Əfv sərəncamı imzalandı: Azadlığa çıxanlar arasında siyasi fəallar da var

Ömürlük həbs cəzası alan biznesmen də əfv olunub

Mayın 27-də Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Bu sərəncamla 168 şəxs azadlığa buraxılmalı, 36 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmalıdır. Şərti olaraq məhkum edilmiş 4 nəfər, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər də cəzanın çəkilməmiş hissəsindən azad edilməlidirlər:

Sərəncamla azadlığa çıxacaq şəxslər arasında beynəlxalq təşkilatların syasi məhbus kimi tanıdığı Saleh Rüstəmli, AXCP fəalı Paşa Umudov da var. Həmçinin “Azel TV” saytının rəhbəri Əfqan Sadıqov, keçmiş Baş prokuror Zakir Qaralovla mübahisə etdiyinə görə ömürlük həbs aldığı bildirilən, 23 ildir məhbus olan biznesmen Şəmsi Səmədzadə, “Gəncə məhbusları” Kamal Məhərrəmov, Raul Süleymanov, Elman Quliyev, Şahlar Rzayev, Orxan Yağnəliyev, Toğrul Verdiyev, Vüqar Allahverdiyev, Tural Bayramov, Seymur Əliyev, Hacıyev Maarif, Ruslan Həsənov, Əli Rzayev, Yavər İsmayılzadə, Zabil Məmmədov, Elman Rüstəmov, Qənbər Qarazadə, Asif Cavadov da əfv olunanlar arasındadır.

Əfv sərəncamında adı olanların içərisində keçmiş MTN generalı Teymur Quliyev, MTN polkovniki Səlim Məmmədov və eyni iş üzrə həbs olunmuş Natiq Alıyev də var.

Bundan əvvəl Əfv sərəncamı ötən il martın 18-də imzalanmışdı. Həmin sərəncam ümumilikdə 625 nəfərə şamil edilib. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ana səhifəXəbərlərƏfv sərəncamı imzalandı: Azadlığa çıxanlar arasında siyasi fəallar da var