Ölkə büdcəsinin kiçildiyi, həyat standartlarının aşağı düşdüyü vaxtda birinci ailənin qızlarının nəzarətində olan şirkət öz aktivlərini sürətlə artırıb.
Geniş profilli Azərbaycan şirkəti “Paşa Holdinq” maliyyədən daşınmaz əmlaka, kənd təsərrüfatından pərakətdə satış və ictimai iaşə xidmətlərinə kimi çox müxtəlif işlər görən 100-dək şirkəti özündə birləşdirir. Şirkət aktivlərini əsasən Azərbaycanda cəmləsə də, iş gördüyü ərazini Azərbaycanla sərhədləməyib, Türkiyə, Gürcüstan və Monteneqroya qədər genişləndirib.
“Paşa Holdinq”i əvvəllər Arif Paşayev idarə edib. Arif Paşayev I Vitse-prezident və ölkənin birinci xanımı Mehriban Əliyevanın atasıdır. Ancaq 2013-cü ildə Arif Paşayev şirkətin idarəsini öz nəvələrinə – ölkənin birinci ailəsinin qızlarına – Arzu və Leyla Əliyevalara dövr edib.
2015-ci ildə milli valyutanın – manatın yarıdan çox dəyər itirməsi ölkədə həyat standartlarının aşağı düşməsinə və əhalinin sürətlə borclanmasına gətirib çıxarıb. Səbəblərdən biri devalvasiyaya qədər Azərbaycandakı əksər bankların müştərilərə verdikləri kreditlərin dollarla hesablanmasıdır. “Paşa Holdinq”in 2013-ci ildə 3,3 milyard dollar dəyərindəki aktivləri isə 2017-ci ildə 4,1 milyard dollara çatıb. Bu məbləğ Azərbaycanın həmin ildəki dovlət büdcəsinin təxminən 40 faizindən çoxdur.
Nəzərə alsaq ki, “Paşa Holdinq”in biznesi Azərbaycanda milli valyuta ilə idarə olunur, daha anlaşılmaz vəziyyət yaranır. Şirkətin aktivlərinin dəyəri 2013-cü ildə 2.6 milyard manat idisə, 2017-ci ildə bu rəqəm 6.9 milyard manat olub. Yaranan sual çox aydındır: “Paşa Holdinq” bu artımı necə əldə edib?
“Paşa Holdinq”in gördüyü işlər
“Paşa Holdinq” MMC-nin nə qədər kapitala sahib olmasıyla bağlı səhih məlumat yoxdur. Eləcə də holdinqə daxil olan digər (Paşa Beton, Paşa İnşaat, PMD Group, Amal İnvest Group) şirkətlərin kapitalıyla bağlı da məlumat əldə etmək mümkün deyil, çünki onlar bu kimi hesabatları kommersiya təşkilatlarının reyestri üçün açıqlamaqdan qaçıblar. Ancaq yenə də bəzi məlumatlar ictimaiyyət üçün açıqdır.
2009-cu ildə Bakının Xan Şuşinski küçəsinin sakinləri zorla evlərindən köçürüldülər. Həmin ərazi isə söküldü. Köçürülmə səbəbi sakinlərə “yaşadığınız ərazi dövlət ehtiyacı olduğu üçün boşaldılır” kimi açıqlanıb. Həmin ərazidə ölkə prezidenti İlham Əliyev üçün iqamətgah tikilməli idi. Sonuncu dəfə 2017-ci ildə yenilənmiş prezident iqamətgahları siyahısında belə bir mülk yoxdur. Əvəzində həmin ərazidə dəbdəbəli evlər kompleksi tikilib. Hazırda həmin evlərdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif diplomatik korpusların rəhbərləri yerləşib. Baku City Villas (Bakı Şəhər Villaları) adlanan həmin kompleks “Paşa Holdinq”ə məxsusdur.
2013-cü ildə qurulan “PMD Group” MMC sürətlə böyüyür. Qısa müddətdə şirkət kapitalı 63,8 milyon manat olan “Bank Avrasiya” ASC-nin səhmlərinin 37,5%-nin sahibi olub. O, kapitalı 45,5 milyon manat olan “Şamaxı Palace Şirədil” və kapitalı 8,1 milyon manat təşkil edən “Naftalan Qaşaltı” otelinin idarəedicisidir. Ötən il “PMD Group” daha bir daşınmaz əmlak şirkəti – 17,8 milyon manat kapitalla “Prime Estates” MMC yaradıb.
Yalamada yaradılan aqroparkın əmlakı və 523 hektar torpaq sahəsi 2013-cü ilədək dövlətə məxsus idi. Həmin il “PMD Group” 15,5 milyon manat kapitalla “Yalama Aqropark” şirkətini qurdu və hökumətin qərarı ilə əmlak 49 il müddətinə onun icarəsinə verildi. Bundan başqa, bu heyvandarlıq təsərrüfatı rayonun Müqtədir qəsəbəsində Dövlət Ehtiyat Fondu torpaqlarından 956 hektarı da icarəyə götürüb. Biktiçilik və heyvandarlıq təsərrüfatlarından ibarət aqroparkın yaradılmasına dövlət 10 milyon manat güzəştli kredit verib.
2015-ci ildə holdinq ölkə daxilində və xaricdə bir neçə böyük yatırım edib:
- “Aksoy Holdinq”dən Türk TAİB İnvestisiya Bankının alınaraq, Paşa (Yatırım) Bank ASC-yə çevrilməsi;
- Şurabaddakı (Xızı rayonu) sahilyanı oteli və Bakıda çoxlu idman və gündəlik geyim dükanlarını idarə edən “Mavi Planet” Pərakəndə Çatdırılmanın (Blue Planet Distribution) yaradılması;
- Pərakəndə satışla məşğul olan nəhəng idxalçılar – Azərbaycan və “Bravo” supermarketlər şəbəkəsinin qurulması;
- Kənd təsərrüfatı, emal, tikinti, inşaat, otelçilik və bank işi ilə məşğul olan PMD Group şirkətinin sürətli böyüməsi;
- Otelçilik, ictimai iaşə və kinoteatr şəbəkələrinin genişləndirilməsi və.s
“Paşa Holdinq” MMC Azərbaycan, Gürcüstan və Türkiyədə fəaliyyət göstərən “Paşa Bank”ın səhmlərinin 60 faizinin payçısıdır. Bankın konsolidə edilmiş maliyyə hesabatındakı aktivləri 1 oktyabr 2017-ci il tarixinə 3,457,000,000 manat, bankın ümumi kapitalının həcmi isə 372,700,000 manat olub. Həmin tarixə “Kapital Bank” ASC-nin (səhmlərinin 99,87 faizi “Pasha Holdinq” MMC-yə məxsusdur) aktivlərinin dəyəri 3,025,100,000 və kapitalı isə 287.6 mln manat olub.
“Paşa Development” MMC sonuncu dəfə 2017-ci ilin fevral ayında öz nəzarətində olan ümumi kapitalı açıqlayıb – 420 milyon manat. Holdinqə daxil olan iki maliyyə qurumunda səhmdarların kapitalı az deyil: “Paşa Sığorta” – 72 milyon, “Paşa Həyat Sığorta” – 58 milyon manat.
2017-ci ildə holdinq Bilgəhdə yeni müasir mehmanxana kompleksini – “Bilgəh” otelini əldə edib. Otelin idarəedicisinin kapitalına 100 milyon manatlıq yatırım edib.
“Paşa Holdinq” ARDNŞ-ın Sumqayıtda tikilən Polimer zavodunun 10 faizlik payına da sahibdir. Zavod hazırda tikilir və 2018-ci ilin ortalarına doğru işə düşəcək.
“Paşa Holdinq”in ictimai əhəmiyyəti
Azərbaycan Nazirlər Kabineti 2014-cü ilin oktyabrında öz maliyyə hesabatlarını Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən aparmalı olan qurumların siyahısını təsdiqləyib.
Aralarında çox sayda tanınmış yerli şirkətin də olduğu siyahıda “Paşa Holdinq”in adına rast gəlmədik.
Bu siyahıda adının çəkilməsi üçün şirkət azı iki tələbə cavab verməlidir: işçilərin sayı 1500-dən çox olmalı (həmin vaxt üçün “Paşa Holdinq”də çalışanların sayı 2500 nəfər olub), aktivləri isə 300 milyon manat olmalıdır (“Paşa Holdinq”in aktivləri 2,6 milyard manat olub).
Üçüncü tələb də var idi. Şirkətin illik gəliri 120 milyon manatdan çox olmalı idi. Üçüncü şərt də təbii ki, “Paşa Holdinq” üçün keçərli şərt olub. Ancaq hökumət son üç il ərzində ictimai əhəmiyyətli qurumların siyahısını yeniləməyib.
Əgər “Paşa Holdinq” bu siyahıya daxil edilərsə, ictimaiyyət şirkətin konsolidə edilmiş maliyyə hesabatlarına çıxış əldə edəcək.