Kinorejissor Pedro Almodovar da daxil olmaqla bir qrup ispan sənətçi ölkə hökumətini Qəzzadakı müharibə fonunda İsraillə bütün diplomatik, ticari və digər əlaqələri kəsməyə çağırıb.
“Artistas con Palestina” (“Sənətçilər Fələstinlə birlikdə”) adlı sosial media kampaniyası çərçivəsində Almodovar İspaniyanın baş naziri Pedro Sançesə müraciət edib. Kinorejissor xahiş edib ki, baş nazir digər Avropa liderlərini də eyni mövqeyi tutmağa təşviq etsin.
“Hökumətimizdən xahiş edirəm ki, bütün dünyanın gözü qarşısında Qəzza xalqına qarşı soyqırımı törədən İsrail dövləti ilə diplomatik, ticari və digər bütün növ əlaqələri kəssin. Bu addım törədilən cinayətlərə qarşı nifrətin və etirazın bir göstəricisi olmalıdır”, – Almadovar deyib.
Sənətçilər – Luis Tosar, Adriana Ugarte, Luis Zahera, Juan Diego Botto, Carlos Bardem, Sara Salamo, Ana Wagener, Marta Nieto, Miguel Rios, Raul Prieto, Nerea Barros, Joaquin Reyes və Paula Malia da kampaniyaya dəstək verirlər. Onlar uşaqların cinsi zorakılığa, işgəncəyə, qətlə və aclığa məruz qalması ilə bağlı daha sərt tədbirlər tələb edirlər.
Kampaniya üzvləri İsraillə bütün əlaqələrin kəsilməsi tələbi ilə İspaniya parlamentinə müraciət etməyə hazırlaşırlar.
İsrail Qəzza zolağına qarşı hərbi əməliyyatlara 2023-cü ilin oktyabrında, HƏMAS-ın İsrail yaşayış məntəqələrinə hücum etməsindən sonra başlayıb.
HƏMAS-ın hücumu nəticəsində 1200 nəfər öldürülüb, 250-dən çox insan girov götürülüb.
O vaxtdan bəri İsrailin hərbi əməliyyatları nəticəsində 63.000 nəfər həyatını itirib, ərazidəki tikililərin əksəriyyəti dağıdılıb və ya zədələnib, əhalinin demək olar ki, hamısı evlərini azı bir dəfə tərk etməyə məcbur olub.
Mart ayından tətbiq olunan tam blokada Qəzza sakinlərinin 2.4 milyon nəfərinə qarşı fəlakətli şərait yaradıb, aclıq, geniş yayılmış xəstəliklər və vacib xidmətlərin çökməsinə səbəb olub.
2024-cü ilin noyabrında Haaqa Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant barəsində Qəzzada müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə həbs qərarı çıxarıb.
İsrail həmçinin Qəzza müharibəsi ilə bağlı Beynəlxalq Məhkəmədə soyqırımı iddiası ilə üz-üzədir. 2024-cü ilin dekabrında Cənubi Afrika Respublikası Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırımı iddiası qaldırıb. Elə həmin ilin iyununda İspaniya hökuməti bu məhkəmə işinə qoşulmaq üçün Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi müraciət edib.
Məhkəmə işinə əsasən, İsrail Holokostdan sonra qəbul edilmiş 1948-ci il Soyqırımı Konvensiyasını pozmaqda ittiham edilir.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bu qərarın Qəzzada davam edən hərbi əməliyyatlara cavab olaraq verildiyini bildirib.
O, həmçinin İspaniyanın bölgədə sülhün bərpasını istədiyini və bu məqsədlə məhkəmə prosesinə dəstək göstərdiyini vurğulayıb.
2024-cü il mayın 28-də isə İspaniya hökuməti Fələstin dövlətini rəsmi şəkildə tanıdığını açıqlayıb.
İsrail isə bu addımlara sərt reaksiya verərək İspaniyanı antisemitizmi təşviq etməkdə ittiham edib. İspaniya hökumətinin bu qərarı ölkədə ümumilikdə müsbət qarşılanıb və ictimai dəstəklə müşayiət olunub.
Bugünlərdə, sentyabrın 3-də Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası İsrailin Qəzza zolağında soyqırımı törətdiyini göstərən hüquqi əsasların olduğunu bildirən qətnamə qəbul edib.