”Oğlumun cənazəsini qonşunun evindən götürdük” (VİDEO)


“Kür qaçqınları” hələ də evsizdir

2010-cu ildə Kür çayında baş verən daşqınlar çayın keçdiyi rayonların yaşayış məskənlərinin, kəndlərin, qəsəbələrin su altında qalması ilə nəticələndi. Daşqın Sabirabad, Salyan, Şirvan və digər rayonların sakinlərini su basmış evlərini tərk etmək məcburiyyətində qoydu. Beləcə Azərbaycanda “Kür qaçqınları” da yarandı.

Bu ilin mayında təbii fəlakətin baş verməsinin 6-cı ili tamam olacaq. Amma hələ də Azərbaycanda “Kür qaçqını” adını daşıyan vətəndaşlar var.


“Nasos qoyduq, quyu qazdıq, suyun qarşısını ala bilmədik”

Şirvan şəhərinin Umpamxor qəsəbəsində də Kürün öz evlərindən didərgin saldığı ailələr yaşayır.

Rəsmilər hər il onlara ev, mənzil vəd edir, rəsmi məktublar yazır, amma dediklərini həyata keçirməyə tələsmirlər.

Qəsəbənin ev 4 ünvanında yaşayan Bəkir Dünyamalı oğlu Şahbazov hazırda həyətindəki daxmaya sığınıb. 2010-cu ilin mayında onun həyətini də su basıb və evi yararsız hala salıb:

“Nasos qoyduq, quyu qazdıq, suyun qarşısını ala bilmədik. Su dizə qədər qalxmışdı. Biz nə edə bilərdik. Evlərimizi yararsız hala saldı. Ona görə də məcbur qalıb su çəkiləndən sonra həyətdəki bu daxmaya sığındıq. Mən bu daxmada 2010-cu ildə Kür çayı daşaraq evlərimizi yararsız hala salandan sonra yaşamışam. İcradan, Fövqəladə Hallar Nazirliyindən gəldilər, baxıb dedilər ki, darıxmayın, sizə ev tikiləcək. Sonradan da gəlib qəsəbədə 3 ev tikib, işlərini bitmiş hesab etdilər. Nə qədər məktub yazarlar? Cavab verirlər ki, eviniz Kür-Araz çaylarının daşqını zamanı yararsız hala düşüb, Şirvan şəhərində 20 mənzilli bina tikiləcək, sizə ev veriləcək. Artıq 6-cı ildir ki, bizi aldadırlar. Məcbur olub həyətdəki bu daxmaya sığınmışıq”.

Bəkir Şahbazov deyir ki, ötən ay cavan oğlu rəhmətə gedib, onun evində yası yola verməyə şərait olmadığından məclis qonşunun evində qurulub:

“Biz oğlumun cənazəsini qonşuların evindən götürməyə məcbur olduq. Hara yazırıq, məktubumuz qayıdıb üzərimizə gəlir. Ümidimiz yalnız prezidentimizədir, bəlkə bizi də nəzərə alar”.


“Biz nə qədər gözləyək?”

Bəkir Şahbazovun sözlərinə görə, Kür daşqınından sonra ailəsi pərən-pərən düşüb: “Böyük oğlum 2 uşaqla qalıb çöllərdə. 6 ildir ki, biz bu vəziyyətdə yaşayırıq. Belə zülm olmaz axı. Bir dəfə tiksinlər, balalarımızı yığıb başımıza oturaq. Mənə haralardan məktub gəlməyib ki, evi tikəcəyik, darıxmayın. 2013-cü ildə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov yenə də yazdı ki, gözləyin. Bu şəraitdə adam yaşamaz. Biz nə qədər gözləyək? Nəhayət ki, bizim səsimizi eşitsinlər, bu zülm bitsin”.

Bəkir Şahbazovun qonşuluğunda yaşayan Səfiyyə Zakir qızı Ağayevanın 6 nəfərdən ibarət ailəsi də yaşayış üçün yararsız mənzildə qalmağa məcburdur. Səfiyyə Ağayeva deyir ki, ötən 6 il ərzində şəraitsizlikdən müxtəlif xəstəliklər tapıblar:

“2010-cu ildə Kür daşdı, bizim qəsəbəni su basdı. Evlərimiz çox pis vəziyyətə düşdü. Prezidentdən xahiş edirik ki, bizim evlər tikilib verilsin. Bizim övladlarımız yazıqdır. Uşaqlarımız əsgər gedib-gəliblər. Evsizik deyə qalıblar girinc-giriftar. Daşqından sonra evlərimiz sökülüb dağıldı. Bura ev demək olmaz. Məcburuq başımızı bura soxub yaşayaq”.

Səfiyyə Ağayevanın sözlərinə görə, Prezident Adminstrasiyasına, Fövqəladə Hallar Nazirliyinə, Tikinti Agentliyinə, İcra Hakimiyyətinə getməkdən yorulublar:

“Bizə deyirlər ki, gedin gözləyin, büdcədə pul yoxdur. Pul indi yoxdur, 3-5 il əvvəl vardı axı! Belə yerdə vətəndaş yaşayar? İndi hansı zəmanədir? Evim çox pis vəziyyətdədir. Hara gedirəm şikayətimə baxan yoxdur. Deyirlər: “gözləyin”. Nə qədər gözləyək?”


“Problemdən xəbərdarıq”

“Kür” Vətəndaş Cəmiyyətinin məlumatına görə, 2010-cu ilin daşqınından sonra Kür çayı boyunca bəndin hər kilometrinin bərkidilməsinə 110 min manat büdcədən vəsait xərclənib. Ancaq görülən işlərin hesabatlılığı yoxdur. 2014-cü ilin məlumatına görəsə, daşqından sonra yararsız hala düşmüş evlərin təmirinə, sökülərək yenidən tikilməsinə büdcədən 460 milyon manat vəsait ayrılıb. Ancaq “Kür” Vətəndaş Cəmiyyəti hesab edir ki, ötən müddət ərzində görülən işlər ayrılan vəsaitə adekvat deyil. Kür daşqınları ilə bağlı 119 nəfərin şikayəti məhkəməyə qədər gedib çıxıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Kür daşqınlarından əziyyət çəkənlərə 3150-yə yaxın ev tikilib.

Şirvan şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirdilər ki, daşqınlardan əziyyət çəkən vətəndaşların problemləri haqqında məlumatlıdırlar və indiyədək problemin böyük hissəsi həllini tapıb:

“Bütün vətəndaşlara zərərin qarşılığı ödənilib, bundan sonra da problemin həlli istiqamətində işlər görüləcək”.

Ana səhifəVideo”Oğlumun cənazəsini qonşunun evindən götürdük” (VİDEO)