Meydan TV-nin həbsdə olan jurnalisti Natiq Cavadlının saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından göndərdiyi yazısını olduğu kimi təqdim edirik:
“Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilinin “Gürcüstana doğru” başlıqlı xatirələri azadlıqda qarşıma çıxmışdı, hətta hörmətli yazıçı-şair Rasim Qaraca da oxumağı tövsiyə etdi. Ancaq bilmədiyim səbəblərdən götürmədim. Bu səhvimi həbsxanada aradan qaldırdım.
Fransada mühacir ailəsində doğulan, 30 il bu ölkənin Xarici İşlər Nazirliyinin müxtəlif vəzifələrində çalışdığına görə Fəxri Legion Ordeni alan, sonradan doğma Gürcüstanında səfir, ardından nazir vəzifəsinə təyin olunan Salome Zurabişvilinin yazdıqlarını bizim azərbaycanlıların oxuması vacibdir. Ona görə ki, kitab hər iki ölkənin ötən əsrin 20-ci illərində mühacirətə getməyə məcbur olan insanları arasında müqayisə aparmaq imkanı yaradır. İkinci, hazırda mühacir həyatı yaşayan azərbaycanlılar övladları üçün təhsilin nə qədər əhəmiyyətli olmasını anlayacaqlar. Üçüncü, mühacirətin, qəribliyin ağrı-acılarını, itkilərini yaşadır bu xatirələr. Dördüncü, Fransa xarici siyasəti, diplomatik kadrlar, onlar arasında əlaqələrə bələd olursan. Beşinci, böyük dövlətlər, xüsusən ABŞ-SSRİ (Rusiya) münasibətlərində Fransanın rolu, bu prosesdə şəxslərin təsiri, məsələn, Şevardnadze.
Ümumiyyətlə, sabiq prezidentin sələfinə münasibəti “Gürcüstana heç bir zaman xidmət etməyən” cümləsində ifadə olunur. “Qoca tülkü”nü (özü belə adlandırır) sovet dövründə təyyarə qaçıranlara qarşı qəddar münasibəti, gürcü dilinə “xarici dil” deyə etinasızlığı (o zaman Şevardnadze SSRİ-nin xarici işlər naziri idi) və 1989-cu ilin 9 aprel faciəsinə reaksiyasını sərt qarşılayır Salome Zurabişvili. Ondan törətdiklərinə görə cavab tələb etməmələrini səhv adlandırırdı.
Nəhayət, kitabın epiloqunu sakit oxumaq olmur. Xüsusilə, Rusiya haqda abzasları…
S. Zurabişvilinin ailəsi XX əsrin 20-ci illərində bolşevik Rusiyasının işğalına görə Gürcüstanı tərk edib. Ana babası Melkisedek Gürcüstanın təhlükəsizlik xidmətində çalışıb. Hətta Stalinin bir neçə günlüyə karserə də salıb. Lakin Gürcüstanın Sosial-Demokrat hökumətinin əmri ilə azad edib və bundan sonra “böyük rəhbər” uzun müddət Tbilisiyə qayıtmayıb. Diplomatın ulu babası Niko Nikoladze 1918-ci ildə Osmanlı Türkiyəsi ilə danışıqlar aparan Zaqafqaziya Nümayəndə Heyətinin rəhbərlərindən idi. “Böyük Niko” 18 yaşında Peterburq universitetinin hüquq fakültəsinə daxil olur, ardınca təhsilini Paris, Cenevrə və Sürix universitetlərində davam etdirir.
1841-ci il təvəllüdlü “Böyük Niko” təhsil illərində Avropanın müxtəlif siyasi təşkilatlarına qatılır: “Londonda Marksla görüşür, Parisdə Prudonla, Gertsenlə ixtilaf yaşayır, Hüqo və bir neçə nəfərlə birlikdə Şekspiri fransız dilinə tərcümə edir…” deyə diplomat yazır. Bu sözlər bizim Əhməd bəy Ağayevi xatırlatdı mənə, amma Nikoladzedən fərqli olaraq Ağayev Azərbaycanın müstəqilliyini yox, Osmanlı Türkiyəsi ilə birləşməsini istəyirdi.
Azərbaycanın mühacirətdəki insanları, təşkilatları haqda bir neçə kitab oxumuşam, Xaləddin İbrahimlinin mühacir təşkilatlar barədə araşdırması, Hafiz Əhmədovun “Varislərlə müsahibələr”, Səbiz Gərəklinin “Nəsillər, ailələr, talelər”. Bizim mühacirlər ağır, səfalətli, təzyiq altında, terror təhlükəsi ilə üz-üzə ömür yaşayıblar. Təəssüfləndirici haldır ki, yaşadıqları faciələr onları birləşdirmək və böyütmək əvəzinə qarşılıqlı ittihamlarla üz-üzə qoyub. Adlarını xatırladığım kitablarda onların varislərinin bir çoxunun meşşan həyatı, Azərbaycanın ADR tarixinə və indiki müstəqilliyinə yad adam (bəlkə də ifadəm sərtdir, amma başqa söz tapmıram) təəssüratı doğurur.
Türkiyədəki mühacirlərin həyatını öyrəndikcə, belə bir fikir yaranır ki, bu adamlar meşədə rastlaşanda, bir-birinə salam verməzlərmiş. Mənim üçün Ağayev – Rəsulzadə – Hüseynzadə münasibətləri hələ də anlaşılmazdır.
Ötən əsrin 70-ci illərinin əvvəllərində Fransa XİN S. Zurabişvilini işə götürməkdə tərəddüd edir. Səbəb SSRİ ilə münasibətlərə xələl gəlməsin deyə bir gürcünü “qapı arxasında” qoymaq istəyirmişlər. Ancaq XİN-də tərcüməçi işləyən gürcü Andronikişvili (o əvvəl də Qollun tərcüməçisi olub) öz nüfuzundan istifadə edərək Gürcüstanın gələcək prezidentinə dəstək verib.
Beləliklə, S. Zurabişvilinin xatirələri informasiya və təhlillər bolluğu ilə çox şey öyrədir. Sadəcə, oxumaq yetər!
Rasim Qaracayaya nəşrə görə təşəkkür, bu cür oxunaqlı kitabları gözləyirəm”.
Natiq Cavadlı, Kürdəxanı həbsxanası