o insan həbsdədir, ya azadlıqda, müxalifətdədir, yoxsa hakimiyyətin yanında.
Hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin durumu hər kəsə məlumdur. Ən diqqətdənkənar sistem isə məhz birbaşa insanlarla işləyən ədliyyədir. Daha doğrusu penitensiar xidmət. Uzun müddətdir həbsxanalardakı həmkarlarımız rastlaşdıqları problemləri işıqlandırmaqla məşğuldurlar. Təəssüf ki, biz təcrid olunmuş vəziyyətdəyik və yanımızdakı 3-5 nəfərdən artıq adamla ünsiyyətimiz olmur. Onların da problemini ya işıqlandırırıq, ya da Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət edərək həllinə çalışırıq. Məhbusların kütləvi saxlanıldığı korpusları görmədiyimizdən ora haqqında təsəvvürümüz belə azdır. Ancaq həmkarlarımız demək olar ki, bütün sahələrə işıq tutublar.
Şəxsən mənim gördüyüm odur ki, nə məhbuslara qayğı var, nə də onlarla işləyənlərə. Bu gün pentensiar sistemdə o adamlar çalışırlar ki, onların başqa çarələri yoxdur. Cüzi maaş qarşılığında işləməyə məcbur olmalarının əsas səbəbi ölkədəki böyük işsizlik ordusu və yaşam şəraitinin ağırlığıdır. Az qala bütün nəzarətçilərin və əməliyyatçıların bank krediti var. Yenə də çoxu dözmür və tez-tez işdən çıxmalar olur, pensiya yaşını həsrətlə gözləyirlər. 20 il yetərlidir ki, pensiyaya çıxsınlar.
Penitensiar Xidmətdə işləmək istəməyənlər arasında həkimlər də çoxdur. Məsələn, aylardır işdən çıxarılar Güney Həsənovanın yerinə gəlmək istəyən yoxdur. Bir həkim gəlmişdi, dözmədi getdi. Hər gün 20-30, bəlkə də çox qadınla çalışmaq qarşılığında aldığı məvacibə qane olmadı. İndi 200-ə yaxın qadın qalıb bir feldşerin ümidinə. Diaqnozları çox vaxt düz çıxmasa da, pis-yaxşı bir USM mütəxəssisi vardı, o da maaşın azlığına dözmədi, gedib özəl klinikaların birində ikiqat maaşa iş tapdı. “Baytar” dediyimə görə məndən müəssisə rəhbərliyinə şikayət edən Emin adlı həkim “Sançast”ın ən yaxşı mütəxəssisi sayılır. O da işin əlindən imkan tapmır. Canını feldşerə etibar etməyən qadınlar da məhz onun sistem köçürməsini istəyirlər.
Bir neçə gün əvvəl baş həkimə dedim ki, 11 aydır həbsdəyik, görürəm qadınların ginekoloq, ortoped, nevropotoloq və kardioloqa ehtiyacı var. Doğrudur, elə həmin həftə də təşkil olundu, həm korpusda, həm də “sançast” ərazisindəki qadın korpusunda ehtiyacı olan qadınlar müayinədən keçdi. Ancaq məlum oldu ki, ginekoloq və ortoped kənardan gətirilib. Sən demə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin ştatında ginekoloq yoxdur. Halbuki ümumilikdə 700-dən artıq qadın həbsdədir, hər biri heç olmasa ildə bir dəfə müayinədən keçməlidir.
Mütəxəssislərlə yanaşı tibbi avadanlıqlar da yoxdur. Yenə də səbəbini maddiyyata bağlayırlar. Avadanlıqların alınması üçün Ədliyyəyə yetərincə məbləğin ayrılmadığı deyilir. Təsəvvür edin, kənardan həkim gətiriləndə neçə dəqiqə gözləmişik ki, USM aparatının ciyiltisi dayansın, əks halda ekran sönürdü. Nəinki bizim “sançast”da, ümumiyyətlə, Tibb İdarəsinin nəzdindəki heç bir Tibbi-Sanitar hissədə, müalicə mərkəzində MRT və digər avadanlıqları yoxdur. Bu barədə dostum Şəmşad Ağa da ətraflı yazmışdı.
İndi müəssisə əməkdaşları oturub ümid edirlər ki, bəlkə növbəti ilin büdcəsi təsdiqlənəndə ədliyyə sisteminin tibbi təchizatının təmin edilməsi məsələsi də gündəmə gələr. Təbii ki, yenə də heç nə dəyişməyəcək. Çünki sistem çürükdür. Çünki bu çürük sistemin başında duran adamların pul bölüşdürmə siyahısında ədliyyə sistemi heç yüzüncü yerdə də deyil. Pullar ancaq güc strukturlarına yönləndirilir. Bütün imtiyazlar da onlara verilir. Çünki hakimiyyət məhz onların sayəsində ayaqdadır. Məhz onların sayəsində pullu insanlar həbs edilir, ən azı Qarabağda 20-30 ev tikmək öhdəliyi götürdükdən sonra azad edilir. Onların sayəsində dillənən başlar əzilir. Azərbaycan hakimiyyəti üçün öz vətəndaşı ən dəyərsiz varlıqdır. Onun rifahından çox, vergi yükünü necə artırmağı düşünür.
Yenə də həyatın nə gətirəcəyi bilinmir. Görmüş müdriklər boşuna deməyib: “Dərin qaz, dayaz qaz, sonda özün düşəcəksən”. Bu bataqlığı yaradanların ən ağsaqqalı artıq onun üfunətini hiss etməkdədir. Davamını gözləyək. Onsuz da əvvəl-axır rejim özünü yeyəcək…