”Pensiyaçılara verilən kreditlərin dayandırılması banklara problem yaradacaq”

Source:

Samir Əliyev: ”Ümid edirəm, bu qadağalar qısamüddətli olacaq”

Qubad İbadoğlu: ”Bir çox ölkədə pensiyaçılar üçün hətta sosial kredit paketləri də təqdim olunur”

Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib.

Qərarı öz Facebook səhifəsində şərh edən iqtisadçı Samir Əliyev hesab edir ki, qərar rəsmi təsdiqini tapmayıb. Amma təkzib gəlməyibsə, deməli, məlumat dəqiqdir.

O, düşünür ki, palata fəaliyyətə başlayandan işini qadağalar üzərində qurur: “Bir neçə həftə öncə xarici valyutada istehlak kreditlərinin ən azı 1 ay verilməsinin dayandırılması haqqında qərar vermişdi. İndi də oxşar qadağa pensiyaçılara münasibətdə tətbiq edilir. Yəqin ki, istər xarici valyutada istehlak kreditlərinin verilməsinə, istərsə də pensiyaçılara kredit verilməsinə tətbiq edilən qadağanın taleyi ilə bağlı yaxın zamanlarda Palata son qərarını verəcək. Hər bir halda ümid edirəm, bu qadağalar qısamüddətli olacaq. Əks halda çürümüş taxta körpü üstündə birtəhər duruş gətirən bankların ayağı altındakı dirəkləri çəkmək onların dərin çaya düşməsinə gətirib çıxara bilər. Maliyyə Bazarlarına Nəzarət Palatası siyasəti qadağalar yox, məhdudiyyətlər üzərində qurmalıdır”.

Samir Əliyev

Samir Əliyevin fikrincə, pensiyaçılara tətbiq edilən qadağa bütün banklara yox, bir neçə banka, xüsusilə də pensiyaların verilməsini həyata keçirən banka zərər vuracaq: “Pensiyaçıların kreditə əlçatanlığını məhdudlaşdıracaq. Əslində bu sahədə müəyyən islahatların aparılmasına ehtiyac var idi. Çünki aylıq pensiyası bir neçə yüz manat olan və riskli kateqoriyaya daxil olan pensiyaçılara uzunmüddətə iri məbləğdə (15 min manata qədər) kreditin verilməsi təhlükəli idi. Əlbəttə, pensiya kimi stabil olan və arxasında dövlət duran aylıq gəlir bu riskləri azaldır. Çünki pensiyaçının ixtisar olunmaq və ya iş yerinin bağlanması kimi riski yoxdur. Ən əsası isə vaxtlı-vaxtında bank hesabına oturur və bank onu problem çəkmədən hesabdan götürə bilir. Düzdür, pensiyaçılardan kartı yığan banklar da var və bu qanunsuzdur. Burda yeganə təhlükə sağlamlıqla bağlıdır. O da aydındır ki, aylıq qazancını rəsmi təsdiq edə bilməyən ailə üzvləri üçün pensiyaçı ata-ana və ya baba-nənə kreditə çıxış imkanı idi. İndi bu imkan da bağlandı”.

İqtisadçı deyib ki, palata pensiyaçılara verilən krediti məhdud da olsa, bərpa etməlidir. Məhdudiyyət, ilk növbədə, kreditin məbləğində tətbiq edilməlidir. Bu məbləğ ən çoxu 5 min manat ola bilər. Kreditin verilmə müddətini 1-2 ilə qədər azaltmaq olar. Üstəgəl, banklar da öz növbəsində digər müştərilərlə müqayisədə pensiyaçılara verilən kreditlərin illik faiz dərəcələrini aşağı salmalıdır.

İqtisadçı Qubad İbadoğlu isə düşünür ki, qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır.

“İqtisadi məntiqlə izah olunmayan bu yanaşma bir tərəfdən insan hüquqlarına, digər tərəfdən də sosial müdafiə sisteminə ciddi zərbə vura bilər”,-deyə Qubad İbadoğlu bildirib.

Qubad İbadoğlu

O, hesab edir ki, bütün pensiyaçılara eyni kateqoriyada yanaşıb, onların hamısının ödəniş qabiliyyətinin aşağı olmasını düşünmək yalnışdır: “Birincisi, pensiyaçıların özləri fərqli kateqoriyayada (dövlət qulluqçuları, hərbiçilər və s.) müxtəlif səviyyədə təqaüd alırlar. Onlar arasında hətta bu gün işləyənlərin əmək haqlarından çox aylıq təqaüd alanlar da var. İkincisi, pensiyaçılar arasında işləyənlər, təsərrüfatla və fərdi bizneslə məşğul olanlar da var ki, onların da ödəmə qabliyyətinə şübhə etməyə dəymir. Üçüncüsü, bəzi pensiyaçılar banklarda əmanətlərə malikdir, onlar depozitlərdən, əmlaklarını kirayə verməsindən və digər mənbələrdən də əlavə gəlirlərə malikdir. Nəhayət, hətta işləməyən və digər gəlirlərə malik olmayan pensiyaçıların yaşamaq hüququ konstitutsiyada təsbit olunub və onların da da borc vəsaitlərindən faydalanmaq hüququ var. Bir çox ölkədə pensiyaçılar üçün hətta sosial kredit paketləri də təqdim olunur. Görəsən pensiyaçılara kredit verilməsini qadağan edən Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbələrə kredit verilməsinə münasibəti necədir? Axı tələbələrin təhsil alıdığı dövrdə ödəniş qabliyyəti, ümumiyyətlə, olmur”.

Ana səhifəXəbərlər”Pensiyaçılara verilən kreditlərin dayandırılması banklara problem yaradacaq”