“Onlar hardan bilirdi ki, Nərmin itəcək, onun geyimini yadlarında saxlamışdılar?”

İlkin Süleymanov, Foto: Meydan TV

““Nərmin üçün susma!” qışqıran insanlar vardı, hanı onlar? O insanlar həm də günahsız İlkin üçün susmamalıdır”

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında itkin düşən, 47 gün sonra yandırılmış vəziyyətdə meyitinin tapıldığı bildirilən 10 yaşlı Nərmin Süleymanovanın qətlilə bağlı araşdırmalar Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edir. Fevralın 9-da hakim Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə prosesində mərhum Nərmin Quliyevanın əmisi oğlu, onunla eyni sinifdə oxumuş, hazırda 13 yaşı olan Ayxan Quliyev şahid kimi dindirilib. Çünki Nərmin Quliyeva sonuncu dəfə 2019-cu il noyabrın 19-da atasının gödəkçəsini gətirmək üçün Ayxan Quliyevgilə gedib və ondan sonra ondan xəbər çıxmayıb.

Ayxan Quliyev ifadəsində bildirib ki, Nərmingillə münasibətləri yaxşı olub, həftədə 1-2 dəfə bir-birinin evinə gedib-gəlib, birlikdə oynayıblar: “Məktəbdə o, məndən daha yaxşı oxuyurdu. Nərmin və Nahidə ilə dostluq edirdi”.

Hadisə günü barədə danışan Ayxan Quliyevin sözlərinə görə, həmin gün Gəncədə yaşayan əmisi oğlu Qorxmaz da onlarda qonaq olub. Çünki başqa bir əmisi qızının toyuna gedəcəkdilər:

“Nərmin gələndə Qorxmazla mən oyaq idik, telefonda oyun oynayırdıq. Nənəmlə atam isə yatmışdı. Anam və qardaşım evdə yox idi. Nərmin dedi ki, “sizin hamamda atamın kurtkası var, onu ver”. Mən də götürüb verdim. Qara rəngli, nazik dəri kurtka idi, dartanda soyulurdu. İçəri keçdim ki, “klyok” gətirim verim, çıxanda gördüm ki, gedib”.

Əmisi qızının cəmi 2-3 dəqiqə dayandığını deyən Ayxan Quliyev buna baxmayaraq, həmin gün Nərminin əynində olan bütün paltarları yadında saxladığını bildirib: “Qırmızı kurtka, papaq, cins şalvar, ağımtıl ayaqqabı…”

Vəkillər Ayxan Quliyevdən soruşublar ki, həmin gün öz ata-anasının, evlərində olan nənəsinin, qardaşının, əmisi oğlunun da nə geyindiyini xatırlayırmı? O, “yox” cavabını verib.

Ayxan Quliyev bildirib ki, əmisi qızının getdiyini görüb, onun arxasınca həyətdən çıxıb baxmayıb. Ona görə də küçədə hansı istiqamətdə getdiyini bilmir. Lakin başqa bir suala cavabında bildirib ki, nənəsinin otağındakı pəncərə küçəyə baxır. Nərmin onların qapısından çıxandan sonra həmin pəncərə istiqamətində getməyib.

Hakim Dadaş İmanov ondan soruşub ki, əmisi qızının kiməsə məktub yazması barədə eşitmişdimi? O, belə bir məlumatının olmadığını bildirib.

Dondar Quşçu kəndində Sevinc və Şəmsiyyə adlı iki məktəbli Nərminin əmisigildən çıxıb, onun ölümündə ittiham olunan İlkin Süleymanovgilin evi istiqamətində yox, əks tərəfə getməsinin şahidi olublar.

Ayxan Quliyev məhkəmədə dindirmə zamanı bu barədə də danışıb: “Onlar bizim yanımızda yaşayan Səlminaz müəllimənin yanına hazırlığa gedirlər. Ora gedəndə görüblər. Qonşumuz Çoban var, ona da deyiblər, bulağın yanında görüblər”.

Ayxan Quliyev istintaq zamanı dəfələrlə dindirilib. O bildirib ki, hətta məktəbdən, kənddəki toy məclisindən də aparıb dindiriblər.

Onun istintaqdakı ifadələrilə məhkəmədə dedikləri arasında ziddiyyətlər olub. Bu səbəbdən istintaqdakı ifadələr elan edilərək araşdırılacaq.

Əlibaba Rzayev, Foto: Meydan TV

İlkin Süleymanovun vəkili Əlibaba Rzayev Meydan TV-yə bildirib ki, istintaq materiallarına əsasən, Nərmin Quliyevanı sonuncu görən qohumu Ayxan olub:

“Biz də araşdırmaq istəyirik ki, əmisinin həyətinə girəndən sonra bu azyaşlı hansı taleyi yaşayıb. Təəssüf olsun ki, həqiqətlərin deyilməməsi bizə bu məsələdə çətinlik yaradır. Ayxan uşaq olsa da, həqiqəti demir. Sanki əvvəlcədən təlimatlandırılıb ki, belə danış. Mən sualı tamamlamamış cavab verirdi. İş materiallarında fərqli, ziddiyyətli məsələlər çoxdur. Mən hələlik onlara toxunmaq istəmirəm”.

İlkin Süleymanovun əmisi oğlu Tariyel Süleymanov azyaşlı şahidin Nərminin hadisə günü əynində olanları dəqiqliklə xatırlamasına diqqət çəkib. Onun sözlərinə görə, Ayxanın bütün günü onunla birlikdə olmuş valideynlərinin, qardaşının, nənəsinin geyimini xatırlamadığı halda, 2-3 dəqiqə gördüyü Nərminin geyimini dəqiqliklə yadda saxlaması şübhəlidir:

“Əmisi oğlu Qorxmaz da eynilə belə demişdi. Nərminin nə geyindiyi tam yadındadır, başqalarınınkı yox. Bu, necə ola bilər? Bunlar hardan bilirdilər ki, Nərmin itəcək, ona görə yadlarında saxlayıblar? Onlar yanan meyitin üstündə olan geyimlərə uyğun ifadə verirlər. Çox təəssüf ki, biz valideynlərdə cinayətin üstünün açılması meylini yox, əksini müşahidə edirik. Bu cinayəti bağlamaq üçün qəsdən İlkini şərləyirlər”.

“Hakim də bunları görür. Çox ümid edirik ki, düzgün qiymətləndirəcək. Heç kim üçün vəzifə əbədi deyil. Hər kəsi aldada bilərlər, amma Allahı aldada bilməzlər və onun cəzasından heç kim xilas ola bilməyəcək. Yazıq deyilmi İlkin? Onun kimi vicdanlı, əxlaqlı, qanunpərəst birini belə bir cinayətdə ittiham eləmək insanlığa sığmır. “Nərmin üçün susma!” qışqıran insanlar vardı, hanı onlar? O insanlar həm də günahsız İlkin üçün susmamalıdır”, – Tariyel Süleymanov vurğulayıb.

Tariyel Süleymanov, Foto: Meydan TV

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Ana səhifəBölgə“Onlar hardan bilirdi ki, Nərmin itəcək, onun geyimini yadlarında saxlamışdılar?”