Polis şöbəsində qətlə yetirilən qadının yaxınları işin istintaqa qaytarılmasını istəyir

İsmayıl Məmmədov, Foto: Report.az

Bu iş üzrə məhkəmə baxışı fevralın 8-nə təyin edilib

Nizami rayonu, 24-cü polis şöbəsinə şikayət ərizəsi yazmağa gələn Xanım Məmmədovanın orada qətlə yetirilməsilə bağlı məhkəmə prosesi başlayıb. Lakin zərərçəkmişin hüquqi varisi qismində tanınan qardaşı bu işin prokurorluğa qaytarılmasını istəyir. O, məhkəməyə də bu barədə ərizə verib.

Xanım Məmmədovanı qətlə yetirməkdə ittiham olunan həyat yoldaşı – Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Yanvarın 25-də hakim Səbuhi Hüseynovun sədrliyilə məhkəmənin hazırlıq iclasında məlumat verilib ki, zərərçəkmiş tərəf işin istintaqa qaytarılması barədə vəsatət verib. Zərərçəkmişin hüquqi varisi təqsirləndirilən İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsilə ittiham verilməsini tələb edir.

Prokuror bildirib ki, bu, məhkəmə araşdırmasının gedişində aydınlaşdırılmalı məsələdir. Əgər zərurət yaranarsa, məhkəmə prosesinin gedişində də iş istintaqa qaytarıla bilər.

Təqsirləndirilən İsmayıl Məmmədovun vəkili Qanqa İbrahimov da bildirib ki, Ali Məhkəmənin Plenumunun qərarı var. Həmin qərara əsasən, qətl qisas məqsədilə, şəxsi münasibətlər zəminində və s. törədilibsə, bu halda, xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz.

Hakimlər də işin prokurorluğa qaytarılmasına ehtiyac görməyib – zərərçəkmiş tərəfin vəsatəti baxılmamış saxlanılıb.

Bu iş üzrə məhkəmə baxışı fevralın 8-nə təyin edilib.

İttiham aktına görə, həyat yoldaşından şikayətçi olan Xanım Məmmədova sentyabrın 30-da səhər saat 8 radələrində bibisi və iki uşağı ilə birlikdə 24-cü polis şöbəsinə ərizə yazmağa gedib. Həmin vaxt bölməyə çağrılan İsmayıl Məmmədov üzərində olan xidməti silah – “Zəfər”lə həyat yoldaşını elə təhqiqatçının xidməti otağında güllələyərək qətlə yetirib.

İsmayıl Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə ittiham olunur. Bu maddədənin sanksiyasında 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSosialPolis şöbəsində qətlə yetirilən qadının yaxınları işin istintaqa qaytarılmasını istəyir