O Şəhidlər kimin övladlarıdır?

…saxtakarlıqdır, ikiüzülükdür, artistlikdir…

Source:

Kim idi o əskərlər? Kimlərin uşaqları idi? Cavab aydındır: ölkənin ən kasıb ailələrinin övladları idilər. Bunu hamı bilir. Hamı bilir ki, ancaq ən kasıbların övladları cəbhə xəttinə göndərilir.

Hamı bilir ki, varlılar, məmurlar oğullarını hərbi xidmətdən saxlatdırır. Hərbi xidmətə gedənlərin hamısı kasıbların uşaqlarıdı. Amma burda da ayrı-seçkilik var. Kasıbın da az kasıbı, çox kasıbı var. Nisbətən az kasıblar borc-xərc tapır, adam tapır, oğullarını nisbətən rahat, nisbətən təhlükəsiz yerlərə saldırır. Cəbhə xəttinə gedib çıxanlar isə ən kasıbların, ən fağırların övladlarıdı. Onlar elə ailələrin övladlarıdı ki, o ailələrin heç nələri yoxdu. Heç kimləri yoxdu. Borc alacaqları, ərk edəcəkləri, xahiş edə biləcəkləri adamları yoxdu. Tək sözlə, heç kimləri, heç nələri yoxdu. Olsaydı, onlar da uşaqlarını güllə altına, təhlükənin qucağına atmazdılar. Gəlin səmimi olaq. Vətənpərvərlik, qəhrəmanlıq mahnılarını bir qırağa qoyub, etiraf edək: heç kim uşağını ölümə göndərmək istəmir. Heç kim öz xoşu ilə oğlunu cəbhə xəttinə göndərmir.

Vətənpərvərlik, vətəni qorumaq, qəhrəmanlıq, Qarabağ, «Vətən sağ olsun!»…Necə yəni, «Vətən sağ olsun!». Bəli, başa düşdük, Vətən müqəddəsdir, Vətəni qorumaq lazımdır, Vətəni qorumaq hamının borcudur. Amma hamının borcudur. Təkcə kasıb-kusub balalarının deyil. Vətən bu qədər müqəddəsdirsə, qoy bir dəfə də varlı balası, biznesmen balası, məmur, nazir balası həlak olsun. Hamı da inansın ki, bəli, Vətən hamı çünüdür, hamı üçün müqəddəsdir.

Vətən niyə həmişə kasıblar üçün, ən kasıblar üçün olmalıdır? Vətən niyə həmişə kasıbın olmalıdır? Hakimiyyətdəkilərin, deputatların, nazirlərin oğullarının Vətəni yoxdurmu? Vətən onlar üçün deyilmi? Niyə nazir oğulları ayı kababı yeyib, Havay adalarında, diskotekalarda kef edəndə, rəqqasələrin döşləri arasına pul basmalı, kasıbın, fağırın uşağı isə Vətən uğrunda ölməlidir?

Onsuz da tanrımı, ilahi qüvvəmi, kosmosmu, hər nədisə onları doğuluşdan dərd, qayğı, məhrumiyyətin içinə atıb. Kasıbçılıqla, yarıac-yarıtox böyüyüblər. Uşaq vaxtından əlləri işləməkdən qabar olub. Boyları çıxmayıb. Həyatın heç bir gözəl, şirin, işıqlı üzünü görməyiblər. Bütün bunlar azmış kimi, onlar nazirlərin, deputatların, məmurların oğullarının əvəzinə də Vətəni qorumalıdırlar? Onların da əvəzinə həlak olmalıdırlar?

Vətən niyə təkcə onlar üçün olmalıdır axı?!

Hanı, Vətənin neftinin milyardlarını mənimsəyənlər? Hanı Vətənin büdcəsinin kefini çəkənlər? Hanı Vətənin hesabına ayı kəsdirənlər, barlarda qızlara göbək atdıranlar, zırpı-zırpı maşınlar sürənlər, müğənni saxlayanlar, vətənin pullarını müğənnilərin, modellərin ayaqları altına səpənlər? Hardadılar onlar? Niyə cəbhə xəttində onlardan biri də yoxdu? Niyə onlardan heç biri, heç birinin yaxınları bu illər ərzində xidmət etmədi, yaralanmadı, zədələnmədi? Niyə yaralanan, zədələnən, ölən həmişə kasıbın, acın, fağırın uşağı olmalıdı?

Nazirin, məmurun, varlının, deputatın, biznesmenin balaları yaydı Türkiyədə, Avropada, Dubayda dincəlsin, bahalı maşın sürsün, kasıbın balası da Vətən uğrunda öləndə «Vətən sağ olsun!»?

Nə düşmüsünüz televiziyaların üstünə? Nə düşmüsünüz bu gün çal-çağır edən müğənnilərin üstünə? Bu nə ikiüzlülükdür? Kimdi o müğənniləri saxlayan? Kimdi o müğənniləri balasının toyuna çağıran? Kimdi o müğənnilərin yarım saatına beş min, on min ödəyən? Kimdi, hansı xalqdı?! Sizsiniz, özünüzsünüz! O müğənnilər sizin balalarınızın faciəsinə, matəminə laqeyd qalmağı, vecinə almamağı sizi niyə belə təəccübləndirir? Bəs necə olmalı idi?

Cəbhədə ölən, vurulan kasıb uşağı, kasıb oğlu kimdi ki, onlar üçün? Heç kim. Onların öz biznesləri var. Alverləri var. Sponsorları, proqramları, öz həyatları var. Siz onlardan nə umursunuz? Ürək yanğısı? Göz yaşları?

Sadə xalqı başa düşdük. Şəhid ailələrini başa düşdük. Onların belə gündə  televiziyaları, müğənniləri konsert verdiyinə görə tənqid etməyini, söyməyini başa düşmək olar. Amma MTRŞ sədrinin, millət vəkillərinin, bəzi ağzıgöyçəklərin, yalançı, saxta vətənpərvərlərin ordudan yayınıb, kef edən, milyonlar səpələyən məmur balalarını görməyərək, onlar barədə danışmayaraq, matəm günü konsert verən televiziyaları, müğənniləri tənqid etməyi, söyməyi saxtakarlıqdır, ikiüzülükdür, artistlikdir.


P.S. O əskərlərin ailələrinə pul ödənəcək. Bu pullar o ailələrə hakimiyyətin lütfü kimi təqdim olunacaq. Mətbuat hakimiyyətin bu səxavətindən yazacaq. Ailələr, şəhid ataları, anaları çıxıb hakimiyyətə dua edəcək.


Amma onlar bəlkə də bilmir ki, bu pul, prezidentin, ya da kiminsə lütfü, səxavəti deyil. Bilmirsinizsə, bilin: qanuna görə ordunun bütün zabit və əskərlərinin həyatı sığortalanır. Hərbi qulluqçu xidməti vəzifəsini yerinə yetirərkən həyatını itirərsə, bu sığorta haqqı onun ailəsinə ödənir. Bu pul övladlarınızın həyatının sığorta haqqıdır. Buna görə heç kimə borclu deyilsiniz.


P.S.S. Ukrainanın müdafiə naziri Valeri Qalatayın böyük oğlu Aleksandra bu gün hərbi xidmətə çağırış vərəqəsi gəlib. Bu barədə nazir öz tvitter hesabında yazıb. O həmçinin əlavə edib ki, oğlu hazırda Kievdə deyil, amma bütün işlərini təxirə salıb çağırış komissiyasına yollanacaq.

Ana səhifəMənim FikrimcəO Şəhidlər kimin övladlarıdır?