Öldürülmüş şəhər – Füzuli

Cəmi 30 il əvvəl bura məktəbi, uşaq bağçası, xəstəxanası, yaşayış binaları, məscidi, restoranı olan bir şəhər olub.

Source: Specify Source
Öldürülmüş şəhər – Füzuli


İndi bu şəhəri xatırladacaq heç nə yoxdur

Ölmək, yox edilmək, yer üzündən silinmək… İllərlə ölümdən də yazdım, insan itkisinin yaxınlarına yaşatdığı acıdan da. Və heç zaman düşünmədim ki, ölən təkcə canlı varlıqlar deyil, sən demə, şəhərlər də ölürmüş…

İşğaldan azad olunmuş Füzuliyə gedəcəyimi eşidəndə təsəvvürümdə qarşılaşacağım mənzərə yox idi.


Haşiyə:

Hər şey jurnalistlərin işğaldan azad olunmuş şəhərlərə səfərinin təşkil olunmasını eşitməyimdən başladı. Öncə bir tanış vasitəsilə səfərə qatılmaq istədiyimi Prezident Administrasiyasına çatdırdım. Cavab çox ləngimədi: “Mümkün deyil, Meydan TV bizim siyasəti dəstəkləmir”.

“Meydan TV heç bir siyasəti dəstəkləmir”, – ismarıcım da havada qaldı. Yenə də son şansımdan yararlanmaq istədim, birbaşa Prezidentin köməkçisi Hikmət Hacıyevə mesaj yazdım, reportaj hazırlamaq istədiyimi diqqətə çatdırdım. Bu dəfə alındı və mən də Füzuliyə yola düşən jurnalistlərin sırasına qoşuldum

img_3675.jpg
Məhv edilmiş tank


Müharibənin izləri

Füzuliyə doğru uzanan yolda bizi DYP maşını müşayiət edirdi. Əraziyə çatdığımız söyləniləndə avtobusdan düşdük, daha kiçiktutumlu “Sprinter” modelli avtobuslarla yolumuzu davam etdirdik. Yollar torpaq və çala-çuxur olduğundan bizim avtobus orada hərəkət edə bilməzdi. Əyləşdiyim avtobusun içərisinə “İmişli” yazılmışdı, sürücü dedi ki, əslində İmişlidə şəhərdaxili marşrutda işləyir, amma sentyabrın 27-dən bu əraziyə əsgərləri daşıyır. Sonra da yolun sağ tərəfindəki məhv edilmiş maşın qalığını göstərib “baxın, burdan o yana işğaldan azad etdiyimiz ərazilərdir” dedi.

Göz gördükcə uzanan düzənliklərdə müharibənin izləri görünürdü. Yolboyu Ermənistan hərbi birləşmələrinə məxsus məhv edilmiş yük maşını, yanmış tank, mərmilərin əmələ gətirdiyi çuxurlar vardı. Bir də əsgər geyimləri, onlara aid çanta, bint, yataq kisəsi… Ara-sıra patron dolu darağa, silah qutularına da rast gəlinirdi. Kiçik qayalıqların hamısı oyulub yuva şəklini almışdı, Ermənistan hərbçilərinin oradan sığınacaq kimi istifadə etdiyi təxmin olunurdu.

İlk baxışdan aydın görünürdü ki, müharibəyə qədər Füzulidən yaşayış məntəqəsi kimi yox, yalnız hərbi məqsədlər üçün istifadə olunub. Çünki yollarda nə yaşayış məntəqəsinin adını göstərən lövhə, nə də içərisində yaşayış olduğunu andıran bir tikili vardı.

Bir də qurumuş çör-çöplərdən bəzi sahələrdə günəbaxan əkdiklərini müəyyən etmək olurdu. Hələ sovetlər dönəmində salınmış üzüm bağlarının dirəkləri də qalırdı.

img_3676.jpg
18 km-lik ərazini vura bilən raket qurğusu


Partlayan raket, əldə olunan qənimətlər…

Jurnalistləri öncə fosfor mərmisinin atıldığı əraziyə apardılar. Top mərmisi partlamamışdı, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) işçiləri onu məhv edəcək, biz də bu səhnəni kameramızın yaddaşına köçürəcəkdik. Ərazidən xeyli aralıda cəmləşdik, ANAMA-nın direktoru Qəzənfər Əhmədov 5-dən geriyə doğru saydı və mərmi məhv edildi, ağ duman havaya qalxdı. Müharibəni ancaq filmlərdə görənlər üçün bu səhnə sıradan, ağrısız bir görüntü ola bilərdi…

Jurnalistlər daha bir qurğu ilə tanış edildi. Qəzənfər Əhmədov dedi ki, Ermənistan silahlı birləşmələrinə məxsus, xəndəkdə saxlanılan bu qurğudan atılan raketlər 18 km-lik ərazini vururmuş.

Hərbi qənimətlər arasında tank, maşınlar da vardı. Ermənistan hərbi birləşmələrinə məxsus hərbi hissə isə bütünlüklə silah-sursatla dolu idi.

img_3672.jpg
Fosfor mərmisi


Füzuli xarabalıqları

Maşın karvanımız nəhayət, rayonun mərkəzinə doğru yola düşdü. Uçuq, sökük tikililər, kol-kos basmış ərazilər nə zamansa burada yaşayış olduğu gerçəkliyini şübhə altına alır. Yolboyu yalnız bir yerdə – uçmuş çəpərin arxasında bar gətirmiş xurma və əncir ağacı vardı. Bir də meyvəsi üzərində quruyub qalmış böyürtkən kolları…

Ermənistan silahlı birləşmələrinin qərargah kimi istifadə etdiyi güman edilən bir yarımtikilinin üzərində isə Azərbaycan bayrağı dalğalanırdı.

img_3673.jpg
Ərazidəki yeganə tikili


Məzarlıqlar yox edilmişdi, başdaşıları uçmuşdu

Ətrafı xarabalıqlarla dolu palçıqlı yolda dayandıq, “bura Füzulinin mərkəzidir” dedilər. Az qala hamı heyrətlə ətrafa baxır, rayon, şəhər dediyimiz bu yerdə həyat əlaməti axtarırdıq. Az sonra tanışlığımızda “New York Times” qəzetinin əməkdaşı Karlotta deyəcəkdi ki, “səndəmi gördüklərindən şoka düşdün?”

Gerçəkdən şokedici mənzərə idi. Bir anlıq mənə elə gəldi ki, bura minilliklər əvvəl var olmuş və indi qazıntılar zamanı aşkarlanan bir yaşayış məntəqəsidir. Halbuki Füzulinin işğalından 27 il keçir. Cəmi 30 il əvvəl bura məktəbi, uşaq bağçası, xəstəxanası, yaşayış binaları, məscidi, restoranı olan bir şəhər olub. İndi xarabalıqları qalmış bu yerlərdə o binalardan əsər-əlamət yoxdur.

Kimsə Çernobla bənzətdi buranı. Yox, bənzəmirdi, filmdən görmüşdüm, tərk edilmiş Çernoblda hələ də binalar, evlər, hətta parkdakı yelləncək belə qalırdı. Füzuli isə öldürülmüşdü, yox idi, xarabaya çevrilmiş daş yığıntısı əvvəlki görkəmini xatırlatmırdı. Bilmək olmurdu bu tikili ev idimi, ya hansısa inzibati binaydımı.

img_3678.jpg
Füzuli şəhərinin xarabalıqları

Hikmət Hacıyev xarabalıqlardan birinin qarşısında Azərbaycan və ingilis dilində Füzuli haqqında məlumat verdi, onun işğaldan azad olunmasından danışdı, ermənilərin etdiyini vandallıq adlandırdı. Sonra Füzuli Şəhər İcra Hakimiyyətinin başçısı Alı Alıyev köçkünlük həyatından, şəhərlərinin azad olunmasına sevindiklərindən söz açdı, ölkə başçısının ünvanına xoş sözlər dedi. Adını yadımda saxlamadığım iki rayon sakini də evinin qarşısında dayandığını, xarabalığa rəğmən onun geri qayıtmasına sevindiyini söylədi. Ara-sıra Qəzənfər Əhmədovun “yoldan kənara çıxmayın, təhlükəlidir, mina ola bilər” xəbərdarlığı eşidilirdi.

Mənsə ətrafa diqqət kəsilmişdim. Bu çiskinli payız günündə heç olmasa bir quş civiltisi duyacağıma ümid edirdim. Axı hətta qışda belə yem axtaran quşların səsini eşitmək mümkün olur. Yox idi, bu ölmüş şəhərdə bizdən başqa heç bir canlıya rast gəlinmirdi.

img_3670.jpg
ANAMA işçiləri fosforlu raketi məhv edərkən

Füzuli sentyabrın 27-dən başlamış müharibənin qurbanı deyildi. O, 27 il əvvəl işğal ediləndə öldürülmüşdü. Vaxtilə burada yaşamış insanları yurd-yuvasından didərgin salan Ermənistan hökuməti şəhəri özününküləşdirə bilməmişdi, sanki qisas alırmış kimi məhv etmişdi. Axı insan özününkü bildiyi yeri qoruyar, yaşadar, tikər, tanıdar…

Təbii ki, Füzuli yenidən salınacaq, yenidən şəhərə çevriləcək. İşğaldan azad olunmuş, geri qaytarılmış torpaqlar da. Amma Qarabağ problemi birdəfəlik çözüləcəkmi? Bax narahatlıq doğuran bu sualın cavabı hələ yoxdur…


P.S.

Yazını hazırlayarkən Ağdamın da geri qaytarıldığı xəbərini aldım. Xatirələrimin ardınca o torpağa getmək ümidilə…

img_3677.jpg
Məhv edilmiş texnika
img_3671.jpg
Azərbaycan ordusunun əldə etdiyi qənimət

img_3674.jpg
Fosfor raketi
img_3679.jpg
Fosfor raketi məhv edilərkən
Ana səhifəSiyasətÖldürülmüş şəhər – Füzuli