Onlara verilən dəyər…

Zaur Qurbanlı Kürdəxanıdan yazı yazıb, hamımızın “qulağını çəkmişdi”

Source:

Artıq siyasi məhbus məsələsi günlük həyatımızda normal hala çevrilib. Mübarizədə fəal olan insanların həbsi qaçınılmazdır. Və həbs olunurlar. Bəs biz onlar üçün nə edirik? İş o həddə çatmışdı ki, Zaur Qurbanlı Kürdəxanıdan yazı yazıb, hamımızın haqqlı olaraq “qulağını çəkmişdi”.  Həbs olunurlar, sonra eyni adamlar məhkəmələrin, polis idarələrin qarşısına gedir, profil şəkillərini dəyişir, statuslar yazır. Bəs, bu sektora yaxın olmayan sadə vətəndaşın vecinədimi və yaxud xəbəri varmı? İndi görün, avropalılar, beynəlxalq təşkilatlar nə edir?

Götürək, Rəsul Cəfərovun həbsini. Həbs olunan gündən bu yana xaricdən gələn hədiyyələrin, açıqcaların, məktubların, bəyanatların, kitabların ardı-arası kəsilmir. Bunu misal olaraq, verirəm. Siyasi məhbusların çoxunun həbsində belə olub. Bizim müxalifət təşkilatları isə yığışıb, bir yerdə bəyanat vermək cürətini belə göstərmirlər. Bunu qınamaq üçün demirəm, olanı deyirəm.

Ömər Məmmədovun həbsini Almaniya metrolarının monitorlarında film kimi verib, insanları məlumatlandırırdılar. Bizim metrolarda gedən sadə vətəndaşın xəbəri varmı görəsən 18 yaşlı gənci qanunsuz həbs ediblər? Siyasi məhbus ailələrinə nə qədər yardım etmişik? Çox ailə başsız qalıb. Uşaqlarının təhsilinə kömək edirikmi? Bunu kimlərisə qınamaq üçün demirəm. Belədə ki, lap qınayıram. Özüm də daxil, hamımızı…

Qanunsuz həbs olunduqlarını 9 milyon Azərbaycan xalqı bilmirsə, içəridə normal yeməklərlə, kitablarla, ad günlərində hədiyyələrlə, məktublarla, ailələrinə heç olmasa, bayramlarda yardımlarla, uşaqlarını təhsillə təmin edə bilmiriksə, bunun günahkarı hamımızıq, bizik! Nəyi gözləyirik? Bunu bizim yerimizə beynəlxalq aləm edir. Utanırıqmı heç? Utanmamalıyıq, təcili fəaliyyətə başlamalıyıq.

Kim əlindən nə gəlirsə, heç nəyi gözləmədən. Onların ailələri bizə əmanətdi. Bizim üçün mübarizə aparıblar. Bu məsələdən üzü ağ çıxacağımıza inanıram. İnanıram, biz o məhbusların özlərinə də, bizə buraxdıqları əmanətlərə də sahib çıxacıyıq.

Ana səhifəMənim FikrimcəOnlara verilən dəyər…