“Dünyaya zirvədən baxın” – « OLYMPUS » şirkətinin reklam lövhəsini bəzəyən bu şüar Talıbovlar ailəsinin üzünə təbəssüm bəxş edə bilmir. Əksinə, yaşayış kompleksləri tikən bu şirkətin sayəsində dünyaya zirvədən deyil, açılmış yarıqdan boylanırlar. Seylan Talıbova deyir ki, şirkətin təklif etdiyi 1500 manat kompensasiya ilə razılaşmadıqları üçün evləri uçurulub.
Elnur Talıbovun sözlərinə görə, şirkətin nümayəndəsi ona deyib ki, məhkəmə də bizim əlimizdədir. O, artıq hara şikayət edəcəyini bilmir.
Şirkətin problemi təkcə Talıbovlar ailəsi ilə deyil. Sakinlərin sözlərinə görə, şirkət rəhbərliyi heç kimlə hesablaşmır. Burada yaşayanlar tikinti sayəsində evlərində rahat otura bilmirlər.
Azad Məmmədovun evinin divarlarında və tavanında çatlar yaranıb. O deyir ki, tikinti aparanlar vəzifəli şəxslərin adından istifadə edirlər.
Tikinti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən zənglərimizə cavab gəlmədi. « OLYMPUS » şirkətindən isə müdiriyyətin işdə olmadığını bildirdilər.