Pərviz Həşimli aclıq aksiyasına başlayıb

Jurnalist ailəsi ilə görüşmək istəyir

Source:


Jurnalist ailəsi ilə görüşmək istəyir

Aprelin 15-də MTN-nin istintaq təcridxanasında saxlanılan jurnalist Pərviz Həşimli aclıq aksiyasına başlayıb.

Bu barədə “Amerikanın Səsi” radiosuna onun vəkili Elçin Sadiqov məlumat verib. Vəkilin sözlərinə görə,  jurnalistin aclıq aksiyasına  başlamasına səbəb ailəsi ilə görüşə icazə verilməməsi olub.

Elçin Sadıqov Pərviz Həşimli ilə görüşüb. Jurnalist vəkilinə deyib ki, bir həftə əvvəl ailəsi ilə görüş və telefon danışığına icazə verilməsini istəyib, ona qarşı MTN-nin istintaq təcridxanasında olan qanunsuz əməllərdən şikayət edib. Lakin bu günə qədər heç bir cavab gəlməyib.

Eyni zamanda aprelin 14-də məhkəmədəki çıxışına görə ona kobud şəkildə irad bildiriblər, onu karsa salmaqla hədələyiblər.

SVəkil Pərviz Həşimlinin  səhhətinin  yaxşı olmadığını deyib: “Pərvizin başı hərlənirdi. Daha sonra bildirdi ki, diş ağrısından çox əziyyət çəkir. Dişinə plomb vurulmalıdır. Lakin ona bildirirlər ki, orada dişə plomb vurmurlar, yalnız çıxardırlar”.

MTN-nin ictimaiyyətlə əlaqələr mərkəzindən  şərh almaq mümkün olmayıb.

Pərviz Həşimli 17 sentyabr 2013-cü ildə MTN əməkdaşları tərəfindən həbs edilib. Martda həbs müddəti üç ay artırılıb.

O, 206.3.2 (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz silah əldə etmək, saxlamaq) maddələrlə ittiham olunur. Jurnalist özünü təqsirli bilmir, istintaq zamanı ondan bir sıra vəzifəli şəxslərə qarşı guya müxalifəti maliyyələşdirdikləri barədə ifadə alıblar.

Ondan həmçinin AXCP lideri Əli Kərimliyə qarşı ifadə verməyi tələb ediblər.

Ana səhifəXəbərlərPərviz Həşimli aclıq aksiyasına başlayıb