Putin “Telegram”ın yaradıcısından şikayətçi olmadıqlarını deyir

Vladimir Putin. Foto: Meydan TV

“Bizim ona qarşı heç bir narazılığımız olmayıb”

Rusiya hakimiyyətinin “Telegram”ın yaradıcısı Pavel Durova qarşı heç bir şikayəti olmayıb.
Bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.

“Bizim ona qarşı heç bir narazılığımız olmayıb”, – Putin Durovdan danışarkən deyib.

Rusiya Prezidenti Durova qarşı irəli sürülən ittihamlara da münasibət bildirib. Onun sözlərinə görə, Parisin Pavel Durovla bağlı hərəkətləri çox aydın deyil və seçici xarakter daşıyır:

“Onu da bilirəm ki, bəzi ölkələr, şəxslər və ya hansısa strukturlar tərəfindən uyğunsuz istifadənin iqtisadiyyata və ya təhlükəsizliyə xələl gətirə biləcəyi təhlükəsi ilə “Telegram”ı şikayət ediblər. Düşünürəm ki, bu tipli bütün platformalar bunda günahkardır. Durova bunu edirlərsə, o zaman başqaları həbs edilməlidir, həbs olunmalı və ya ev dustaqlığına salınmalıdır”

Rusiya Prezidenti Vladimir Putin “Telegram”ın yaradıcısı Pavel Durovla Azərbaycanda görüşməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, yayılan xəbərlərin həqiqətəuyğun olmadığını deyib.:

“Durovla bir dəfə, o da uzun illər əvvəl Moskvada görüşmüşəm. Həmin vaxt o, yalnız planlardan danışırdı. Mən mütəmadi olaraq iş adamları ilə görüşürəm. Durov da həmin görüşlərdən birində Kremldə idi. O vaxtdan bəri biz bir-birimizi görməmişik, onunla heç vaxt əlaqə saxlamamışıq. Düzü, başa düşə bilmirəm, niyə Bakıda görüşməliyik? Durovun Moskvada yaşadığını güman edirdim. Onun Bakıda olduğunu bilmirdim. Biz özümüzü biznesdən kənarlaşdırmırıq. Onun hər hansı bir istəyi olsaydı, Moskvada mənimlə görüşə bilərdi”.

Vladimir Putin avqustun 18-19-da Azərbaycanda səfərdə olub.

Avqustun 20-də “Baza” Telegram kanalı yazıb ki, Putinin Bakıya səfərindən bir neçə gün əvvəl Prezident Administrasiyasının üzvləri ona həmin vaxt Azərbaycanda olan Durovla görüş təşkil etməyi təklif ediblər. Lakin Putin bundan imtina edib. Bu qərarın səbəbi, eləcə də görüşün nəzərdə tutulan mövzusu məlum deyil.

Pavel Durov bir neçə ay öncə ABŞ şərhçisi Taker Karlsona müsahibəsində bildirmişdi ki, 2011 və 2013-cü ildə Rusiya hakimiyyəti ilə əməkdaşlıq etmədiyi üçün vaxtilə ona Kreml rəsmiləri tərəfindən yaratdığı “VK” sosial şəbəkəsinin səhmlərini sataraq ölkəni tərk etməsi şərti qoyulub.

Durov bundan sonra Rusiyanı tərk etmək məcburiyyətində qalıb.

Hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayan Durov bildirib ki, bura onun üçün neytral zonadır və “Telegram” istifadəçilərinin şəxsi məlumatlarının üçüncü şəxslərə ötürülməsi ilə bağlı BƏƏ rəsmilərindən sərt təpkilər almır.

Durov “Telegram”ın loqosundakı kağız təyyarəni də söz azadlığı, insanların şəxsi sərhədlərinin qorunmasını simvolizə edən işarə kimi mənalandırır.

Pavel Durov. Foto: Reuters

Pavel Durov 2024-cü il avqustun 24-ü axşam saatlarında Paris hava limanında saxlanılıb. “Politico”nun məlumatına görə, Fransa hakimiyyəti Durov haqqında həbs qərarını 2024-cü il martın 25-də verib. Eyni zamanda onun qardaşı, “Telegram”ın həmtəsisçisi Nikolay Durov barəsində həbs qərarı çıxarılıb. Həbs orderləri “yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanması, yayılması və ya onlara çıxış təklifində iştirak” üçün verilib.

Avqustun 26-da günortadan sonra Fransa prokurorluğu 12 cinayətlə bağlı naməlum şəxslərə qarşı istintaq aparıldığı barədə mətbuata açıqlama yayıb. Onların arasında səlahiyyətli orqanların tələbi ilə məlumat verməkdən imtina, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında iştirak, narkotik vasitələrin yayılmasında iştirak, haker proqramlarının yayılmasında şəriklik var.

Avqustun 29-da Durov beş milyon avro depozit qarşılığında zaminə buraxılıb.

Ana səhifəDünyaPutin “Telegram”ın yaradıcısından şikayətçi olmadıqlarını deyir