Polisin Lənkəranda Ana Dili Gününə həsr olunmuş tədbirə mane olduğu deyilir (yenilənib)

Foto: DİN

Daxili İşlər Nazirliyindən (DİN) Meydan TV-yə bildirilib ki, tədbirin keçirilməsinə iaşə obyektinin icarədarı razılıq verməyib:

Yanvarın 26-da Lənkəran Şəhər Polis şöbəsinə Şağlaser kəndində ictimai iaşə obyektində kütləvi tədbir keçiriləcəyi barədə məlumat daxil olub. Rayon icra hakimiyyəti və polis şöbəsinin əməkdaşları tərəfindən həmin obyekti icarə əsasında çayxana kimi işlədən şəxslə əlaqə saxlanılıb. İcarədar bildirib ki, həmin obyektdə müvafiq şəraitin olmadığına görə tədbirin keçirilməsinə onun tərəfindən razılıq verilməyib”.

Həmin məsələ ilə bağlı polis tərəfindən heç kim saxlanılmayıb, ictimai iaşə obyektinin fəaliyyətinə qadağa qoyulmayıb. İddialar əsassızdır, şəxsi mülahizələrdir”, – DİN-dən sorğumuza cavab olaraq bildirilib.

Daxili İşlər Nazirliyi. Foto: DİN

“Məgər mənim öz ana dilimdə tədbir keçirməyə haqqım yoxdur?”

Lənkəranda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirin keçirilməsinə mane olunduğu bildirilir.

Təşkilatçılardan Könül Rəsul Meydan TV-yə bildirib ki, tədbirin keçirilməsi bir ay öncəyə nəzərdə tutulubmuş.

Bir gün qalmış isə Lənkəran Şəhər Polis İdarəsinin xidmət üzrə rəis müavini İltifat Yusifov heç bir səbəb gətirmədən tədbirin keçirilməsinə mane olub.

“İki aydır ki, dünyanın müxtəlif yerlərindən olan talış qadınlarının birliyini yaratmışıq. Birliyimizdə 17 nəfər xanım var,  “WhatsApp”da “Rüşnə” (işıq) qrupu yaratmışıq. Belə qərara gəldik ki, sosial şəbəkələrdə talış dilində şeir deyən balaca uşaqları tapaq və onlara hədiyyələr verək. 12 uşaq tapdıq. Qərara gəldik ki, bir-bir həmin uşaqların evlərinə getməkdənsə, Lənkəranda bir kafedə toplaşıb, kiçik tədbir keçirib, hədiyyələrimizi təqdim edək”, – Könül Rəsul deyir.

O bildirib ki, iştirakçı sayını 30 nəfər müəyyənləşdiriblər.

Mərasimi əvvəlcə yanvarın 28-də keçirməyi qərara alıblar, lakin onlara icazə verilməyib:

Tədbiri qış tətilinə saldıq ki, uşaqlar evdədir, tədbirə rahat gəlib-gedə bilsinlər. Həm də videosunu çəkib 21 fevralda – Beynəlxalq Ana Dili Günündə montajdan sonra yaymağı planlaşdırırdıq”.

Təşkilatçı deyir ki, bu məqsədlə hətta Lənkəranın Şağlaser kəndindəki kafelərdən biri ilə razılığa da gəliblər:

Orada danışıqlar getdi, hər bir şey hazırladıq. Tədbirə bir gün qalmış, yanvarın 27-si, şənbə günü Lənkəran Şəhər Polis şöbəsinin xidmət üzrə rəis müavini İltifat Yusifov Masallı rayonundan olan bir nəfərə – tədbirimizin təşkilati işlərində bizə kömək edən adama – zəng vurub ki, tədbir üçün kimdən icazə almısınız? Deyib ki, qanun bu tədbiri keçirməyə imkan vermir. Həmin adam da soruşub ki, hansı qanundur? İzah edin, biz də bilək. Bəlkə, həqiqətən də, belə bir qanun var. İltifat Yusifov heç bir tutarlı əsas gətirə bilməyib, ancaq deyib ki, qanun buna icazə vermir”.

Könül Rəsul. Foto: Meydan TV

Könül Rəsul deyir ki, heç bir tutarlı səbəb göstərilməsə də, onlar tədbiri keçirmək fikrindən daşınıblar:

Lakin buna baxmayaraq, Lənkəran rayon polis şöbəsinin əməkdaşları yanvarın 27-də gedib, kafeni bağlayıblar. Yanvarın 28-də isə bazar günü olmasına baxmayaraq, kafenin sahibini polis bölməsinə dəvət ediblər, ondan izahat alıblar. İki gün də kafeni işlətməyini qadağan ediblər”.

Şikayətçi deyir ki, sonradan tədbiri keçirməyə yer tapmayıblar.

Məsələyə polis müdaxiləsi olduğu üçün fevralın 21-nə qədər olan müddətdə heç kəs onlara yer verməyib:

Məcbur qalıb, Masallıda şair Xanəli Tolışdən xahiş etdik. Çünki hədiyyələrimiz hazır idi, uşaqlar üçün də vaxt təyin olunmuşdu. Təsəvvür edin ki, çöl-bayır soyuq idi. Həmin şair özü də xəstə adamdır. Biz də onun yataq otağında tədbiri keçirdik, uşaqlara hədiyyələrini təqdim etdik və beləcə yekunlaşdırdıq. Məgər bu gün Azərbaycanda toy-nişan keçirəndə icazə alırlar? Belə bir qanun varmı? Biz maksimum 30 nəfərdən ibarət ədəbi-bədii tədbir keçirəcəkdik. Siyasi təşkilat deyilik, siyasətlə də məşğul olmuruq. Balaca uşaqlar ana dilində şeir deyəcəkdilər, biz də onlara hədiyyələr verəcəkdik”.

Könül Rəsul deyir ki, tədbirin keçirilməsində məqsəd talış dilinin inkişafına, yaşamasına töhfə vermək idi:

Amma bizə imkan vermədilər. Bu cür maneələr yaradıb, hədə-qorxu gələndə, insanlar da geri çəkilir. Öz ölkəsində yaşayan millətə ana dilində tədbir keçirməyə icazə verilmir. Məgər mənim öz ana dilimdə tədbir keçirməyə haqqım yoxdur?”

Meydan TV Lənkəran Şəhər Polis şöbəsi ilə əlaqə saxlasa da, məsələyə münasibət öyrənə bilməyib.

Daxili İşlər Nazirliyi isə Meydan TV-nin sorğusunu cavablandırmayıb.

Ana səhifəBölgəPolisin Lənkəranda Ana Dili Gününə həsr olunmuş tədbirə mane olduğu deyilir (yenilənib)