“O hadisələrdə dayım oğlunun bütün ailəsini güllələdilər”

Vaqif Xaçaturyan. Foto: Meydan TV

Vaqif Xaçaturyanın məhkəməsi şahid ifadələri ilə davam edir

1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qətliamda ittiham olunan Vaqif Xaçaturyanın Bakıda keçirilən məhkəməsində indiyədək təxminən 50 nəfər zərərçəkmiş qismində dindirilib. Zərərçəkmiş qismində tanınanlardan məhkəmədə dindirilməyən 8 nəfər qalıb. Onlardan da üçünün istintaqda verdiyi ifadələr oktyabrın 25-də keçirilən məhkəmədə elan edilib. Çünki məhkəməyə teleqram göndəriblər ki, müəyyən səbəblərdən gələ bilmirlər.

Vaqif Xaçaturyan haqqındakı cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimlər – Camal Ramazanovla Rafiq Abbasov araşdırır. Məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Oktyabrın 25-də keçirilən məhkəmə iclasında hakim Zeynal Ağayev teleqramları elan edib. Zərərçəkmişlərdən Firuzə Mehralıyeva göstərib ki, 90 yaşı var, yataq xəstəsidir, bu səbəbdən məhkəməyə gələ bilmir. Elnarə Babayeva bildirib ki, Qəbələdə yaşayır, iki azyaşlı uşağı var, ona görə gələ bilmir və s. Bundan sonra 3 zərərçəkmişin istintaqdakı ifadəsi elan edilib.

Məlum olub ki, Firuzə Mehralıyevanın ifadəsi 2005-ci ildə Ağsu rayon Prokurorluğunda alınıb. O deyib ki, uşaqlıqda Meşəli kəndinə köçüblər və həmin kənddə də ailə qurub yaşayıb. 1991-ci ilin dekabrında səhər saatlarında silahlı hücum baş verdiyini deyən Firuzə Mehralıyevanın sözlərinə görə, həyat yoldaşı da həmin hadisədə yaralanmışdı:

Evimizi güllə yağışına tutdular. Biz döşəmənin altında gizlənmişdik. Yoldaşım Mürsəl ayağından yaralanmışdı. Evimizdə iki polis də yaralandı. Birinin adı Elçin idi, o birininki yadımdan çıxıb. O hadisələrdə dayım oğlunun bütün ailəsini güllələdilər”.

O əlavə edib ki, Milli Qəhrəman Tofiq Hüseynovun dəstəsi onları xilas edib.

Zərərçəkmiş Elnarə Babayeva 2007-ci ildə verdiyi ifadəsində göstərib ki, Meşəli hadisələri baş verəndə onun 10 yaşı vardı. Onun sözlərinə görə, bu qətliamdan öncə də kəndə ara-sıra silahlı hücumlar olurdu deyə, sakinlər Meşəlini qorumağa çalışırdı. Amma bu hücum səhər tezdən qəfil olduğuna görə insanlar evdən çıxmağa imkan tapmayıb.

Elnarə Babayeva bildirib ki, hadisə günü nənəsigildə idi:

Vaqif Xaçaturyanın məhkəməsi. Foto: Meydan TV

“Ev yanırdı, çıxmaq istəyirdik, amma çöldən də güllə yağırdı. Üstümüzə yorğan-döşək örtmüşdük ki, güllə dəyməsin. Sonra bir yolla çıxıb qaçdıq. Mən qaçanda yolda üzü xallı kişi vardı. O, Mətləb dayını yanına çağırdı. Amma Mətləb getmədi. Ona görə onu vurdu. Ruba xala da bizimlə qaçmışdı. O dedi ki, onun da ərini öldürüblər. Əhməd kişinin oğlu İsmayılı başından vurdular. Meyiti mağazanın qarşısında qaldı. Sonradan eşitdim ki, hücum edənlər Badara kəndinin erməniləri idi, rus əsgərləri də onlara kömək edirdi”.

Elnarə Babayevanın sözlərinə görə, həm özü, həm də bibisi yaralanıb. Onu Ağdamda xəstəxanaya çatdırıblar.

Zərərçəkmiş Elmira Mehralıyevanın da istintaqdakı ifadəsi elan olunub. Onun sözlərinə görə, hadisə vaxtı yaralanıb və Ağdam rayonundakı xəstəxanaya çatdırılıb. O, 25 ildən çoxdur ki, əlil kimi təqaüd aldığını da ifadəsində göstərib.

Təqsirləndirilən Vaqif Xaçaturyan budəfəki məhkəmə iclasında da deyib ki, onun Meşəlidə insanların kütləvi şəkildə öldürülməsinə heç bir aidiyyəti yoxdur. Əvvəlki məhkəmə iclaslarında olduğu kimi, bu dəfə də bildirib ki, Meşəlidə baş verənlərdən sonradan xəbər tutub.

Məhkəmə prosesi noyabrın 1-də davam edəcək.

1955-cü il təvəllüdlü Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Vaqif Xaçaturyan hələ 2013-cü ilin noyabrından Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışa verilmişdi

Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

Ana səhifəSiyasət“O hadisələrdə dayım oğlunun bütün ailəsini güllələdilər”