İlham İsmayıl: “Əgər Akif Çovdarov kimi qatı cinayətkar azadlıqdadırsa, bu adamlar ondan əvvəl azadlıqda olmalıydı”
Mayın 27-də imzalanan əfv sərəncamı siyahısına 2015-ci ildə ləğv olunan MTN-nin 4 zabiti daxil edilmişdi.
Cinayət Məcəlləsinin 18 maddəsi ilə ittiham olunaraq 12 il iş almış, Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin rəisi olmuş, general-mayor Teymur Quliyev, 10 il 6 ay iş almış, MTN-nin transmilli cinayətkarlığa qarşı mübarizə İdarəsinin əməkdaşları Natiq Alıyev, Zaur Məmmədov, həmçinin 11 il iş almış MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin işçisi, polkovnik Səlim Məmmədov da əfv edilənlər sırasındaydı.
Adları çəkilənlər 2015-ci ildə “MTN işi” üzrə həbs olunmuşdular. Son 20 ildə imzalanan əfv sərəncamlarında ağır maddələrlə cəzalananların bu sayda buraxıldığı ilk dəfə müşahidə edilir.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl əfvə düşən MTN zabitlərinin icraçı olduğunu vurğulayaraq deyib ki, onlara qarşı ittiham irəli sürənlər bu adamların Eldar Mahmudovun tapşırığını yerinə yetirdiyini bilirdilər:
“Eldar Mahmudov da kimin tapşırığını hansı məqsədlə yerinə yetirib, onu dəqiq bilmirəm. Ancaq Eldar Mahmudov həbs olunmur. Baxmayaraq ki, prokurorluq əfv olunanlara tapşırığın Eldar Mahmudovdan gəldiyindən məlumatlıydı. Görünür, daha yüksək instansiya var”.
İlham İsmayıl hesab edir ki, MTN işində birinci Eldar Mahmudov həbs olunmalıydı:
“Həmin zabitlər isə icraçı kimi az cəza almalıydılar, 10-12 il yox. Amma işi elə qurdular ki, guya, bu adamlar özbaşına iş görüblər. Halbuki, bu sistemdə özbaşına iş görmək olmur, hamısı yuxarıdan olan göstərişləri həyata keçirir”.
“Güman ki, bu adamlar həbs olunanda arxayınlaşdırıblar ki, narahat olmayın, əmlakınıza toxunulmayacaq, bir müddət sonra da buraxılacaqsınız. Yəqin ki, həmin razılığa görə susurlar, danışmırlar. Əgər Akif Çovdarov kimi qatı cinayətkar azadlıqdadırsa, bu adamlar ondan əvvəl azadlıqda olmalıydı”, – deyə İlham İsmayıl fikrini yekynlaşdırıb.
Politoloq Ərəstun Oruclunun qənaətincə, “MTN işi”nin istintaqı ilk günlərdən xeyli suallar yaratmışdı və bu gün də həmin suallar qalmaqdadır:
“Əvvəla, 20-dən çox zabiti həbs olunan nazirliyin başçısı Eldar Mahmudov və müavinləri Hilal Əsədov, Əli Şəfiyev niyə azadlıqda qaldı? Təəssüf ki, tədricən bu məsələ unuduldu. İkinci, bu gün də davam edən Mövlam Şıxəliyevin məhkəmə adlanan məzhəkəsi bu qrupun özünü çox güclü hiss etdiyini, himayə olunduğunu təsdiqləyir. Əks halda, Şıxəliyev məhkəmədə zərərçəkmişləri hədələyib söyməzdi, hətta hakim ona “müəllim” deyə müraciət edir, çox biabırçı bir prosesdir. Üçüncüsü, hələ bir müddət əvvəl koronavirus bəhanəsiylə MTN cinayətkar qrupunun əsas fiquru Akif Çovdarov və Sübahir Qurbanov əfv edildilər. Sadaladıqlarımdan doğan əsas sual odur ki, niyə MTN cinayətkarları cəzasız qaldı? Çünki onların törətdiklərinin müqabilində bunlar cəza deyildi”.
Ərəstun Oruclu hesab edir ki, MTN-çilərin dövlətə qarşı törətdiyi cinayətlər istintaqın predmeti olmadı:
“Məsələ ondadır ki, MTN-nin apardığı bir sıra işlərdə çoxsaylı qətllər olmuşdu, amma bunlarla bağlı ittiham irəli sürülmədi. 5 nəfərin qətli haqqında məlumat var, amma konkret olaraq, qondarma “Səid Dadaşbəyli işi”ndə bir nəfərin qətli üzə çıxdı. Təəssüf ki, bu məsələ nə istintaqda, nə də məhkəmədə açıldı”.
“MTN-çilərə belə yumşaq münasibətin səbəbi nədir” sualına gəlincə, Ərəstun Oruclu bildirib ki, bu qrupun əlində olan çoxlu ifşaedici materiallar onları qorumağa xidmət edir:
“Əslində, başlıca səbəb bu da deyil, odur ki, Eldar Mahmudov və onun dəstəsi siyasi hakimiyyətin çoxsaylı sifarişini yerinə yetirib. Çox güman ki, həmin sifarişləri yerinə yetirməklə yanaşı paralel şəkildə hakimiyyətə qarşı sübutlar da toplayıblar. 18 maddə ilə ittiham olunan Teymur Quliyevun həbsinin başlıca səbəbi yüzlərlə qanunsuz dinləmələr aparmasıydı. İstintaqda isə 3-5 dinləmədən söhbət gedirdi, bu dinləmələr, izləmələr arasında hakimiyyətin yüksək eşalonunda yer tutanların özləri və ailələri var idi”.
Ərəstun Oruclu düşünür ki, görünür, toplanmış bu materiallar hakimiyyəti onlarla anlaşmaya getməyə məcbur edib. Anlaşmanın şərtlərindən biri də o ola bilər ki, Çovdarov xaric Mahmudova və ən yaxın çevrəsinə toxunulmayacaq, qalanları müəyyən müddət həbsdə qalıb, sonradan azad ediləcək:
“Son vaxtlar da bu adamların məsuliyyətdən azad edilməsi sürətlənib. Adi bir misal, Hərbi-Əks Kəşfiyyat İdarəsinin rəisi Nizami Şirinovun fəaliyyəti nəticəsində Azərbaycan ordusunun dağıdılması mümkün olub. Konkret olaraq, xarici ölkələrin orduya yerləşdirdiyi casuslar Hərbi Dəniz Donanmasını bərbad vəziyyətə saldı, yaxud “Tərtər işi”ni elə həmin adamlar törətdi”.
Bəs siyasi hakimiyyət niyə tədbir görmür? Politoloqun fikrincə, buna dair bir neçə ehtimal var:
“Birinci, bu qrup ölkənin əsas qurumlarını o dərəcədə dərindən nəzarətə götürüb ki, siyasi hakimiyyət bunun qarşısında acizdir. Faktiki, bunlar şərtlərini diktə edirlər və nəticədə hakimiyyət onlarla anlaşmağa məcbur olur. Görünür, hakimiyyət ölkəyə nəzarəti itirib və gedişat cinayət çətələrin iradəsilə idarə olunur. İkinci, mümkündür ki, hakimiyyətin yuxarı pilləsində hansısa yerdəyişmələrin olacağı gözlənilir”.
Ərəstun Oruclu deyir ki, daxildə buna müqavimət də var, mübarizə getdikcə, kəskinləşir, ola bilsin, MTN-çilər bu yolla zərərsizləşdirilir, yaxud onların loyallığına nail olmaq üçün İlham Əliyev bu addımları atır. Bir növ atəşkəs əldə etmək istəyir:
“Bunlar yalnız ehtimaldır, amma heç biri istisna olunmur. Məsələ ondadır ki, MTN çətəsi təkcə üzdə görünən deyil, onlar yüzlərlə adama qarşı ifşaedici materiallar toplayıblar, agentura şəklində əməkdaşlığa cəlb ediblər, lakin sənədləşdirməyiblər. Faktiki paralel dövlət strukturları qurublar. Bir variant da odur ki, hakimiyyət daxildə çox ciddi təmizləmə işlərinə hazırlaşır, hansısa qrupları zərəsizləşdirmək istəyir. Ona görə keçmiş cinayətkar dəstələri bu yolla neytrallaşdırır ki, özünə qarşı olan düşmən dairəni genişləndirməsin”.
2015-ci il oktyabrın 17-də MTN-də keçirilən əməliyyat nəticəsində nazir Eldar Mahmudov vəzifəsindən azad olunub, nazirliyin 5 generalı (Akif Çovdarov, Natəvan Mürvətova, Sübahir Qurbanov, Teymur Quliyev və Elçin Quliyev) və daha 16 nəfər müxtəlif rütbəli əməkdaşı saxlanılıb. Onlardan yalnız Natəvan Mürvətova ev dustaqlığında olub. MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev isə həmin ilin dekabrında Bakı İstintaq Təcridxanasında intihar edib.
Əməliyyatdan 2 ay sonra Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalamaqla, faktiki olaraq, MTN-in qurum olaraq ləğvinə imza atmış oldu.