“Oğlumu öldürüb basdırıblar, ona görə tapılmır…”

Rufulla Əsədullayev və Məhəmməd Əsədullayev Foto: Meydan Tv

Rufulla Əsədullayev: “İntiharla bağlı istintaq aparmaq baş aldatmaqdır, oğlum özünü öldürməyib”

İlyarımdır  Xaçmaz sakini Məhəmməd Əsədullayevin nə ölüsündən xəbər var, nə də dirisindən. 73 yaşlı atası Rufulla Əsədullayev müxtəlif dövlət orqanlarına müraciət edib, oğlunun heç olmasa, meyitinin tapılıb ailəsinə təhvil verilməsini istəyir. Hələlik bu müraciətlər də nəticəsiz qalıb.

Oğlumun itməsindən gecə saat 1-də xəbər tutdum”

Rufulla Əsədullayev düşünür ki, oğlunun tapılması üçün hüquq-mühafizə orqanları yetərincə çalışmır. Əks halda, indiyə qədər ortada nəticə olardı.

1975-ci il təvəllüdlü Məhəmməd Əsədullayev 2020-ci il iyulun 17-də səhər saat 8 radələrində evindən çıxıb və o vaxtdan ondan xəbər yoxdur.

Ata deyir ki, Məhəmməd ailəsilə birlikdə elə Xaçmaz şəhərində, amma valideynlərindən ayrı yaşayırdı. Oğlunun itkin düşməsindən iyulun 18-nə keçən gecə xəbər tutub:

“Gecə saat 1 olardı, həyat yoldaşı bizə gəlib dedi ki, Məhəmməd səhər saat 8 radələrində evdən çıxıb, ondan xəbər yoxdur. Gecə saat 3 radələrində Daxili İşlər Nazirliyinin 102 xidmətinə xəbər verdim. Dərhal polislər gəlib izahat aldılar. Səhərə də bizi şöbəyə çağırdılar. Səhər Xaçmaz Rayon Polis Şöbəsinə getdik…”

Araşdırmalarımdan sonra bəlli oldu ki, bu iki nəfər polisin adamlarıdır”

Rufulla Əsədullayev gəlinindən öyrənib ki, oğlu həmin gün səhər toyuq alveri adıyla evdən çıxıb. Onun üstündə 700 manat da pul olub:

“İki nəfərlə gedib, onlarla toyuq-çolpa alıb-satacaqlarmış. Birinci dəfə polis şöbəsində olandan 15 gün sonra polislər zəng edib mənə dedilər ki, Xaçmazda rus qəbiristanlığına gəlin, burada axtarış aparırıq. İt də gətirdilər, axtarış apardılar, amma nə ölüsü tapıldı, nə də dirisi. Avqustun 20-də məni yenə polis şöbəsinə apardılar. Mənə orada oğlum itən gün getdiyi iki nəfəri göstərdilər. O iki nəfərdən biri o birinin üzünə dedi: “Sən mənə zəng elədin, mən də gəlib səni Məhəmmədlə birlikdə rus qəbiristanlığına apardım”. O, biri də həmin vaxt bunun üstünə qışqırdı. Bu söhbət  polis şöbəsinin rəis müavini Faiq İlyasovun yanında oldu. Sonradan məni evə göndərdilər, səhər də həmin adamları buraxdılar. Mənim araşdırmalarımdan sonra bəlli oldu ki, bu iki nəfər polisin adamlarıdır”.

“Nə qədər yerlərə yazmışam, xeyri yoxdur”

Rufulla Əsədullayev hesab edir ki, onun oğlunu öldürüb basdırıblar. Onun sözlərinə görə, əks halda, indiyə qədər ya sağ vəziyyətdə özü, ya da meyiti tapılardı: “Öldürüb harasa atmış olsaydılar, meyit iylənərdi, tapılardı. Ata kimi borcumdur ki, ölməmişdən əvvəl oğlumun meyitini də olsa, tapım. Üç övladı var, ən kiçiyi 11 yaşındadır. Nə qədər yerlərə yazmışam, xeyri yoxdur. Şikayətlərimi baxılması üçün Xaçmaz Rayon Prokurorluğuna göndərirlər”.

Prokurorluq nə deyir?

Xaçmaz Rayon Prokurorluğundan bildirilib ki, Məhəmməd Əsədullayevin 17 iyul 2020-ci ildə evdən çıxıb geri qayıtmaması faktı üzrə prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

“Müxtəlif əməliyyat-istintaq tədbirlərinin keçirilməsinə baxmayaraq, Məhəmməd Əsədullayevin olduğu yerin, yaxud öldüyü halda, meyitinin tapılması mümkün olmayıb. Məhəmməd Əsədullayevin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi məqsədilə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciətlər olunması üçün Baş Prokurorluğa məktub göndərilib”, – Xaçmaz rayon Prokurorluğunda bu işə baxan müstəntiq Fərrux Əzimli bildirib.

Rufulla Əsədullayev oğlu ilə bağlı Cinayət Məcəlləsinin 125-cu maddəsilə istintaq aparılmasından narazıdır:

“Bu, baş aldatmaqdır. Hamı bilir ki, mənim oğlum özünü öldürməyib. Görüntü yaradırlar ki, iş gedir…”

Baş Prokurorluğun prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini Fəqan Mahmudov bildirib ki, bu işlə bağlı istintaq zamanı zərurət yarandığına görə Baş Prokurorluq vasitəsilə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət olunub. Lakin müsbət nəticə əldə olunmayıb. Cinayət işi üzrə icraat 2020-ci il dekabrın 1-də dayandırılıb. 25 yanvar 2021-ci ildə cinayət işi üzrə icraat yenilənib, istintaq hazırda da davam edir.

Ana səhifəBölgə“Oğlumu öldürüb basdırıblar, ona görə tapılmır…”