Orbakaytenin konserti etirazla qarşılandığı üçün təxirə salınıb

Kristina Orbakayte. Foto: Facebook

Nazirlik onun “xarici agentlər” siyahısında olmadığını deyir

Rusiyanın Əməkdar artisti, estrada müğənnisi Kristina Orbakaytenin Bratsk, Krasnoyarsk və İrkutskda keçirilməsi planlaşdırılan konsertləri ləğv edilib.

Müğənni martın 7-də Krasnoyarskda, 12-13-də isə Bratsk və İrkutskda konsertlə çıxış etməli idi.

Təşkilatçılar konsertlərin hansı səbəbə görə ləğv edilməsi barədə açıqlama verməyiblər.

Kristina Orbakayte də bu haqda danışmayıb.

Daha öncə yanvarın 19-da Buryatiya hakimiyyəti Kristina Orbakaytenin Ulan-Udedə martın 13-nə planlaşdırılan konsertini ləğv edib.

Buryatiyanın İdman və Gənclik Siyasəti Nazirliyi Kristina Orbakaytenin “xarici agentlər” siyahısında olmadığını, Rusiyada fəaliyyətinin rəsmi qadağan edilmədiyini söyləsə də, sonradan konsertin ləğvi barədə qərar vətəndaşların və ictimai təşkilatların rəyi nəzərə alınmaqla qəbul edilib.

Buryatiyanın “Döyüş qardaşlığı” təşkilatının fəalları Orbakaytenin Ulan-Udedə konsertinə etiraz ediblər, nəticədə tədbir ləğv edilib.

İctimai təşkilatlar Orbakaytenin digər çıxışlarını – Blaqoveşenskdə martın 15-i və 16-na planlaşdırılan konsertlərini də ləğv etməyə çalışırlar.

Konsert təşkilatçısı Sergey Zaytsev Blaqoveşenskdəki vəziyyəti şərh edərkən bildirib ki, ictimai fəallar kommersiya fəaliyyətinə mane olmağa təhrik etməklə məşğuldurlar.

Daha öncə isə müğənninin təmsilçisi Aleksandr Kaçan Orbakayte əleyhinə kampaniyanın nə ilə əlaqəli olduğunu başa düşmədiyini söyləmişdi.

O, müğənninin Rusiyanın dövlət kanallarının hamısında Yeni il konsertlərində iştirak etdiyini xüsusilə vurğulamışdı.

Kristina Orbakayte ərinin ABŞ-da biznesi olduğu üçün, həm Rusiyada, həm də Amerikada yaşayır.

2022-ci ilin oktyabrında yerli tabloidlər Orbakaytenin ölkəsini tərk edərək Amerikaya köçdüyünü yazandan sonra müğənni sosial şəbəkədə Rusiyada olduğunu göstərən fotolar paylaşmışdı.

Orbakaytenin Rusiyanın şəhərlərindəki konsertlərinin ləğvi kampaniyası 2023-cü ilin dekabrında mediada müğənninin ABŞ-dan qayıdıb, “İlin mahnısı”nda çıxış etməsi barədə xəbərlərdən sonra başlayıb.

Kristina Orbakayte Rusiyanın Xalq artisti, estrada müğənnisi Alla Puqaçovanın qızıdır.

Alla Puqaçova Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyanı tərk edib.

Puqaçovanın əri, müharibəyə qarşı çıxan aktyor Maksim Qalkin Rusiyada “xarici agent” elan edilib.

Ardınca Alla Puqaçova Rusiya Ədliyyə Nazirliyinə onu da “xarici agent” kimi tanımağa çağırıb.

“Məni sevimli ölkəmin xarici agentləri sırasına yazmağınızı xahiş edirəm, çünki həyat yoldaşımla həmrəyəm. Çünki o, vicdanlı, ləyaqətli və səmimi insandır, vətənə firavanlıq, dinc həyat, söz azadlığı arzulayan və ölkəmizi gözdən salan və xəyali məqsədlər üçün övladlarımızın ölümünə son qoyulmasını arzulayan Rusiyanın əsl vətənpərvəridir”, – Alla Puqaçova bildirib.

Fəallar Puqaçovadan Rusiya Baş Prokurorluğuna şikayət etsələr də, sənətçiyə qarşı heç bir iş açılmayıb.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayandan sonra bir çox rus sənətçiləri-müğənni, aktyor və digrələri buna etirazlarını bildiriblər.

Hətta müharibənin əleyhdarlarının əksəriyyəti Rusiyanı tərk edib.

Ukraynanın maraqlarından çıxış etməkdə ittiham edilən bəzi tanınmışlar isə “xarici agentlər” siyahısına salınıblar.

Ana səhifəDünyaOrbakaytenin konserti etirazla qarşılandığı üçün təxirə salınıb