Serdar Ortaç: “İddialar doğru deyil, amma yenə də cəmiyyətə pis nümunə oldum”
İstanbul Cümhuriyyət Prokurorluğu “Qanunsuz mərc oyunlarına təşviq etmə” istintaqı çərçivəsində aparıcı Mehmet Ali Erbil və müğənni Serdar Ortaçın ev dustaqlığına buraxılmasına etiraz edib.
Prokurorluq Serdar Ortaç və Mehmet Ali Erbilin həbsini istəyib.
Noyabrın 11-də qanunsuz mərc oyunları araşdırması çərçivəsində nəzarətə alınan və polis bölməsində əməliyyatları tamamlanan 16 şübhəli İstanbul Ədliyyə Sarayına sövq edilib.
Həbs tələbi ilə məhkəməyə çıxarılan şübhəlilərdən ikisi Mehmet Ali Erbil və Serdar Ortaç prokurorluğa verdiyi ifadələrin ardından “ev dustaqlığı” qərarı ilə sərbəst buraxılıb.
Məşhurlar da daxil olmaqla ümumilikdə 20 nəfərin saxlanılaraq məhkəməyə aparıldığı bildirilir.
Keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıcam, eyni zamanda həm Rusiya, həm də Türkiyə vətəndaşı olan Aleksandr Mensikov saxlanılanlar arasındadır.
Məhkəmə qərarından sonra onların həbsxanaya göndərildiyi deyilir.
Məhkəmədən sonra jurnalistlərə açıqlama verən Serdar Ortaç iddiaların doğru olmadığını bildirib.
“Çox məyusam. İddialar doğru deyil, amma yenə də cəmiyyətə pis nümunə oldum”, – türkiyəli müğənni deyib.