”Paltarlarımı məcburi soyundurub cərimə kamerasına saldılar”

“Paltarlarımı məcburi soyundurub cərimə kamerasının darısqal, üstü açıq, dörd divardan ibarət gəzinti yerinə saldılar. Məni saatlarla orada saxladılar. Yataq xəstəsi olsam da, gəzinti yerinə apardılar və qollarımı arxadan qandalla bağlayaraq gözlətdilər”.

13 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayan NİDA üzvü Bayram Məmmədov vəkili vasitəsilə bu sözlərinin ictimaiyyətə çatdırılmasını istəyib. Vəkil Elçin Sadıqov hadisənin araşdırılması üçün  Baş Prokurorluğa, Penitensiar Xidmətə,  Prezident Administrasiyasına müraciət edib.

“Bayram Məmmədov özü bildirib ki, ona fərqli davranış göstərilir. Xüsusilə də, cəzaçəkmə müəssisəsinin rəhbərliyi bunu edir. Onlar bildirir ki, o, ulu öndərin heykəlinə qarşı hörmətsizlik etdiyinə görə onun günü daim qara olacaq”.

13 saylı cəzaçəkmə müəssisəsindən ötən il azadlığa çıxan Müsavat başqanının müavini Tofiq Yaqublu deyir ki, göstəriş olanda həbsxanadakı siyasi fəallara problemlər yaradılır.

“Mən düşünürəm ki, yuxarıdan xüsusi bir göstəriş olmasa, həbsxana rəhbərliyinin və həbsxana işçilərinin siyasi məhbuslara münasibətləri normaldır”.

Ombudsman Aparatının hüquqşünası Rəşid Rumzadə bildirib ki, bu məsələ ilə bağlı araşdırma aparırlar.

Penitensiar Xidmətin mətbuat xidmətindən də Bayram Məmmədovun iddialarını araşdıracaqlarını və daha sonra məlumat yayacaqlarını bildiriblər.

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı ilin mayında keçmiş prezident Heydər Əliyevin heykəlinə etiraz şüarları yazdıqdan sonra həbs ediliblər. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan  3 qrama yaxın, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Gənc fəal Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. “Amnesty İnternational” təşkilatı Bayram Məmmədov və Qiyas İbrahimovu vicdan məhbusu kimi tanıyıb.

Ana səhifəVideo”Paltarlarımı məcburi soyundurub cərimə kamerasına saldılar”