"Operativ Qərargaha və TƏBİB müraciətimizə cavab vermədi"
“Kinoteatrda yüz əlli nəfərə yaxın insan işləyirdi, evinə çörəkpulu aparırdı, ailəsini dolandırırdı. Hazırda isə bəziləri bu imkandan məhrumdur”.
Bu sözləri Meydan TV-yə “Park Cinema” kinoteatrlar şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev deyib.
Pandemiya ilə əlaqədar Azərbaycanda baş verən qapanmalar zaman-zaman yumşalsa da, kinoteatrların fəaliyyəti bərpa olunmur.
PR menecerin sözlərinə görə, məsələ ilə bağlı Operativ Qərargaha və TƏBİB (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) müraciət etsələr də, nə müsbət, nə də mənfi cavab ala biliblər: “Pandemiya dövründə kinoteatrları fəaliyyət göstərən ölkələr də az deyil”.
“Müraciətdə hansı qaydada işləyəcəyimizlə bağlı sxem vardı. Kinoteatrın zallarını əlli, iyirmi beş faiz doldurmaqla fəaliyyətimizi bərpa etmək istəyirdik. Necə ki avtobuslara, yaxud digər qurumlara maska ilə daxil olduqları kimi biz də tamaşaçıları zala buraxa bilərdik. Qərara almışdıq ki, adamların hərarətini ölçək, maskasız içəri buraxmayaq. Yenə də ümid edirəm ki, müsbət bir qərar olacaq, qısa zamanda tamaşaçılar kinotetarlara qayıda biləcək”, – o, belə deyir.
Rüstəm Fətəliyev bildirib ki, hazırkı pandemiya dövründə kinoteatrları fəaliyyət göstərən ölkələr də az deyil: “Amerikanın bəzi ştatlarında kinoteatrlar açıqdır. Lakin Nyu-Yorkda kinoteatrlar, ümumiyyətlə, işləmir. Hətta bəzi beynəlxalq premyeralar da təxirə salınıb. Hamı gözləyir ki, Amerikada bütün teatrlar tam sürətlə işləməyə başlasın. Rusiyada isə kinotetarlar zalları əlli faiz tamaşaçı ilə doldurmaq şərti ilə işləyirlər. Bölgələrdə isə bu rəqəm iyirmi beş faizə düşür”.
“Kinoteatr ərzaq mağazası deyil, onsuz keçinmək olar”
Milli Məclisin mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa isə hesab edir ki, yeni növ koronavirusun artım tempinin yüksəldiyi vaxtda kinoteatrların bağlanması doğru addımdır:
“Kinoteatr ərzaq mağazası, yaxud da ki, nəqliyyat vasitəsi kimi pandemiya dövrü zəruri deyil. Yəni insanlar kinoteatrsız ötüşə bilər. Yoluxma riski varsa, bu kimi məkanlarda, həmçinin stadionlarda yarışların tamaşaçısız keçirilməsi anlaşılandır. Nəqliyyatı dayandırmaq mümkün deyil, bu, bir problemdir. Amma insanlar indiki mərhələdə kinoteatrsız ötüşə bilirlər. Ən azından, televiziya, “YouTube” kimi başqa vasitələr var. Bu baxımdan kinoteatrların fəaliyyətinin bərpa edilməsini zəruri bir məsələ kimi gündəmə gətirməyimiz doğru olmazdı. Təhlükə riski səngiyəndən sonra bu məsələyə baxmaq daha doğru olar”.
TƏBİB-in mətbuat xdmətindən bildirilib ki, qərarları Operativ Qərargah verir:
"TƏBİB-in işi yalnız stasionar müəssisələrdə müalicədir".Azərbaycanda kinoteatrlar 2020-ci il martın 14-dən bağlanıb.