Putin Qərbin telejurnalisti öldürmək istədiyini iddia etdi

Mənbə: wikiwand

Vladimir Solovyevi “sifariş”lə öldürməyə cəhddə ittiham olunan şəxslər həbs edilib

“FTX Qərbin Kremlpərəst jurnalisti öldürmək planının qarşısını alıb”.

Rusiya prezidenti Vladimir Putin bu iddia ilə çıxış edib.

Bildirib ki, aprelin 25-də səhər Federal Təhlükəsizlik Xidməti (FTX) bir məşhur rus telejurnalistinə hücum edərək onu öldürməyi planlaşdıran terror qruplaşmasının fəaliyyətini dayandırıb:

“Əlimizdə bununla bağlı təkzibedilməz faktlar var” – deyə, Putin ölkənin yüksək rütbəli prokurorları ilə görüşü zamanı deyib.

Əlavə edib ki, Qərb Rusiyada informasiya fiaskosu yaşayıb. İndi də rus jurnalistləri öldürmək cəhdlərinə üz tutub.

Vladimir Putin iddiasını təsdiqləyən sübut təqdim etməyib. Onun bu bəyanatından sonra Rusiya xəbər agentliyi TASS məlumat yayıb ki, təhlükəsizlik xidmətləri Kremlpərəst dövlət televiziyasının məşhur aparıcısı Vladimir Solovyevi “sifariş”lə öldürmək planı hazırladığı iddia edilən “Milli Sosializm/Ağ Güc” adlı neonasist qrupun rus üzvlərini həbs edib.

TASS-ın xəbərində bildirilir ki, təhlükəsizlik xidmətləri çoxlu silah-sursat, həmçinin 8 “Molotov kokteyli” və 6 tapança ələ keçirib.

FTX tez-tez iddialarını dəstəkləmək üçün çoxlu dəlil təqdim etmədən, Ukrayna adından fəaliyyət göstərən ifrat sağçı qruplar tərəfindən hazırlanmış terror aktlarının qarşısını aldığını iddia edir.

Rusiya ordusunun Ukrayna ərazisinə girməsindən bir neçə gün əvvəl Rusiya təhlükəsizlik xidmətləri də Ukraynanı Rusiya ərazisinə və separatçıların nəzarətində olan Donbasa bir sıra hücumlarda ittiham etmiş, sonradan müstəqil jurnalistlər tərəfindən bu iddialar təkzib edilmişdi.

Putin isə həmçinin, bildirib ki, Qərb Rusiyanı daxildən məhv etməyə çalışır.

“Rusiya cəmiyyətini parçalamaq, ölkəni daxildən dağıtmaq vəzifəsi Qərb üçün ön plana çıxıb, lakin onların səyləri uğursuzluğa düçar olacaq”, deyən Putin, Rusiya cəmiyyətinin “heç vaxt bu qədər birləşmədiyini” əlavə edib.

Putin həmçinin Qərbi Rusiya silahlı qüvvələrinə qarşı “təxribatlar” təşkil etmək üçün xarici media təşkilatlarından və sosial mediadan istifadə etməkdə ittiham edib.

Ana səhifəDünyaPutin Qərbin telejurnalisti öldürmək istədiyini iddia etdi