Prezident seçkilərinə nə qədər pul xərclənib?

Seçki. Foto: Meydan TV

Maliyyə Nazirliyinin hesabatında bəzi rəqəmlər var

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinə nə qədər vəsait xərcləndiyi rəsmi açıqlanmayıb.

Maliyyə Nazirliyinin hesabatında isə seçki adına bəzi rəqəmlər var.

Məsələn, nazirlik bildirib ki, 2024-cü ilin yanvarında “Seçkilərin keçirilməsi və statistika tədbirləri” çərçivəsində 42,4 milyon manat xərclənib.

İqtisadçı Toğrul Maşallı da deyir ki, 2024-cü il üçün dövlət büdcəsinin layihəsinə görə, bu göstərici 4,3 milyon manat olmalı idi.

“Prezident seçkilərinin büdcəsi şəffaf deyil, açıqlanmayıb, çünki Mərkəzi Seçki Komissiyası heç də şəffaf qurum deyil. Ona görə seçkilərin dəyəri haqqında birbaşa məlumatımız yoxdur. Ancaq Maliyyə Nazirliyinin aylıq hesabatından hansısa rəqəmləri görmək mümkündür”.

İqtisadçı deyir ki, xərclənən rəqəmlə xərclənməsi planlaşdırılan rəqəm arasında nə az, nə çox, 38 milyonluq fərq var:

“Fərqin əsas hissəsi mətbəə məhsulları ilə bağlıdır – 14,3 milyon xərclənib. İkinci sırada əməyin ödənişi gəlir, bura 10,9 milyon xərcləndiyi qeyd edilib”.

Toğrul Maşallı deyir ki, Maliyyə Nazirliyinin hesabatında qeyd edilən hər iki maddə birbaşa seçkilərə aiddir. Odur ki, təxmin etmək olar ki, fevralda keçirilmiş Prezident seçkiləri ilə bağlı yanvarda ən azı 38 milyon manat xərclənib:

 “Bütöv xərcləri öyrənmək üçün fevral hesabatını gözləmək lazımdır”.

Azərbaycanda fevralın 7-də növbədənkənar Prezident seçkisi keçirilib, İlham Əliyev yenidən Prezident seçilib.

Əslində qanunla Prezident seçkiləri 2025-ci ildə olmalı idi. Prezident İlham Əliyev seçkinin tarixinin bir il önə çəkib, bunu Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa olunması ilə izah edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi bəzi müxalifət qüvvələri bunu “qəfil seçki” adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edib. Həmçinin, seçkidə iştirakdan imtina ediblər.

Rəsmi qurumlar isə seçkinin azad və ədalətli keçirildiyini bəyan edib.

Ana səhifəSiyasətPrezident seçkilərinə nə qədər pul xərclənib?