Nügədililər: “Məscidimizdən hər gün bir daş qopub düşür”

Foto: Meydan TV

Kənd sakinləri məscidin baxımsız qaldığını, nazirliksə tikilinin bərpasının diqqətdə saxlandığını iddia edir

“Məscidimiz dağılır, daşlar qopub düşür. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Qəzalı bina kimi siyahıya alınsa da, heç bir iş görülmür”.

Qubanın Birinci Nügədi kənd sakinləri Meydan TV-yə danışırlar ki, kənddəki yeganə ibadət yeri olan məscid dağılıb, yox olmaq üzrədir.

Məscid XIX əsrin əvvəllərinə aiddir. Tikili çiy kərpicdəndir, minarəsə qırmızı kərpicdən inşa olunub. Minarənin üzərindəki yazılıya görə, məscidi Molla Zəki Solban oğlu tikdirib.

Sovet dövründə məsciddən kinoklub, idman zalı və anbar kimi istifadə olunub. Ətrafındakı hücrələrsə uşaq bağçasına verilib. Anbar kimi fəaliyyət göstərən vaxt məscidin taxta döşəmələri sökülüb, üzlük daşlarla əvəz edilib. Binanın dam örtüyü eroziyaya uğradığı üçün 1986-cı ildə dəyişdirilib, xarici fasadları yenilənib. Lakin içəri tərəfi təmir olunmayıb. Sovet hökuməti dağılandan sonra bina yenə məscid kimi istifadə olunmağa başlayıb. Ancaq hazırda məscid qəzalı vəziyyətdədir.

Foto: Meydan TV

Məscidin dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçərək fəaliyyət göstərir. Kənd sakinləri məscidin təmir olunmasını istəyir:

“Çöl divarları dağılıb, içərisi də bərbad vəziyyətdədir. Hazırda qapısı qıfıllıdır deyə, fotolarını çəkib göndərə bilmirik. Belə getsə, bir tarixi abidə yox olacaq”.

Məscidin imamı bərpa işləri üçün dəfələrlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Mədəniyyət Nazirliyinə müraciət edib. Nazirlikdən nümayəndələr gəlib, məscidin şəkillərini çəkiblər, smetasını da hazırlayıblar. Deyiblər ki, təmir olunacaq.

“Lakin illər keçsə də, qurumdan səs çıxmayıb. Kənd camaatı öz hesablarına təmir işlərinə təşəbbüs göstəriblər. Onlar eroziyaya uğramış taxta pəncərələri plastik pəncərə ilə əvəz ediblər”, – kənd sakinləri deyir.

Foto: Meydan TV

Qəzalı vəziyyətdə olmasına baxmayaraq, sakinlər məsciddən istifadə edirlər. Əsasən cümə günləri bura yığışır, ibadətlə məşğul olurlar.

Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Nuridə Allahyarova Meydan TV-yə bildirib ki, bu tikili Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına yerli əhəmiyyətli memarlıq abidəsi qismində daxil edilib:

“Tarixi abidənin bərpa olunmasına ehtiyac var. Yerli əhəmiyyətli memarlıq abidəsi olan bu məscidin bərpa olunaraq istifadə edilməsi məsələsi diqqətdə saxlanılır. Bu məqsədlə məscidin bərpa olunması üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib”.

Foto: Meydan TV

Nuridə Allahyarova deyib ki, tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Həmin məscidin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır. O bildirib ki, bu cür abidələrin təmir-bərpa və tikintisi üçün fərdi sahibkarlar, hüquqi şəxslər, vətəndaşlar da Dövlət Xidmətinə müraciət edə bilərlər:

“Müraciətlərə baxılacaq və mütəxəssislər tərəfindən nəzərə alınacaq və müvafiq layihələri hazırlandıqdan sonra uyğun şəkildə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə təmir-bərpa və tikintisi təmin oluna bilər”.

Ana səhifəBölgəNügədililər: “Məscidimizdən hər gün bir daş qopub düşür”