“Omikron”a qarşı yeni vaksin hazırlanır

Omicron, Foto: G.Tbov/Shutterstock

Peyvəndi “Pfizer” almaniyalı tərəfdaşı BioNTech-lə birgə hazılayacaq

“Pfizer” almaniyalı tərəfdaşı BioNTech-lə bərabər koronavirusun yeni ştamı olan “Omikron”a qarşı yeni peyvənd hazırlayır.

Bu vaksinin martda hazır olacağı bildirilir.

Açıqlamanı “Pfizer”in baş direktoru Albert Burla verib.

O bildirib ki, “omikron” peyvəndi martda tam hazır olacaq və şirkət artıq dozalar istehsal etməyə başlayıb:

“Məqsəd peyvəndi “Omikron”a qarşı effektli hala gətirməkdir. Həmin peyvəndin bir doza formasında vurulması planlanır və əvvəlki ştammlara qarşı da qoruma təmin edəcək”.

Albert Burla əlavə edib ki, bu işdə tək istədikləri infeksiyalardan daha yaxşı qoruyan bir vaksin ortaya çıxarmaqdır:

“İstəyirik ki, həmin vaksin sayəsində xəstəxanaya yatırılmalar azalsın, xəstəlik yüngül halda ötürülsün”.

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin araşdırmasına görə, Pfizer və Moderna vaksinləri ikinci dozadan 20 həftə sonra “omikron”a qarşı sadəcə 10 faiz təsirli olur.

Bununla belə, qənaət o yöndədir ki, orijinal iki doza ağır xəstələnmələrdən qorunmanı təmin edir.

Tədqiqata görə, gücləndirici, üçüncü doza peyvənd infeksiyanın qarşısını almaqda 75 faizə qədər effektivdir.

Ağ Evin baş tibbi müşaviri Dr. Anthony Fauci dekabr ayında demişdi ki, xüsusi olaraq “Omikron”u hədəf alan gücləndirici dozaya ehtiyac yoxdur.

O bildirirdi ki, mövcud buster dozalar yeni ştama qarşı yaxşı işləyir.

Foto: Phil Pasquini/Shutterstock

Moderna CEO-su Stefan Bansel isə yanvarın 10-da CNBC-yə bildirib ki, şirkət bu payız üçün omikronu hədəfləyən gücləndirici üzərində işləyir və tezliklə həmin peyvənd klinik sınaqlara girəcək.

Bansel virusa qarşı müntəzəm peyvənd hazırladıqları üçün hökumətlərdən gələn tələbin yüksək olduğunu söyləyib.

Burla dördüncü dozanın lazım olub-olmamasının dəqiq bəlli olmadığını bildirib.

Onun sözlərinə görə, “Pfizer” başqa bir dozanın lazım olub-olmadığını müəyyən etmək üçün təcrübələr aparacaq.

İsrail Pfizer/BioNTech peyvəndinin dördüncü dozasını 60 yaşdan yuxarı insanlar, immun sistemi zəif olan insanlar və tibb işçiləri üçün istifadəyə verib.

İsrail hökuməti bildirir ki, peyvəndin dördüncü dozası vurulduqdan sonra həftədə beş dəfə virusa qarşı qoruyan antikorları artırır.

Azərbaycanda peyvəndləməyə 2021-ci il yanvarın 18-dən başlanıb.

Əsasən Çinin “Sinovac” şirkətinə məxsus peyvəndən və Almaniyanın “BioNTech” şirkətinə məxsus “Pfizer” peyvəndindən istifadə edilir.

Ən son açıqlanan rəsmi statistikaya görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 11 498 430-dur.
Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 184 066, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 695 363, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 619 001 təşkil edir.

Operativ Qərargahın açıqlamasına görə, son sutkada koronavirus əleyhinə vaksinasiya olunanların sayı isə 58 nəfərdir.

Ana səhifəSağlıq“Omikron”a qarşı yeni vaksin hazırlanır