Putin: Bu, çoxdankı münaqişə, çoxdankı problemdir, dondurulmuş vəziyyətdə idi, təəssüflər olsun ki, orada qığılcım baş verdi.
“Çox həssas mövzudur. Mən elə gəlir ki, biz bu mövzuya ehtiyatlı yanaşmalıyıq. Bu, çoxdankı münaqişə, çoxdankı problemdir, dondurulmuş vəziyyətdə idi, təəssüflər olsun ki, orada qığılcım baş verdi. Biz əlimizdən gələni edəcəyik ki, bu münaqişə həll olunsun, hər iki tərəf üçün məqbul sayılan həll yolu tapılsın. Əlbəttə ki, Dağlıq Qarabağla bağlı uzunmüddətli həlli lazımdır. Bu, istisnasız olaraq siyasi həll yoludur”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin canlı yayımda ona ünvanlanan sualları cavablandırarkən deyib.
O bildirib ki, güzəşt tapılmalıdır: “Bir neçə il əvvəl mənə elə gəlirdi ki, biz hər iki tərəfə sərf edən güzəşti tapmağa yaxınlaşmışıq. Təəssüflər olsun ki, belə deyilmiş. Beynəlxalq strukturlar çərçivəsində və ikitərəfli formatlarda münaqişənin həlli istiqamətində işlərimizi davam etdirəcəyik. Kimin nə deməsindən asılı olmayaraq, Rusiya bu münaqişənin həllində maraqlıdır. Biz həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq edirik.
Rusiyada çoxlu sayda azərbaycanlı və erməni yaşayır. Söhbət milyonlardan gedir. Tanrıya şükürlər olsun ki, Rusiyada belə problem yoxdur. Bundan savayı, bilirəm ki, Rusiyadakı azərbaycanlı və ermənilər baş verənlərdən sonra da şəxsi münasibətlərini qoruyub saxlayırlar. Rusiya bu münaqişənin həllinə öz vasitəçi töhvəsini verəcək. Son qərar isə Azərbaycan və Ermənistan xalqlarınındır”.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT”>BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT”>BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.