Oğuz sakini: Qan tökülsə, məsuliyyəti icra başçısı daşıyacaq

İcra başçısı ötən il məhkəməyə məktubunda isə fərqli cavab verib.

Source: Specify Source


Vətəndaş Ağdaş Rayon İcra Hakimiyyəti başçısından prezidentə şikayət edib

65 yaşlı Mirbala Yolçuyev özü Oğuzun Qarabulaq kəndinin sakini olsa da, Ağdaşın icra başçısından narazıdır. Deyir ki, Tofiq İbrahimov ona bir parça çörək qazanıb, ailəsini dolandırmağa imkan vermir.


“Dolanmağa imkan vermirlər”

Mirbala Yolçuyev 16 yaşından heyvandarlıqla məşğuldur, uzun illərdir Ağdaş ərazisindəki qış otlaq sahəsində sürü ilə xırdabuynuzlu heyvan saxlayır: “1971-ci ildən heyvandarlıqla dolanırıq. Bu illər ərzində qazancım yaratdığım təsərrüfat, bir də halal çörəyimdi. Buna da imkan versələr…”

Kənd sakini deyir ki, hazırda heyvan saxladığı örüş sahəsi kollektiv təsərrüfat dövründən qalıb. Kolxoz ləğv olunandan sonra 1996-cı ildə qardaşlarıyla birlikdə fermer təsərrüfatı yaradıb: “Püşkatma oldu, mənim püşkümə düşən ərazidə heyvandarlıqla məşğul olurduq. 2001-ci ildə Oğuz Rayon İcra Hakimiyyətinin sərəncamı ilə həmin ərazidən 200 hektar torpağı 15 illik icarəyə götürdüm. Bu müddətdə yenə işlədim, təsərrüfatımı böyütdüm. 2006-cı ildə Nazirlər Kabinetinin qərarıyla həmin torpağın sərəncamı Ağdaş Rayon İcra Hakimiyyətinə verildi”.

Fermerin sözlərinə görə, 2016-cı ildə icarə müddəti başa çatanda yeni müqavilə üçün Ağdaş Rayon İcra Hakimiyyətinə üz tutub. Etiraz etməyiblər, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə məktub göndərilib ki, həmin ərazini yenidən bu vətəndaşa vermək olarmı? Komitə əvvəlki sənədləri də araşdırıb, müsbət rəy verib: “2017-ci ildə sənədi alanda gördüm ki, uzun illərdir istifadə etdiyim yerlə indi mənə ayrılmış yer bir-birinə uyğun gəlmir. Mənim hərəkətlərimi məhdudlaşdırıblar. Qapının ağzından sərhəd qoyublar ki, burdan aşağı sənin ərazin deyil. Guya həmin ərazi qonşu Şəkili kəndinin bələdiyyəsinə aiddir. Mən təəccübləndim ki, bu necə ola bilər? Dərhal komitə ilə əlaqə saxladım, çağırdılar. Kadastr Mərkəzində Ramiz müəllimlə görüşdüm, mütəxəssisləri çağırdı, araşdırdı, gördü ki, məndə olan sənədlər başqadı, yeni sənədlə ayrılan ərazi başqa. Yəni yeni sənəd onların verdiyi rəyə uyğun işlənməyib. Qərar çıxarıldı ki, bu sənəd ləğv olunsun. Komitənin sədri Kərəm Həsənovun da qəbulunda olmuşdum. Göstəriş verdi, dedi ki, əməkdaşlar əraziyə ezam olunsun, yeni sənəd hazırlayıb gətirsinlər”.

image_from_ios (2).jpg
Ağdaş Rayon İcra Başçısının Şəki İnzibati-İqtisad Məhkəməsinin sədrinə müraciəti

M.Yolçuyev deyir ki, xeyli gözləyib, amma məsələ həllini tapmayıb. Bir neçə dəfə Ağdaşın icra başçısı Tofiq İbrahimovun qəbulunda olub. Onun sözlərinə görə, icra hakimiyyətində təklif ediblər ki, istifadəsində olan ərazinin bir hissəsini başqalarına versin. O da razılaşıb:

“Axırda gəlib dirəşdilər ki, qapımın ağzından sərhəd qoysunlar. Deyirəm, ay kişi, mənim heyvanlarım gündə azı bir dəfə də olsa, suya getməlidir”.


“Gəlib oğlumu, yeznəmi döyüblər”

Fermer problemin həlli üçün məhkəməyə üz tutub, icra başçısına qarşı iddia qaldırıb. İlyarımdır ki, bu iş Şəki İnzibati-İqtisadi Məhkəməsindədir, hələ yekun qərar çıxarılmayıb. Məhkəmə prosesi müvəqqəti dayandırılıb. Çünki 15 gün öncə hakim qərar çıxarıb ki, ekspertiza keçirilsin, mübahisəli ərazinin sxemi hazırlansın.

İcra başçısı 2018-ci ilin noyabrında və 2019-cu ilin noyabrında məhkəməyə məktublar göndərib. Bu məktubların hər ikisində eyni məsələdən söhbət getsə də, icra başçısı fərqli fikirlər yazıb. Məhkəmənin ekspertiza qərarında qoyulan suallardan biri də budur ki, icra başçısının hər iki məktubu və onlara əlavə olunan sxemlərin bir-birindən fərqi nədədir?

M.Yolçuyev bildirir ki, məhkəmənin nəticəsini gözləməyə icra başçısının səbri çatmır, qonşu kəndin sakinlərini ona qarşı qaldırır. Nəticədə əhali arasında gərginlik yaranır:

“10-15 gün olar ki, mənim ərazimlə həmsərhəd olan qonşu kəndi mənə qarşı ayağa qaldırıblar. Deyirlər, sən oğuzlusan, Ağdaşa aid torpaq səndə olmalı deyil. Bu, nə deməkdir?! Dörd dəfə qarşıdurma baş verib. Gəlib heyvanlarımı aparırlar, oğlumu, yeznəmi döyüblər. Bütün bunlar da polislərin gözü qarşısında baş verir, heç bir tədbir görmürlər. Çünki hamısı quraşdırılmış oyundur. Dörd halın hamısında Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng eləmişəm. Əlim hər yerdən üzüldü, dekabrın 27-də təcili Bakıya gəldim ki, mərkəzi icra orqanlarına rayondakı biabırçılığı çatdırım. Deyim ki, icra başçısı insanların problemini həll eləməkdən əhali arasında gərginlik yaradır. İqtisadiyyat Nazirliyinə getdim, Prezident Administrasiyasında oldum. Elə mən Bakıya gedəndə yolda xəbər verdilər ki, yenə bir qrup adam gəlib oğlumu döyüb, yaralayıb. Mən Bakıda şikayət edəndən sonra icra hakimiyyəti ilə əlaqə saxladılar. Bundan sonra nisbətən sakitlik yarandı”.

Fermer bütün bu baş verənlərə görə şəxsən icra başçısını ittiham edir. Deyir ki, əgər bu cür insidentlərin ağır nəticəsi olsa, buna görə məsuliyyət T.İbrahimovun üzərindədir. Ona görə də bəri başdan prezidentə üz tutub deyir:

“Cənab prezident, sizdən xahiş edirəm, sadə kənd adamlarına əlçatanlıq edin. Məmurlara başa salın, imkan versinlər, ailəmizi dolandıraq. Vəzifəli şəxslərin borcu odur ki, əhali arasında gərginlik yaratmasınlar. Amma özləri gərginlik yaradırlar. Mən qanunların tərəfindəyəm. Qan tökülsə, məsuliyyəti icra başçısı daşıyacaq”.

image_from_ios (1).jpg
Qış Otlaq sahəsinin Sxematik Planı


İcra başçısı nə deyir?

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov isə bildirir ki, Şəkili kəndinin sakinləri sözügedən ərazidəki torpaq sahələrindən istifadə etmək istəyir, buna görə etiraz edirlər. İcra başçısının sözlərinə görə, mübahisəli ərazinin şimal hissəsində 500 hektardan çox istifadəsiz qalmış dövlət fondu qış otlaq sahəsi var. Şəkili kəndinin əhalisi həmin sahədən torpaq istəyir. Bu məqsədlə də icra hakimiyyətinə dəfələrlə müraciət ediblər:

“İcra hakimiyyəti bu müraciətlərə müsbət yanaşır. Amma o torpaq sahəsinə giriş-çıxışın olmaması o ərazidən istifadəni məhdudlaşdırır. Üstəlik, uzun illərdir o ərazinin istifadəsiz qalmasına səbəb olub. Ona görə də dövlət fondu qış otlaq sahəsində yerləşən yataqdan (tikilidən) Qoşaqovaq kəndi istiqamətində 200 hektar sahənin Mirbala Yolçuyevə icarəyə verilməsini məqsədəuyğun sayırıq”.

İcra başçısı ötən il məhkəməyə məktubunda isə fərqli cavab verib. Yazıb: “Dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinə qədər uzanan 40 metr və sərhəddən sol tərəfə 300 metr enində dəhliz saxlanılmaqla, Mirbala Yolçuyevə 200 hektar torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab edirik”.

Ana səhifəBölgəOğuz sakini: Qan tökülsə, məsuliyyəti icra başçısı daşıyacaq